Kərkükdə şəhər valisinin
istəyi ilə türkmanlara aid sənədli evlərin dağıdılmasına
başlanılıb.
Publika.az xəbər verir ki, peşmərgəyə yaxın olan kürd əsilli
vali Necmettin Kerimin evlərin sökülməsi ilə bağlı imzaladığı sənəd
türkmanlar tərəfindən sərt etirazla qarşılanıb.
"Biz türkman olduğumuz üçün sənədli evlərimizi sökdürürsünüz, nə
üçün digər tərəfin – kürdlərin sənədsiz evlərinə, obyektlərinə
toxunmursunuz. Hətta kürdlərə türkmanların torpaqlarını qəsb edərək
binalar inşa etməsinə imkan yaradırsınız", - deyə türkmanlar valiyə
etirazlarında bildiriblər.
İraq Türkman Cəbhəsinin lideri, İraq parlamentinin deputatı
Erşad Salihi də məsələyə münasibət bildirib: "Evlərin sökülməsi ilə
bağlı sənəd hər kəsə tətbiq olunmalıdır. İraq konstitusiyasında hər
kəsin mülk sahibi olmaq haqqı tanınır. Bu gün Kərkük valisi
türkmanların sənədli evlərinin "qanunsuz inşa olunduğunu" iddia
edir. Necmettdin Kerim, sənin səlahiyyətin daha çox olsaydı, nə
edərdin? Yəqin türkman millətinin dilini kəsərdin".
E. Salihi türkmanlara səslənərək hər şeyə rəğmən, evlərini
müdafiə etməyə çağırıb.
"Ey türkman milləti, evlərini sökən ekskavatorların önünə çıxın,
daşlayın, lazım olarsa, həbsə düşün, hətta ölün, amma haqqınızı
qoruyun. Mən yanınızdayam, küçələrə çıxıb etiraz edin. Bu dövlət
dövlət deyil, istədiyini edin, əsas odur ki, özünüzü müdafiə
edəsiniz", - deyə o bildirib.
Qeyd edək ki, 2003-cü ildə ABŞ -ın İraqa girərkən yaranan
qarışıqlıqdan istifadə edən kürdlər Kərkükə tarixində ən böyük
zərbəni vurdular. Belə ki, həmin vaxt Kərkük Əmlak Qeydiyyatı
İdarəsinin binası kürdlər tərəfindən yandırıldı. Bununla da,
Kərkükdə türkman evlərinin sənədi, həmçinin şəhər əhalisinin
demoqrafik vəziyyəti ilə bağlı bütün arxiv sənədləri məhv
edildi.
Türkiyədə fəaliyyət göstərən Alevi Vakıflar Federasyonu (AKF)
başqanı Doğan Bermek 2013-cü ildə Publika.az-a müsahibəsində bu
barədə bildirmişdi: "Bununla Kərkükün türkmanlardan alınaraq
kürdlərə verilməsi prosesi başladıldı. Çünki Qərb Kərkükdə
Kürdüstan dövlətini qurmaq istəyir".
Bir sıra ekspertlərə görə, İraq müharibəsində əsas məqsədlərdən
biri də Səddamı devirməklə bu bölgədə kürd dövlətinin yaranması
üçün yeni imkanlar yaratmaq olub.