"Bakıda asayişin qorunması, yol hərəkətində
təhlükəsizliyin təmin olunması üçün bütün polis qüvvələri səfərbər
edilib və gücləndirilmiş iş saatı ilə xidmətlərini davam
edirlər".
Bunu Report-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət
Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov
deyib.
O qeyd edib ki, l Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar
polis paytaxtda bütün əraziləri tam nəzarətə götürüb və zəruri
tədbirlər həyata keçirilir: "Görülən tədbirlər Bakı şəhəri üzrə yol
nəqliyyat hadisələrinin sayının aşağı düşməsinə, ölüm sayının
azalmasına və xəsarət dərəcəsinin yüngülləşməsinə təsir
göstərib.
Yarışların keçirilməsi ilə əlaqədar DYP əməkdaşları zəruri
tədbirlər həyata keçirir. Belə ki, parklanma və digər qaydaların
pozulması, mövcud şəraitdən istifadə edib avtoxuliqanlıq
hərəkətlərinə cəhd göstərilməsi, sərxoş vəziyyətdə avtomobilin
idarə edilməsi, eləcə də polisin qanuni tələblərini yerinə
yetirməyən, "Oyunlar zolağı" ilə qanunsuz hərəkət edən sürücülərə
qarşı mübarizə tədbirləri davam etdirilir".
V.Əsədov bildirib ki, "Avropa Oyunlar zolağı" üzrə nəqliyyatın
sərbəst hərəkətinə mane olan və digər hərəkət iştirakçılarına qəza
şəraiti yaradan, insanlara açıqca hörmətsizlik ifadə edən
intizamsız sürücülərə qarşı mübarizənin daha effektli təşkil
edilməsi məqsədi ilə ictimai qınaq metodlarından istifadə olunacağı
barədə xəbərdarlıq edilib: "Bütün bu görülən işlərə baxmayaraq qəza
şəraiti və digər xətalar törədən sürücülərə rast gəlinir.
İntizamsızlığa meyilli olan sürücülər elə bilir ki, DYP
əməkdaşlarının diqqəti yalnız paytaxta keçirilən Oyunlarla bağlı
hərəkətin tənzimlənməsinə və tədbir iştirakçılarının
təhlükəsizliyinin təmin olunmasına yönəlib. Amma bu cür düşünənlər
yanılırlar. Çünkü Oyunlarla əlaqədar olaraq qaydaları pozan
sürücülərə qarşı bəzən yerindəcə inzibati protokolların tərtib
edilməsi mümkün olmasa da, müşahidə kameraları və yaxud
monitorların qeydə aldığı foto və video materiallar əsasında cəza
tədbirləri həyata keçirilir. İndiyədək təkcə I Avropa Oyunları
zolağına daxil olaraq hərəkət edən 1800-dən artıq sürücü
məsuliyyətə cəlb edilib".
Şöbə rəisi deyib ki, Bakı Şəhər BPİ DYPİ l Avropa Oyunları ilə
bağlı vətəndaşlara müraciət edib: "Dünyanın diqqəti Bakıdadır deyə
vətandaşlarımıza davranış qaydalarına, sanitar tələblərə əməl
etməyi, yol hərəkəti və informasiya təhlükəsizliyinin təmin
olunmasında üzərlərinə düşənləri yerinə yetirməyi, vətəndaş
sayıqlığının və səmimiyyətinin artırılmasını, həmçinin ictimai
nəzarətin gücləndirilməsini tövsiyə edirik.
Sürücüləri və digər yol hərəkət iştirakçılarını intizamlı
olmağa, xəta törətməklə təhlükə yaratmamağa, paytaxtda çoxsaylı
xarici qonaqların olduğu bir dövrdə cəmiyyətə qarşı hörmətsiz
yanaşmamağa çağırırıq".
V.Əsədovun sözlərinə görə, belə çağırışlara məhəl qoymayan,
ictimai qaydaları və əhalinin dincliyini nümayişkarcasına pozan
sürücülərə qarşı qanunun tələblərinə uyğun ciddi şəkildə tədbirlər
görüləcək: "Həmin şəxslərin kimliyi və törətdikləri əməllər barədə
ictimaiyyətə məlumat veriləcək".