ABŞ-da çıxan nüfuzlu "The Times of Israel" qəzetində
İsrail-Azərbaycan əməkdaşlığının tarixi və perspektivləri barədə
məqalə dərc olunub. Bu məqalə, həmçinin Azərbaycan-İsrail
əməkdaşlığına şübhə ilə yanaşan bəzi ermənipərəst amerikalı
ekspertlərə tutarlı cavabdır. AzərTac xəbər verir ki, məqalənin
müəllifi beynəlxalq münasibətlər sahəsində tanınmış İsrail
eksperti, "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət
təşkilatının rəhbəri Arye Qutdur.
Müəllifin fikrincə, Kristofer Atamyanın bu yaxınlarda ABŞ-ın
"Forward" nəşrində dərc olunmuş İsrail ilə Azərbaycanın strateji
alyansı haqqında məqaləsi belə bir faktı təsdiq edir ki, müəllifin
müasir beynəlxalq münasibətlərin real vəziyyəti, Azərbaycan ilə
yəhudi xalqlarının qarşılıqlı münasibətlərinin tarixi barədə, demək
olar, heç bir təsəvvürü yoxdur.
İsrailli ekspert yazır: "Avrasiya ərazisində heç bir ölkənin
İsrail ilə Azərbaycan Respublikası qədər sıx və səmimi
münasibətləri yoxdur. İki ölkənin münasibətləri qəribə təsir
bağışlayır, çünki Azərbaycan müsəlman əhalinin üstünlük təşkil
etdiyi ölkədir. Təəssüf ki, rəsmi Bakı indiyədək İsraildə rəsmi
nümayəndəliyini açmayıb. Bu sıx qarşılıqlı münasibətlər isə
azərbaycanlılar ilə bu ölkədə firavan yaşayan yəhudi icmasının
çoxdankı dostluğundan qaynaqlanır. Bir çox xalqlardan fərqli
olaraq, azərbaycanlılar heç vaxt yəhudiləri yadelli, yaxud əcnəbi
kimi qəbul etməyiblər. Əslən Azərbaycandan olan yəhudilər
Azərbaycan ilə İsrail arasında iqtisadi və hətta geosiyasi
əməkdaşlıq bağlarını möhkəmləndirmək üçün çox işlər görürlər".
A.Qutun fikrincə, yəhudi icmasının Azərbaycan dövlətçiliyinin
təşəkkülü və inkişafı tarixində mühüm rol oynadığını Azərbaycanın
hüdudlarından kənarda və dünyada nisbətən az adam, yaxud yəhudi
icması bilir. A.Qut yazır: "Məsələn, doktor Yevsey Gindes
Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri olub, yəhudi
fraksiyalarının nümayəndələri Cümhuriyyətin parlamentində təmsil
olunublar. Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud
olduğu 1918-1920-ci illər dövründə yəhudi icmasının "Kafkazski
yevreyskiy bülletün" jurnalı, "Palestina" qəzeti, habelə "Molodyoj
Siona" jurnalı nəşr olunurmuş. Bundan əlavə, yəhudilər sovet
hakimiyyəti illərində Azərbaycanın elmi-intellektual,
iqtisadi-siyasi həyatında mühüm rol oynayıblar. Bu gün Azərbaycan
Cənubi Qafqazın güclü və qüdrətli müstəqil dövlətidir. Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan heç bir dövlətdən asılı
olmayan çoxşaxəli müstəqil siyasət yeridir. İsrail və xalqı
Azərbaycana və Prezident İlham Əliyevə böyük ehtiram bəsləyir,
beynəlxalq aləmin mühüm, güclü və müstəqil aktoruna çevrilməkdə
olan Azərbaycan iqtisadiyyatının möhtəşəm inkişafı istiqamətində
ölkə rəhbərliyinin səylərini yüksək qiymətləndirir. Azərbaycan
sübuta yetirib ki, regionun şəksiz lider dövlətidir. Onun iştirakı
olmadan Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihəni
həyata keçirmək mümkün deyil".
Məqalə müəllifi vurğulayır ki, Azərbaycan-İsrail münasibətləri
müsbət strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail eksperti
yazır: "Azərbaycan-İsrail əməkdaşlığı və tərəfdaşlığı çiçəklənir,
ölkələr arasında ticarət dövriyyəsi təqribən 4 milyard dollar
təşkil edir. Əvvəllər bu dövriyyə neft və qaz sənayesində cəmləşsə
də, hazırda qarşılıqlı münasibətlərin inkişafı iqtisadiyyatın digər
sektorlarına şaxələnib. Qeyd edək ki, İsrail dünya bazarında
Azərbaycan neftinin əsas alıcılarından biridir. İsrailin Azərbaycan
ilə daha sıx əməkdaşlığa can atmasının digər səbəbləri də var.
Əvvələn, İsrail beynəlxalq birliyə ona dost münasibət bəsləyən
dünyəvi müsəlman ölkələrinə loyallığını göstərmək istəyir.
Azərbaycan energetika resurslarının etibarlı təchizatçısı kimi
mühüm rol oynayır, o cümlədən İsrailin istehlak etdiyi neftin 40
faizini təmin edir. Azərbaycanın isə kənd təsərrüfatında, hərbi
sənayedə, telekommunikasiyalar sahəsində İsrailin müasir yüksək
texnologiyalarına ehtiyacı var və bu siyahını davam etdirmək
olar".
İsrailin Ermənistanla münasibətlərinin yetərincə soyuq olması
daha bir mühüm faktdır. Rəsmi Təl-Əviv ardıcıl surətdə və daim
Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bildirir. Bütün bu amillər
göstərir ki, İsrailin və Azərbaycanın əməkdaşlıq və tərəfdaşlıq
üçün güclü iqtisadi və siyasi bazisi var və bu da daha bir mühüm
amil tərəfindən - Azərbaycanda yəhudi icması, İsraildə Azərbaycan
diasporu tərəfindən dəstəklənir.
Bu il dünyanın Osvensimin azad edilməsinin 70 illiyini qeyd
etdiyini xatırladan Arye Qut yazır: "Mən ailəsi Ukraynada nasistlər
tərəfindən məhv edilən sovet ordusunun zabiti Boris Stoyanovskinin
nəvəsiyəm. Bu il də məhz həmin gündə Bakıda Holokost qurbanlarının
Beynəlxalq xatirə gününə həsr olunmuş konfransda iştirak etmişəm.
Bu konfrans müsəlman əhalinin çoxluq təşkil etdiyi Azərbaycanda
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bakı Slavyan
Universitetinin dəstəyi ilə keçirilib. Konfransda azərbaycanlı
dostlarım və həmkarlarım faşist rejiminin 6 milyon yəhudinin başına
gətirdiyi dəhşətləri və onların soyqırımını pislədilər. Konfransda
daxilən duydum ki, azərbaycanlılar yəhudi xalqının ağrı-acısını öz
ağrı-acısı kimi qəbul edirlər. İsrail Dövlətinin vətəndaşı kimi
bilirəm ki, Azərbaycan (burada heç vaxt antisemitizm olmayıb)
rəhbərliyi multikulturalizmi və tolerantlığı ölkənin həyat tərzi
sayır. Azərbaycanda yəhudilər və müsəlmanlar həmişə qardaş kimi
dinc yanaşı yaşayıblar, onları ümumi tarix və tale bağlayır.
Kristofer Atamyan məqaləsində yaxşı erməni-yəhudi
münasibətlərindən yazır, lakin Ermənistanda göz qabağında olan
gerçək antisemitizm barədə susmağa üstünlük verir.
Arye Qut yazır: "Sovet İttifaqı dağılandan sonra Ermənistanda
yəhudilərin sayı xeyli azaldı, yəhudi xalqının irsi tükəndi.
Ermənistanda antisemitizm əhval-ruhiyyəsinin güclənməsi və indiyə
qədər davam edən iqtisadi tənəzzül yəhudiləri bu ölkədən çıxıb
getməyə məcbur etdi. Ermənistanda hələ də yəhudiləri ələ salırlar:
ölkədə antisemitizm mövzusunda kitablar nəşr olunur, televiziyada
antisemitizm ruhlu verilişlər hazırlanır, üstəlik, Yerevanda
Holokost qurbanlarının xatirə lövhəsi dəfələrlə təhqir olunub.
Xatırladaq ki, general Dro İkinci Dünya müharibəsi illərində
minlərlə yəhudinin məhvində şəxsən iştirak edib. Ermənistanın
azadlığı uğrunda mübarizə aparan bu "qəhrəman" ölkənin indiki qatı
antisemit və faşist rəhbərlərinə öz qəsbkar planlarına bəraət
qazandırmaq və böyüməkdə olan nəsli başqa xalqlara nifrət ruhunda
tərbiyə etmək üçün lazımdır. Bəs yəhudilərin məhvində iştirak etmiş
bu faşistin Ermənistanın tarix dərsliklərində qəhrəman kimi təqdim
olunması antisemitizmə və faşizmə bəraət qazandırmaq cəhdi
deyilmi?".
Kristofer Atamyan başa düşməlidir ki, tarix heç vaxt İkinci
Dünya müharibəsində Vermaxtın tərkibində Ermənistanın 20 minlik
legionunun qəddarlığını unutmayacaq. "Ermənistan legionunun məqsədi
millətçi sərkərdə Dro (minlərlə yəhudinin öldürülməsində şəxsən
iştirak edib) başda olmaqla talanların törədilməsi, yəhudilərin və
alman ordusunun digər "arzu edilməyən" şəxslərinin məhv edilməsi
olub. Bununla yanaşı, Ermənistan legionu həbs düşərgələrində ölüm
marşları təşkil edib. Mərhum tarixçi Rövşən Mustafayevin "Ölüm
tanqosu" kitabında erməni silahlı dəstələrinin yəhudi soyqırımında
iştirakına aid çoxsaylı faktlar göstərilir. Məsələn, həmin
"Dromedar" komandasının Qərbi Krımdakı əməliyyatı haqqında
hesabatda 17645 yəhudinin vermaxtın erməni qüvvələri tərəfindən
məhv edildiyi bildirilir. Bu gün Ermənistanda Dro və Njdeyə geniş
pərəstiş yaranıb. Onların şərəfinə xatirə sikkələri döyülür, bədii
və sənədli filmlər çəkilir, Ermənistan paytaxtında isə Qaregin
Njdenin adını daşıyan meydan var. Qeyd edək ki, pərəstiş hər hansı
kənar siyasi qruplaşmaların gücü ilə həyata keçirilmir, bunun
arxasında dövlət durur", – deyə müəllif bildirir.
Arye Qutun fikrincə, erməni general Dronun varisləri XX əsrin
sonunda Ermənistanın indiki prezidenti Serj Sarkisyanın və naziri
Seyran Ohanyanın simasında Azərbaycanın Xocalı şəhərində qanlı
kütləvi qırğın törədiblər. Serj Sarkisyanın belə bir ifadəsini
xatırlatmaq kifayətdir: "Xocalıyadək azərbaycanlılar elə bilirdilər
ki, biz mülki əhaliyə əl qaldırmarıq – bu stereotipi qıra bildik".
Bu, real şəkildə sübut edir ki, Serj Sarkisyan və onun Ermənistanda
hakimiyyət başında olan bütün dəstəsi Dronun və Njdenin həqiqi
davamçılarıdır. Xocalıda inanılmaz vəhşilik və zalımlıqla
törədilmiş qanlı soyqırımı aktı XX əsrin sonunun dəhşətli
faciələrindən biri olub. Bu kütləvi qırğının amansız səhnələri
Azərbaycanın qəlbində sağalmaz yara kimi həmişəlik qalacaq. Bu,
artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu
dəstələr şəhəri və ətraf yerləri tərk etməyə macal tapmamış heç bir
xocalılıya qətiyyən rəhm etməyiblər. Erməni silahlı dəstələrinin
vəhşiliyi nəticəsində 613 nəfər öldürülüb, 487 nəfər yaralanıb,
1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək
misli görünməmiş əzab-əziyyətlərə, təhqirlərə və həqarətlərə məruz
qalıb. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir.
Məqalə müəllifi qeyd edir ki, belə bir şəraitdə Ermənistanın
yəhudi əhalisinin əksəriyyətinin ya Ermənistandan qaçmasına, ya da
diqqət çəkməmək üçün ermənilərlə nikah bağlamasına təəccüblənmək
lazım deyil. Arye Qut yazır: "Təəssüf ki, Ermənistan hökuməti
ölkədə çiçəklənən antisemitizmi cilovlamaq üçün əslində heç bir
tədbir görmür. Nə qədər ki, Ermənistan məhdud millətçilik siyasəti
yeridəcək, öz iqtisadi və siyasi problemlərində başqalarını
təqsirləndirəcək, Ermənistanda qalan bir neçə yüz yəhudinin
əzabları davam edəcək".
Azərbaycan rəhbərliyinin ölkənin yəhudi icmasının ənənələrinə və
həyatına qayğıkeşliklə və mehribanlıqla yanaşdığını vurğulayan Arye
Qut İsrail vətəndaşı kimi qürurla qeyd edir: "Prezident və birinci
xanımın himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi
təhsil mərkəzi inşa edilib. Azərbaycanda ilk yəhudi muzeyinin
yaradılması planlaşdırılır. Bu, həm də Cənubi Qafqazda ilk yəhudi
muzeyi olacaq. Qırmızı Qəsəbə dünyada yəhudilərin sıx yaşadığı
yeganə və özünəməxsus bir yerdir. Bura Azərbaycanın əsl qürur
mənbəyidir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu dinc
yanaşı yaşayır, özlərini doğma qardaş kimi hiss edirlər. Onları
ümumi tale birləşdirir və təsadüfi deyil ki, erməni daşnakları
1918-1919-cu illərin faciəli hadisələri zamanı Azərbaycanın
şəhərlərində qanlı qırğın törətdikləri bir vaxtda azərbaycanlılarla
bərabər, 3 mindən çox yəhudi həlak olub".
Arye Qut qeyd edir ki, Prezident İlham Əliyev Azərbaycanda
yəhudilərin azadlığına və tolerantlığına göstərilən qayğıya görə
İsrail cəmiyyətində haqlı olaraq dərin hörmət qazanıb.
Müəllifin gəldiyi qənaət budur: "İsrail və Azərbaycan arasında
münasibətləri müsəlman azərbaycanlılar və Azərbaycan yəhudilərinin
sadəcə qarşılıqlı marağı ilə izah etmək olmaz. Ümumi dəyərlər və
ümumi tarix müasir münasibətlərə də öz təsirini göstərir. Hər iki
tərəf sıx insani əlaqələri və müxtəlif dini-tolerant cəmiyyətlərdə
yaşamaq qərarı ilə zənginləşir".