Azərbaycan terrorla mübarizəyə hazır
olmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar
Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Ekspertin sözlərinə görə,
qonşu Türkiyədə baş verən hadisələr Azərbaycan üçün də ciddi
siqnaldır:
"Türkiyə terrorla mübarizəni gücləndirib. Çoxlarının gözləmədiyi
halda Ankara eyni zamanda həm İŞİD, həm də PKK-ya qarşı zərbələr
endirir. Son vaxtlara qədər Ankara İŞİD-lə üz-üzə gəlməməyə
çalışırdı. İŞİD-in özü İraq və Suriyada müharibə aparsa və Qərb
ölkələrinin vətəndaşlarını hədəf alsa da, son vaxta qədər Türkiyə
ərazisində terror həyata keçirmidi. Ancaq İŞİD üzvünün Türkiyənin
Şanlı Urfa şəhərində həyata keçirdiyi terror aksiyası Ankaranı
hərəkətə keçməyə məcbur etdi. Əslində, İŞİD Şanlı Urfada radikal
kürdələrə dəstək verən qrupa qarşı terror aksiyası keçirmişdi.
Ancaq ölənlər Türkiyə vətəndaşları olduğundan Ankaranın İŞİD-ə
qarşı siyasətini sərtləşdirməkdən başqa alternativi qalmadı".
Mütəxəssisin sözlərinə görə, PKK ilə İŞİD arasında heç bir fərq
qoymayan rəsmi Ankara Qərbdən dəstək alıb:
"Türkiyə ordusu eyni zamanda PKK mövqelərini də bombalayır.
Çünki PKK terrorçuları da bir neçə Türkiyə zabit və əsgərini qətlə
yetiriblər. Ankaranın iki cəbhədə savaşmasının önəmli səbəblər
var:
Birincisi, Ankara həm Türkiyə, həm də dünya ictimaiyyətinə
göstərir ki, onun üçün İŞİD-lə PKK arasında fərq yoxdur. Hər ikisi
terror təşkilatıdır. Ona görə də Ankara yalnız İŞİD-in mövqelərini
bombalaya bilməzdi. Bu halda Türkiyə ictimaiyyəti düşünəcəkdi ki,
Ankara PKK-nı terrorçu siyahıdan çıxarıb. Bu da Türkiyədəki
millətçi türklər arasında narazılıq yaradacaqdı və hakim Ədalət və
İnkişaf Partiyasının reytinqi azalacaqdı. Buna görə də Ankara
İŞİD-lə eyni zamanda PKK mövqelərini də bombalayır.
İkincisi, Ankara Qərbə mesaj göndərir ki, ABŞ və Avropa Birliyi
ölkələri Türkiyənin PKK-ya qarşı hücum planını müdafiə etsin.
Vaşiqnton Türkiyənin bu hüququnu tanıyıb. Çünki bunun qarşıslığında
ABŞ Türkiyənin Adanadakı hərbi bazasından İŞİD-ə qarşı istifadə
etmək hüququ qazanıb. Əvvəllər Ankara ABŞ-a Adanadakı İncirlik
hərbi bazasından İŞİD-ə hava zərbələri endirməyə icazə vermirdi.
İndi isə bu icazə var. ABŞ-dan fərqli olaraq Avropa Birliyinin bəzi
ölkələri Türkiyənin İŞİD-lə yanaşı PKK-ya qarşı hücumlarına
ehtiyatla yanaşır, bu məsələdə Ankaraya dəstək vermirlər. Ancaq
pisləmirlər də. Bunun özü Ankara üçün yetərlidir. Çünki əvvəllər
Avropa ölkələri Ankaranı PKK ilə dialoqa və anlaşmaya
çağırırdı.
Üçüncüsü, Türkiyə Prezident Rəcəb Təyyub Ərdoğanın PKK-ya qarşı
hava zərbələrini intensivləşdirməkdə daxili siyasi məqsədi də var.
Ərdoğan bu yolla PKK-nın siyasi qanadı olan və Türkiyə
parlamentində 80 deputatla təmsil olunan Xalqların Demokratik
Partiyasını zəiflətmək istəyir. Bu partiya parlament seçkilərində
13 faiz səs toplamaqla Ədalət və İnkişaf Partiyasının təkbaşına
hökumət qurmasına mane olub. Gələcəkdə koalisiya hökuməti qurula
bilməsə, Ərdoğan təkrar parlament seçkiləri təyin edəcək. Bu dəfə
isə Ərdoğan çalışacaq ki, Xalqların Demokratik Partiyası 10 faizlik
həddi aşmasın. Bu halda Ədalət və İnkişaf Partiyası təkbaşına
hökumət qura biləcək və Ərdoğan prezidentin səlahiyyətlərini
artıran Konstitusiya dəyişikliklərini reallaşdıra biləcək.
Xalqların Demokratik Partiyasının rəhbərliyi PKK terroruna qarşı
açıqlama vermir, türk əsgər və zabitlərinin qətllərini pisləmir. Bu
da Türkiyə ictimaiyyətinin narazılığına səbəb olur və HDP-nin
reytinqi aşağı düşür. Bu faktor Ərdoğan üçün münasibdir.
PKK Türkiyə daxilində fəallaşıb. Terror aksiyalarının sayı
artıb. Belə görünür ki, Ərdoğan PKK ilə qeyri-rəsmi danışıqları
dayandırıb və terrorçuları zəiflətməyənə qədər onlarla danışıqları
bərpa etməyəcək. Bu mərhələ Türkiyə üçün gərgin keçəcək".
E.Şahinoğlu bildirib ki, Azərbaycanda PKK və İŞİD-ə simpatiyası
olanlar var. Bu faktor Azərbaycan hakimiyyətini və ictimaiyyətini
narahat etməlidir:
"Türkiyədə gərginləşən vəziyyət Azərbaycan üçün də ciddi
siqnaldır. Çünki Azərbaycanda həm İŞİD-ə, həm də PKK-ya simpatiyası
olanlar var. Məsələn, 30 milyonluq İstanbulda İŞİD-in təmsilçisi
Azərbaycan vətəndaşı Abdulla Abdullayev idi. Türkiyə polisi onu
həbs edib. Abdulla Abdullayev Azərbaycan və Türkiyə vətəndaşlarını
gizli yollarla Suriya və İraqa göndərirdi. İŞİD sıralarında vuruşan
azərbaycanıların terror təcrübəsi getdikcə artır. Onlar İŞİD-in
bölmələrinə rəhbərlik edirlər. Bu faktor Azərbaycan hakimiyyətini
və ictimaiyyətini narahat etməlidir. İŞİD fəaliyyət imkanlarını
getdikcə genişləndirir və onlar Qərbin bölgədəki iqtisadi və enerji
maraqlarını da hədəf ala bilərlər. Qərbin bölgədəki enerji
maraqlarından biri də Azərbaycandır.
Azərbaycandan PKK sıralarına qoşulanlar da var. Məsələn, Türkiyə
universitetlərində oxuyan 3 azərbaycanlı tələbə təhsillərini ataraq
dağlara gedib PKK-ya qoşulublar. İndi onlar PKK rəhbərlərinin
terrorla bağlı tapşırıqlarını yerinə yetirirlər. PKK Türkiyə
üzərindən Azərbaycan sərhədinə də xeyli yaxınlaşıb. Bir müddət öncə
PKK terrorçuları Azərbaycanın Naxçıvan bölgəsinə yaxın sərhəd
məntəqəsində yük maşınını partlatmışdılar. PKK-çıların Naxçıvana
keçməsi ehtimalı az deyil.
Azərbaycan rəsmiləri Ankaranın İŞİD və PKK-ya qarşı hava
zərbələrinə dəstək verən açıqlamalar veriblər. Bu, doğru
siyasətdir. Çünki Türkiyə Azərbaycanın strateji müttəfiqidir və
Ankara Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonları işğal
etməsini pisləyir, bu məsələdə rəsmi Bakıya dəstək verir.
Azərbaycan hakimiyyəti eyni zamanda İŞİD və PKK-nın Türkiyəyə
qarşı terror aksiyalarını ciddi nəticələr çıxarmalıdır. Belə bir
zamanda Bakı Vaşinqtonla münasibətlərdə gərginliyə yol
verilməməlidir. Rəsmi Ankaranın da uzun müddət Vaşinqtonla
münasibətlərində soyuqluq var idi. Ancaq elə ki, İŞİD və PKK
terrorçuları Türkiyəyə qarşı fəallaşdılar, Ankara Vaşinqtondan
dəstək istədi. Belə bir dəstəyə Azərbaycanın da ehtiyacı ola bilər.
Digər tərəfdən, İŞİD və PKK sıralarında azərbaycanıların sayının
artdığını nəzərə alaraq Azərbaycanla Türkiyənin kəşfiyyat
orqanlarının əməkdaşlıqlarını genişləndirməsi də zəruridir".