Yuxarı

Qaraheybət faciəsi: Bu suallar cavabsız qaldı... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün saat 10:36-da Xızı rayonunda yerləşən Qaraheybət poliqonunda qəzaya uğrayan Mi-17 helikopteri ətrafında gedən müzakirələrə qəribə reaksiyalar verilməkdədir: ehtimallarını ehtiyatla səsləndirən ekspertlərdən tutmuş millət vəkillərinə qədər hər kəs sosial şəbəkələrdə yayılan versiyalara kəskin reaksiya verir, bəzi hallarda isə faciə ilə bağlı səsləndirilən mülahizələri təxribat da adlandırırlar. Əhalini təxribatdan çəkinməyə səsləyən çağırışlar baş alıb gedir, əsası olmayan ehtimalları yayanlar hətta “vətən xaini” də elan edilir.

Bu, birbaşa informasiya təhlükəsizliyi ilə bağlı məsələdir və ona görə mütləq reaksiya verilməlidir.

Artıq bildiyimiz kimi, faciəvi qəza 30 noyabr saat 10:36-da baş verib, ancaq olayla bağlı ilk rəsmi xəbər 12:15 radələrində yayılıb, yəni təxminən 1,5 saat sonra.

Əvvəla, rəsmi xəbər yayılana qədər artıq sosial şəbəkələrdə qəza haqda məlumatlar tirajlanırdı. Ənənəvi olaraq rəsmi məlumat gecikdi, bu isə əlbəttə ki, qəza ilə bağlı məlumat almaq istəyənləri sosial şəbəkələrə “qovdu”.

İkinci ciddi məsələ qəzada ölən və yaralananlarla bağlı rəsmi məlumatın 16:00-dan sonra yayılmasıdır – yəni hadisədən təxminən 5,5 saat keçəndən sonra.

Bu açıqlamaya qədər Türkiyə MN, XİN və s. rəsmi qurumlar Azərbaycana başsağlıqları göndərmişdilər və bütün bunlar hadisənin miqyası haqda məlumat öyrənmək istəyənləri axtarışlara məcbur edirdi.

Üçüncüsü, saat 12:00-dan başlayaraq, sosial şəbəkələrin Türkiyə seqmentində və Türkiyənin bir neçə nüfuzlu media qurumunda Qaraheybət faciəsi nəticəsində 14 zabitin öldüyü, 4 zabitin isə yaralandığı haqda təkzib olunmayan məlumat yayıldı. Bunun ardınca isə sosial şəbəkələrin Azərbaycan seqmentində həlak olanların siyahısı dərc edildi.

16:00-dan sonra yayılan rəsmi açıqlamada sosial şəbəkələrdə yayılan siyahı birəbir təsdiqləndi, o cümlədən həlak olanların sayı da. Yeganə fərq yaralıların 4 deyil, iki nəfər olması idi.

Beləliklə, sosial şəbəkələrdə və xarici mediada bu haqda yayılan məlumat 5,5 saat sonra rəsmən təsdiqləndiyi üçün qeyri-rəsmi informasiya mənbələri ciddi mötəbərlik statusu əldə etdi.

Xarici medianın yaydığı səhih məlumatın dərhal ardından da informasiya mənbəsi rolunu DSX öz əlinə ala bilərdi – ardıcıl rəsmi və səhih məlumatlarla. Ancaq rəsmi qurum bu təşəbbüsü də əldən verdilər.

Nəhayət, 16:00-dan başlayaraq, rəsmi təsdiqlənmə və mətbuat konfranslarına, səlahiyyətli şəxslərin açıqlamalarına start verildi. Rəsmilərin açıqlamalarının şayiələrin qarşısını almaq üçün ciddi rol oynayacağı şübhəsiz idi və qismən də olsa, buna nail olundu. Ancaq təəssüf ki, tam, ətraflı, sosial şəbəkələrdə saatlardır müzakirə edilən sualların heç də hamısına cavab verilmədi.

Bunun bir səbəbi sosial şəbəkələrdə yayılan açıq sualların və ehtimalların təhlil edilərək, rəhbərliyə təqdim edilməməsidirsə, ikinci səbəbi mətbuat konfransının suallara açıq olmaması və yaxud sual verəcək kimsələrin orda iştirakının təmin edilməməsidir.

Suallar isə olduqca sadə və rəsmi şəxslərin dərhal cavablandıra biləcəyi texniki məsələlərdir. Məsələn:

1. Müdafiə Nazirliyi hər hansı təlim keçirəndə bir neçə gün öncədən elan edir: harada, nə qədər şəxsi heyətin, nə qədər texnikanın iştirakı ilə hansı aralıqda təlimin keçiriləcəyi hər kəsə bəlli olur.

Dövlət Sərhəd Xidmətinin dünənə qədər yaydığı məlumatlar sırasında belə bir təlimin keçirildiyinə rast gəlinməyib. İlk olaraq bu suala aydınlıq gətirilməli idi: təlim nə vaxt başlamışdı (və yaxud başlayacaqdı), ora nə qədər şəxsi heyət və texnika cəlbi nəzərdə tutulmuşdu və nələr məşq ediləcəkdi?

Bəlkə də bu haqda DSX-nin məlumatı olub, ancaq yayılmayıb və yaxud tirajlanmayıb deyə, ictimaiyyət xəbərsizdir.

2. Qəzaya düşən helikopterin 10:16-da Səngəçaldan qalxdığı bildirildi.

Niyə Səngəçaldan qalxıb helikopter və niyə zabitlərimiz oradan gediblər?

Adi sualdır, qısa və lakonik cavabını səsləndirməkdə heç bir problem yoxdur, ancaq şayiələrin qarşısını alır.

3. 10:16-da qalxan helikopter 10:36-da, 20 dəqiqədən sonra qəzaya uğrayıb. Səngəçaldan poliqona qədər məsafə nə qədərdir? Helikopter hansı marşrut üzrə uçub?

4. Qəzaya uğrayan helikopterlə paralel uçan helikopterlər olubmu?

Qəzaya düşən mərhum zabitlərimizin biri qəzadan 13 dəqiqə öncə paylaşım etmişdi və paralel helikopterin olduğu görünürdü. Səngəçaldan neçə helikopter təlim üçün poliqona gedirmiş? O helikopterlərdə neçə nəfər olub? Onların rütbələri nədir? (Bu suallar 16 zabitin bir helikopterə niyə minməsinə aydınlıq gətirəcəkdi);

5. Qəzada yaralanan iki zabitimizdən ifadələrinin alındığı bildirilir.

Əgər qəzaya düşən helikopterlə paralel uçan helikopter və yaxud helikopterlər olubsa, demək, o helikopterlərdə olan şəxsi heyət üzvləri də qəzanı görüb. Yəqin onların da ifadəsi alınıb və yaxud alınacaq. Bu barədə qısa və yığcam bir cavaba ehtiyac vardı.

6. Qəzanın helikopterin eniş edərkən baş verdiyi bildirildi.

Eniş edirdilərsə, demək, təlim yerinə çatıblar. Təlim yerində başqa şəxslər yox idimi? Onlar qəzanın necə baş verdiyini görməyiblərmi? Yoxsa helikopter təlim üçün toplanış yerinə çatmamış qəzaya uğrayıb? Ya təlim yerinə ilk gedənlər elə bu helikopterdə olanlardır?

7. Təlimi yüksək rütbəli zabitlərimizdən kimlər izləməli imiş? Onlar poliqonda olublar, yoxsa hələ toplanış, rəhbərlikdən təlimi izləyəcək şəxsin gəlişinə hazırlıq gedirmiş? O şəxs və ya şəxslərin poliqona gəlişi nə vaxta nəzərdə tutulmuşdu?

8. Ümumiyyətlə, təlim 30 noyabrda başlamalı idi, yoxsa başlamışdı, Səngəçaldan gedən helikopterlər təlimə qoşulmağa gedirdilər?

9. Helikopterin qəzaya uğramasına səbəb kimi irəli sürülən mümkün ehtimallardan kənar müdaxilə (yanlış atışla vurulması) və yaxud daxili partlayış təkzib olundu.

Hansı növ təlim olduğu və nə zaman başladığı açıqlansaydı, bu təkzibi gücləndirən arqument olardı. Həmin təlimdə atışların icrasına başlanılmışdımı? Yoxsa hələ təlim ümumiyyətlə başlamamışdı?

Bu qəbildən olduqca bəsit, DSX rəhbərliyinin dərhal cavablandıra biləcəyi xeyli suallara aydınlıq gətirilməli idi ki, bütün ehtimalların üzərindən xətt çəkilsin.

Xəyanətkar axtarışını bitirmək gərəkdir!

Bütün faciələrdə iman bir yerə gedir, güman min yerə. İnsanların düşüncə və fikir yürütmək azadlığına qarşı çıxmaq totalitarizmdir; insanları ehtimallarını irəli sürdüyünə görə vətən xaini çıxartmağın adı isə ictimai düşüncədən məlumatsızlıqla bərabər, ekspert və yaxud rəsmiyə yaraşmayan hərəkətdir.

İnsanların düşünmə azadlığını məhdudlaşdırmaq, hansısa qadağa tətbiq etmək bu şayiələrin daha sürətlə yayılması və daha təhlükəli versiyaların önünü açmaq deməkdir.

Ehtimal irəli sürənlərə qarşı total hücum kampaniyası keçirməyə qəti ehtiyac yoxdur, sadəcə, bu ehtimalları əvvəlcədən hesablayaraq, onları istiqamətləndirmək və informasiya axını ilə idarə etmək lazımdır.

İnsanlar niyə 14 zabitinin həlak olduğunu Türkiyə mediasından öyrənməlidir?

Azərbaycan vətəndaşları niyə rəsmi qurumların yaydığı siyahını 4 saat öncədən sosial şəbəkələrdən oxumalıdır?

Demək ki, bu siyahı da var, ölümlər haqda məlumat da. Dərhal verilməli, media ilə aktiv işlənməli, şayiələrin və təhlükəli ehtimalların yayılmasına imkan verilməməli idi.

Azərbaycan informasiya savaşının içindədir, biz bütün informasiya hücumlarına hazır olmalıyıq – o cümlədən belə dəhşətli faciələrdən də heç bir ölkə, heç bir qurum sığortalanmayıb. Xüsusilə irimiqyaslı təlim keçirilirsə...

Rusiyada keçirilən təlimlərdə də ən yüksək çinli zabitlərin həlak olduğu hallar baş verib, hətta təlimdə Rusiya öz məşhur nazirini də itirib. Ancaq həmin zaman hər dəqiqədə əsas agentliklərdə az qala 10 xəbər tirajlanmaqla, ictimaiyyətin sosial şəbəkələrə “axışmasına” imkan verilməyib.

Ordumuz da, DSX da, DTX da, DİN Daxili Qoşunları da necə qüdrətli olduqlarını Vətən müharibəsində nümayiş etdirdilər və bu xalqın güvənc yerləridir.

Ancaq informasiya siyasətini də şəxsi heyətinizin peşəkarlığı səviyyəsinə qaldırmaq borcunuzdur.

İndi orduların bacarmadığını informasiya savaşı ilə icra edirlər; indi informasiya xüsusilə güc strukturlarının aparıcı istiqamətlərindən biridir.

Yeni media baxışı formalaşmayınca, informasiyada düşmənə fürsət verə bilərik...

Allah şəhidlərimizə rəhmət eləsin!

Tarix
2021.12.01 / 20:13
Müəllif
Anar
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla