Bu gün Gəncə qiyamının başlamasından 22 il
keçir.
Məhz 1993-ci ilin yanvar-fevral aylarında Surət Hüseynovun
komandirlik etdiyi 2-ci ordu korpusu Ağdərə istiqamətində uğursuz
əməliyyatlar həyata keçirir və nəticədə bir çox ərazilər, texnika
ermənilərin əlinə keçir.
Belə bir anda S.Hüseynovun əmri ilə Ağdərədə müdafiədə dayanan
qüvvələr mövqelərindən çıxarılaraq arxaya qaytarılır. Nəticədə
Ağdərə-Kəlbəcər yolu ermənilər tərəfindən tutulur və Kəlbəcər
yarımmühasirəyə alınır. Bu hadisədən sonra Baş Prokurorluq Surət
Hüseynovun bir sıra komandirlərinə cinayət işi açır və onların
bəziləri həbs edilir.
Surət Hüseynovun vəzifələri əlindən alınır
1993-cü ilin 22 fevralında Əbülfəz Elçibəyin əmri ilə Surət
Hüseynov korpus komandirliyindən uzaqlaşdırılır. Bundan əvvəlsə o,
prezidentin Qarabağ məsələləri üzrə nümayəndəliyindən və baş
nazirin müavini vəzifəsindən çıxarılır.
Bir neçə gün sonra isə Prezident Əbülfəz Elçibəy Gəncədəki 709
saylı hərbi hissənin ləğvi haqqında sərəncam verir. Lakin bu
sərəncamı həmin hissəyə faktiki rəhbərlik edən Sürət Hüseynov icra
etməkdən imtina edir. O, Qarabağda komandanlığın ona verilməsini və
709 saylı hərbi hissənin bərpa edilməsini tələb edir. Sürət
Hüseynov əks təqdirdə ermənilərin Gəncəni tutacaqları barədə Bakını
inandıra bilir. Nəticədə Elçibəy Gəncəni itirməmək və S.Hüseynovu
neytrallaşdırmaq üçün bu barədə sərəncam imzalayır. Sürət
Hüseynovun yaxın adamlarından biri, Gəncənin hərbi polisinin keçmiş
rəisi Eldar Əliyev hissəyə komandir təyin olunur.
Surət Huseynov mərkəzi hakimiyyətə qarşı baş
qaldırır
Lakin bir ay keçməmiş Sürət Hüseynov prezidentə yazılı ultimatum
göndərərək onu tanımadığını bəyan edir.
Prezident mayın axırlarında 709 saylı hərbi hissənin
rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi
haqqında yeni bir sərəncam imzalayır. S.Hüseynov prezidentin bu
sərəncamına da məhəl qoymur və ora gələn hüquq mühafizə
orqanlarının rəhbər şəxslərinin girov götürülməsi barədə əmr
verir.
Hissənin komandiri E.Əliyev Gəncə qiyamı ilə bağlı istintaqa
verdiyi ifadədə öz hərəkətini belə əsaslandırır:
"Şəxsi heyətin əsas qismi Gəncədən olduğu üçün və Gəncənin
müdafiəsini təmin etmək məqsədi ilə Murov və Gülüstan ərazisində
vuruşmaq istədiklərini bildirərək əmrdən imtina etdilər".
Qiyam günü
1993-cü il iyunun 4-də bir neçə saat ərzində Gəncədə polis
postlarını ləğv edən silahlı qruplaşma İcra Hakimiyyətinin binasını
ələ keçirir və daha sonra tank, "Qrad" qurğusu, qumbaraatan,
pulemyot və avtomatla silahlanmış 200 nəfərlik dəstə MTN-in Gəncə
şöbəsinə hücum edir. Bina gülləbaran edilir və binadakıların
silahları təhvil verməsi, burada olan Baş prokuror İxtiyar Şirinov
və Milli Təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin
Əkbərovun onlarla hərbi hissəyə getməsi tələb olunur. Fəlakətin
qarşısını almaq üçün dövlət məmurları qiyamçıların qanunsuz
tələbilə razılaşırlar. MTN-in Operativ Tədbirlər Dəstəsinin
hərbçilərinin Gəncəni tərk eləməsi də razılaşmaya daxil edilir.
Həmin vaxt Sülhəddin Əkbərov hərbi hissəyə, İxtiyar Şirinov isə
qiyamçıların nəzarətinə keçən polis idarəsinə aparılır.
Həmin gün Bakıya qayıtmaq istəyən prezident qvardiyasının
komandiri və 18 əsgər avtobusdaca gülləbaran edilir.
Qiyamçılar artıq saat 16-17 radələrində şəhərin bütün hakimiyyət
və hüquq-mühafizə orqanlarını ələ keçirib, ora öz adamlarını rəhbər
təyin edirlər.
Əbülfəz Elçibəy Heydər Əliyevi Bakıya
çağırır
Prezident Əbülfəz Elçibəy qan tökülməsinin qarşısını almaq,
problemi danışıqlar yolu ilə həll etmək üçün iyunun 5-də Gəncə
ətrafında yerləşdirilən bütün hərbi birləşmələrin hərəkətinin
dayandırılması barədə əmr verir. Hərbi qiyam və vətəndaş
qarşıdurması ölkənin varlığına təhdid yaradır və Əbülfəz Elçibəy
vəziyyətdən yeganə çıxış yolu kimi Heydər Əliyevi Bakıya dəvət
etməkdə görür.
Milli Məclis iyunun 9-da qiyamçıların Gəncədə törətdikləri
cinayətlərə görə məsuliyyətdən azad olunmaları barədə qərar qəbul
edir. Gəncə hadisələrinin araşdırılması üçün deputat-istintaq
komissiyası yaradılır.
Lakin Surət Hüseynov və onun dəstəsi bu qərarla kifayətlənmir və
ağır zirehli texnika, raket qurğuları və çoxsaylı şəxslərdən ibarət
qiyamçılar Bakıya istiqamətləndirilir.
Surət Hüseynov istədiyinə nail olur
İyunun 13-də Gəncədəki hərbi qiyamı yatırtmaq üçün həyata
keçirilən uğursuz əməliyyata görə parlamentin sədri İsa Qəmbər
istefa verir.
Onun istefasını Surət Hüseynovun başçılıq etdiyi qiyamçılar
dəstəsi tələb edir. Prezident Elçibəy və digər hakimiyyət rəsmiləri
parlament sədri postunu Heydər Əliyevə təklif etsələr də, o, mövcud
vəziyyəti öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra
təklifə cavab verəcəyini bildirir. Heydər Əliyev bir qrup
jurnalistin müşayiəti ilə həmin gün Gəncəyə gedir.
Növbəti gün Heydər Əliyev parlamentin sədri seçilir. 2 gün sonra
isə Prezident Əbülfəz Elçibəy heç kimi xəbərdar etmədən Ordubadın
Kələki kəndinə gedir və hakimiyyətdən uzaqlaşır.
Heydər Əliyevə Gəncə hadisələrindən sonra ölkədə yaranmış
böhranı qismən aradan qaldırmaq, qiyamçı hərbi birləşmələri
neytrallaşdırmaq üçün iyunun 30-da Surət Hüseynovu baş nazir
postuna təyin edir.
Beləliklə də Azərbaycanda bir dövrün sonu, yeni bir dövrün
başlanğıcına start verilir.
Qısa müddətdən sonra isə Heydər Əliyev Azərbaycanın ən ağır
günündə ölkənin müstəqilliyini və varlığını təhlükəyə atan
şəxslərin hamısını siyasi-hərbi səhnədən silir...