Əfsuslar olsun ki, əvvəlki rəhbərlik bu işə o qədər də
böyük məsuliyyətlə yanaşmamışdır və yol keyfiyyətsiz tikilmişdi.
Mənə məlumat çatdırılandan sonra göstəriş verildi və yeni rəhbərlik
bu işlərlə çox ciddi məşğul oldu, bütün nöqsanlar aradan
götürüldü.
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham
Əliyev Kürdəmirə səfəri çərçivəsində sakinlərlə görüşündə deyib.
İlham Əliyev bildirib ki, bir
neçə gözəl hadisə baş verib:
"Kürdəmir Olimpiya İdman Kompleksinin açılışında, Mərkəzi Rayon
Xəstəxanasının təmirdən sonra istifadəyə verilməsində, digər
obyektlərin açılışlarında iştirak etmişəm. Bu gün isə kənd yolunun
açılışını qeyd edirik. Artıq bir müddətdir ki, əhali bu yoldan
istifadə edir. Amma bu gün bu yolun rəsmi açılışı günüdür. Çox
gözəl layihədir və şadam ki, nəhayət, bu kənd yolu tikilibdir.
Vəsait Prezident tərəfindən 3 il bundan əvvəl ayrılmışdır. Ancaq
əfsuslar olsun ki, əvvəlki rəhbərlik bu işə o qədər də böyük
məsuliyyətlə yanaşmamışdır və yol keyfiyyətsiz tikilmişdi. Mənə
məlumat çatdırılandan sonra göstəriş verildi və yeni rəhbərlik bu
işlərlə çox ciddi məşğul oldu, bütün nöqsanlar aradan götürüldü. O
nöqsanları buraxan şəxslər özləri də bərpa işlərində iştirak
etmişlər və nəticədə bu yol artıq bütün yüksək standartlara cavab
verir".
Dövlət başçısı bir daha ictimai nəzarətin vacibliyini
vurğulayıb:
"Kənd yollarının tikintisi indi yerli icra orqanları tərəfindən
həyata keçirilir. Burada əlbəttə ki, ictimai nəzarət də güclü
olmalıdır. Mənə icra başçısı məlumat verir ki, o, bura təyin
olunandan sonra insanlar bu yolla bağlı çoxsaylı şikayətlər
etmişlər. Yəni, ictimai nəzarət budur. Əgər insanlar bu məsələni
qaldırmasaydılar, mən heç bilməyəcəkdim. Amma bu gün bu yol lazimi
səviyyədə tikilib, istifadəyə verilir və hər yerdə də belə
olmalıdır.
Bu gün məni eşidən bütün icra orqanlarının nümayəndələri
bilməlidirlər ki, hər bir sahədə ciddi nəzarət var və ən güclü
nəzarət ictimai nəzarətdir. Siz, burada yaşayan insanlar görəndə
ki, hər hansı bir ədalətsizlik var, keyfiyyətsiz yollar salınır,
yaxud da başqa xoşagəlməz hallar baş verir, əlbəttə, siqnal
verməlisiniz, ilk növbədə, yerli icra orqanlarına, əgər nəticə
olmasa, mərkəzi icra orqanlarına. Beləliklə, Azərbaycanda ictimai
nəzarət daha da güclü olmalıdır. Mən dəfələrlə bu barədə demişəm,
bir daha demək istəyirəm ki, bizim gördüyümüz bütün işlər xalqın
maraqlarına xidmət edir. Bu yolların çəkilişi, infrastruktur
layihələrinin icrası da bu məqsədi güdür - hər şey insanlar üçün,
Azərbaycan xalqı üçün. İstəyirəm ki, hər bir yerdə, hər bir rayonda
yaxşı yollar, yaxşı tibbi xidmət, gözəl məktəblər olsun ki,
insanlar bundan istifadə edib rahat yaşasınlar".
Prezident ölkədə infsrastrukturun yenilənməsində yalnız öz
gücümüzə güvənildiyini də diqqətə çatdırıb:
"Düzdür, indi müəyyən mənada bizim gəlirlərimiz azalır. Özünüz
yaxşı bilirsiniz ki, neftin qiyməti düşüb, bu da təbiidir. Ancaq
buna baxmayaraq, ölkə iqtisadiyyatının inkişafı, sosial məsələlərin
həlli ilə bağlı bütün layihələr icra edilir və gələn ilin
büdcəsində də kənd təsərrüfatının inkişafına, sosial məsələlərin
həllinə kifayət qədər vəsait ayrılacaq. Bizim maliyyə vəziyyətimiz
sabitdir. Öz gücümüzə güvənirik, arxalanırıq. Xarici borcumuz da
çox aşağı səviyyədədir. Biz bütün xarici borcumuzu bir gündə ödəyə
bilərik. Ona görə ödəmirik ki, buna ehtiyac yoxdur. Hələ ki,
kreditlərdən istifadə edirik, amma kreditlərsiz də yaşaya bilərik.
İndi ikinci belə ölkə tapılarmı ki, bir gündə xarici borcunu ödəyə
bilsin? Çətin.
Bəzi ölkələrin xarici borcu ümumi daxili məhsuldan çoxdur. Yəni,
onlar borc içində yaşayırlar və borcun üstünə borc gəlir. Nəticə
etibarilə xalq əziyyət çəkəcək. Nə vaxtsa, necə deyərlər, bu
piramida çökəcək. Amma əgər mən əmr versəm, biz bütün xarici
borcumuzu bir gündə ödəyə bilərik. Budur bizim reallıqlarımız.
Bizdə güclü iqtisadiyyat, güclü siyasi iradə, xalq-iqtidar birliyi
və bu yol kimi konkret işlər, nəticələr var".