"Bu ilin birinci yarımili
ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsində 270 cinayət işinin ibtidai araşdırması həyata
keçirilib".
Report xəbər verir ki, bunu baş prokuror Zakir
Qaralov bildirib.
Onun sözlərinə görə. həmin cinayət işləri əsasən mənimsəmə və
israfetmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə,
rüşvət alma (passiv rüşvətxorluq), vəzifəli şəxsin səlahiyyətlərini
mənimsəmə, vəzifə saxtakarlığı, saxta sənədlərdən istifadə etmə və
digər faktlarla əlaqədar olub. "Bu müddət ərzində 158 şəxs
barəsində 99 cinayət işi baxılması üçün məhkəmələrə
göndərilib".
Baş prokuror deyib ki, korrupsiyaya qarşı mübarizə üzrə görülən
sistemli və kompleks tədbirlər içərisində təşkilati və
institusional islahatlar xüsusilə əhəmiyyətli olub: "Dövlət başçısı
cənab İlham Əliyevin 31 avqust 2015-ci il tarixli "Dövlət
xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri
üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının
elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" fərmanı ilə
korrupsiyaya şərait yarada bilən halları qeyri-mümkün etməklə bu
sosial bəlanın kökündən məhv edilməsində əvəzsiz rolu olan, dünyada
Azərbaycan "brendi" kimi tanınan "Asan Xidmət"in səlahiyyətləri
genişləndirilmişdir.
Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə arayışların
verilməsi, şəxsin ölkə vətəndaşlığına mənsubiyyətinin
müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və
cavablandırılması, taksi minik avtomobilləri ilə sərnişin
daşınmasına lisenziyanın verilməsi və taksi minik avtomobilləri ilə
sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi
ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə "Fərqlənmə nişanı"nın
verilməsi bu mühüm dövlət təsisatının funksiyalarına aid edilməklə
yaşayış yeri üzrə arayışların elektron qaydada tərtib edilərək
müraciət olunan gün, vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və
əlavə heç bir sənəd tələb edilmədən verilməsi müəyyən edilmişdir.
Bununla yanaşı, fərmanla sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi üçün tələb olunan lisenziya, sertifikat, şəhadətnamə və
digər sənədlərin elektron qaydada verilməsinin təmin edilməsi
məqsədilə "Elektron lisenziya" portalının yaradılması nəzərdə
tutulmuşdur.
"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün
Milli Fəaliyyət Planı"nın 5.1-ci bəndinin icrası ilə əlaqədar
olaraq Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2014-cü il
tarixli müvafiq fərmanları ilə "Daşınan əmlakın rəsmi reyestrləri,
onların tərtib edilməsi və aparılması Qaydaları"na və "Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat
sistemi haqqında Əsasnamə"yə müvafiq dəyişiklik edilməklə
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsinə həmin reyestrlərin elektron məlumatlarından
real vaxt rejimində istifadə etmək səlahiyyəti verilmişdir ki, bu
da korrupsiyaya qarşı mübarizə üzrə fəaliyyətin səmərəliliyinin
artırılmasına şərait yaratmışdır.
Görülən ardıcıl və sistemli tədbirlər nəticəsində Baş prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin
effektivliyi yüksəlməkdə davam etmişdir. 2014-cü ildə Baş İdarədə
9145 ərizə və şikayətə baxılmışdır ki, onlardan 5951 müraciət
qurumun "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuşdur. Həmin
müraciətlərin 21-i üzrə müvafiq əsaslar müəyyən olunduğundan
Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə cinayət işi başlanaraq
istintaq aparılmışdır. Ümumilikdə, il ərzində Baş İdarə tərəfindən
326 cinayət xarakterli müraciət və məlumat araşdırılmışdır ki,
onlardan da 98-i mənimsəmə, 85-i dələduzluq, 57-si vəzifədən
sui-istifadə etmə, 27-si saxta sənəddən istifadə etmə, 25-i rüşvət,
4-ü qanunsuz kredit alma, 3-ü vergi ödəməkdən yayınma, 3-ü qanunsuz
sahibkarlıq, 1-i qaçaqmalçılıq, 1-i kompüter sisteminə qanunsuz
daxil olma, 22-si isə digər cinayətlərlə əlaqədar olmuşdur. İl
ərzində Baş İdarənin Əməliyyat şöbəsi tərəfindən keçirilmiş 10
əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 12 şəxs
cinayət başında yaxalanmışdır. 12 nəfər barəsində 11 cinayət işi
isə Əməliyyat şöbəsinin əməkdaşlarının apardığı araşdırma
nəticəsində başlanmışdır.
2014-cü il ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi
tərəfindən 333 şəxs barəsində 206 cinayət işi baxılması üçün
məhkəmələrə göndərilmiş, həmin işlərdən 171 iş maddi ziyanla
əlaqədar olmuşdur ki, vurulmuş 76 milyon manatdan yuxarı ziyanın 72
faizinin istintaq zamanı ödənilməsi təmin edilmişdir.
Onun sözlərinə görə, 2015-cü ilin birinci yarımili ərzində Baş
İdarədə 5150 ərizə və şikayətə baxılıb ki, onlardan 3414 müraciət
qurumun "Qaynar xətt" əlaqə mərkəzinə daxil olub: "Həmin
müraciətlərin 12-si üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri
üzrə cinayət işi başlanaraq istintaq aparılmışdır. Cari ilin
birinci yarımili ərzində Baş İdarə tərəfindən 95 cinayət xarakterli
müraciət və məlumata baxılmışdır ki, onlardan da 14-ü rüşvət, 20-si
vəzifədən sui-istifadə etmə, 30-u dələduzluq, 15-i mənimsəmə, 2-si
saxta sənəddən istifadə etmə, 1-i saxta müflisləşmə, 3-ü qanunsuz
sahibkarlıq, 1-i əmtəə nişanlarından qanunsuz istifadə, 5-i isə
digər cinayətlərlə əlaqədar olmuşdur. Həmin müddət ərzində Baş
İdarənin Əməliyyat şöbəsi tərəfindən keçirilmiş 10 əməliyyat
tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət
başında yaxalanmış, 5 nəfər barəsində 5 cinayət işi isə Əməliyyat
şöbəsinin əməkdaşlarının apardığı araşdırma nəticəsində
başlanıb".