Bu ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin (ƏƏSMN) "Elektron hökumət" portalı üzərindən təqdim
etdiyi elektron xidmətlərdən 178 492 dəfə istifadə olunub ki, bu da
əvvəlki iyun ayı ilə müqayisədə 13,1% çoxdur.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən
məlumata görə, ötən ay əhali ƏƏSMN-nin "Əmək müqaviləsi
bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə
məlumatın verilməsi" elektron xidmətindən 109 737 dəfə faydalanıb.
Bu e-xidmət, həmçinin ƏƏSMN-nin "Əmək müqaviləsi bildirişləri
barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidməti 47
835 ədəd və "İş yerinə dair arayış" e-xidməti 18 547 ədəd istifadə
sayı ilə yenə də əhalinin "Elektron hökumət" portalı üzərindən ən
çox faydalandığı e-xidmətlər sırasında qərarlaşıblar.
"Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə
işəgötürənə məlumatın verilməsi" e-xidməti 2014-cü ilin ortalarında
əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin
tətbiqi ilə əlaqədar əmək münasibətlərinin elektron qeydiyyatı
məqsədilə əhaliyə təqdim edilib. Yeni sistemin tətbiqi "Əmək
müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə
edilməsi", habelə "İş yerinə dair arayış" e-xidmətlərinin də
yaradılmasına imkan yaradıb.
Ümumilikdə cari ilin yanvar-iyul aylarında vətəndaşlar ƏƏSMN-nin
bütün elektron xidmətlərindən 1 mln. 272 min 164 dəfə yararlanıb
ki, bu da həmin dövrdə "E- hökumət" portalı üzrə ümumi istifadə
sayının 17%-ni təşkil edir.