İstanbulda mərhum azərbaycanlı tədqiqatçı Sitarə
Mirmahmudovanın "Ermənistan ərazisində Azərbaycan mənşəli
oykonimlər və onların erməniləşdirilməsi siyasəti" elmi əsəri
Azərbaycan, türk və rus dillərində nəşr olunub.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovun təşəbbüsü
və təqdim etdiyi materiallar əsasında Avropa Azərbaycan
Cəmiyyətinin himayədarlığı ilə nəşr olunan kitabın ön söz müəllifi
tarix elmləri doktoru, dövlət mükafatı laureatı Kərim Şükürov,
redaktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovdur.
Yeni nəşr 1986-cı ildə Azərbaycan SSR Elmlər Akademiyası
Coğrafiya İnstitutunun dissertantı Sitarə Mirmahmudovanın
"Ermənistan SSR ərazisində Azərbaycan mənşəli oykonimlərin tədqiqi"
mövzusunda müdafiə etdiyi dissertasiya işidir. Təəssüf ki,
1981-1986-cı illərdə tədqiq olunmuş elmi iş keçmiş SSRİ Ali
Attestasiya Komissiyası tərəfindən təsdiq olunmayıb.
Haqqında bəhs etdiyimiz dissertasiyanın Azərbaycan toponimikası
üzrə yeni elmi istiqamət yaratmasına baxmayaraq, S.Mirmahmudovanın
alimlik işi repressiyaya məruz qalsa da, həm Azərbaycan, həm də
keçmiş SSRİ respublikalarının alimləri tərəfindən yüksək
qiymətləndirilib. Alimlər Ermənistan SSR-də Azərbaycan mənşəli
oykonimlər haqqında ilk elmi araşdırmanı yüksək dəyərləndiriblər.
Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru,
bu tədqiqat institutundakı Elmi Şuranın sədri, mərhum akademik
Həsən Əliyevin dissertasiya barədə fikirləri böyük əhəmiyyət kəsb
edir: "Bu cür dissertasiyaları alqışlamaq lazımdır. Hər hansı bir
xalq, millət nəyin hesabına varlığını qoruyub saxlayır? Öz dili,
torpağı hesabına. Bunlar olmasa xalq da olmaz... Bu çox vacib
məsələdir, toponimik tədqiqatlar lazımlıdır, onlar ölkənin tarixi
keçmişinin öyrənilməsinə kömək edir. Mənə elə gəlir ki, istənilən
halda coğrafi adları dəyişmək, başqa dilə çevirmək arzu olunan
deyil. Bu, elmə ziyan gətirir. Məncə, müzakirə olunan işi kitab
şəklində çap etdirməyə ehtiyac var. Mövzusuna və dolğunluğuna görə
iş çox faydalıdır, maraqlıdır və gələcək nəsillər, habelə
toponimika ilə məşğul olanlar üçün idrak baxımından vacibdir".
Dissertasiyanın avtoreferatına Türkmənistan Kənd Təsərrüfatı
Nazirliyi Elmi Tədqiqat Torpaqşünaslıq İnstitutundan, SSRİ Elmlər
Akademiyası Dağıstan filialının Tarix, Fəlsəfə, Ədəbiyyat
İnstitutundan, Özbəkistanın Karşı Dövlət Pedaqoji İnstitutundan,
Qazaxıstan Elmlər Akademiyası Dilçilik İnstitutundan, SSRİ Elmlər
Akademiyasının Etnoqrafiya İnstitutundan (Leninqrad bölməsi),
M.Qorki adına Xarkov Dövlət Universitetindən, Lvov Kənd Təsərrüfatı
İnstitutundan daxil olan bütün rəylərdə qeyd olunur ki, iş zəngin
ədəbiyyat bazasına və müəllifin illər boyu topladığı çöl toponimik
materialına əsaslanır. Bəzi rəyçilər S.Mirmahmudovanın bir
tədqiqatçı kimi üstünlükləri sırasında onun erməni dilini bilməsini
və bununla da erməni mənbələrini orijinalda oxumaq imkanında
olmasını qeyd ediblər.
Rəyçilərin mülahizələri olduqca maraqlıdır. Filologiya elmləri
namizədi, SSRİ Elmlər Akademiyası Dağıstan filialının Tarix,
Fəlsəfə, Ədəbiyyat İnstitutunun elmi işçisi Kazbek Şixabudinoviç
Mikayılov yazır: "S.N.Mirmahmudovanın dissertasiyası kimi
tədqiqatlar xalqların zaman və məkanda yerdəyişmələrini
retrospektivdə müşahidə etməyə etibarlı zəmin yaradır ki, bu da
Qafqazın qədim tarixini və linqvistikasını öyrənən alimlərə
paleoqafqazlıların etnogenezini və qlottogenezini tədqiq etməyə
xeyli kömək göstərmiş olur... Beləliklə, dissertant əmin ola bilər
ki, o, çox xeyirli, lazımlı və maraqlı işi yerinə yetirmişdir... Ən
mühüm nəticələr sırasında işin həqiqi mənada yaraşığı olan müxtəlif
xəritə-sxemləri vurğulamaq istərdik. Onlar olduqca əyanidir.
Türkdilli oykonimlərin demək olar ki, Ermənistanın bütün ərazisində
- uzaq şimaldan uzaq cənuba, uzaq qərbdən uzaq şərqə qədər, mərkəzi
vilayətlərdə bərabər yayılması, landşaftdan asılı olmaması bizim
üçün yenilik idi. Biz, əlbəttə, Ermənistandakı Azərbaycan mənşəli
oykonim və toponimlərin daha çox Azərbaycanla həmsərhəd rayonlarla
məhdudlaşacağını gözləyirdik. İndi öz fikirlərimizi
dəyişməliyik".
Karşı Pedaqoji İnstitutunun dosentləri T.Nəfəsov və S.Abdullayev
qeyd edirlər: "Digər ad qruplarından fərqli olaraq, etnonimlər daha
çox oykonimlərdə öz əksini tapır. Göstərilən fakt bütün türkdilli
bölgələrin toponimiyası üçün xarakterikdir və S.Mirmahmudovanın
dissertasiyası bu tezisi təsdiqləyir. Əksər etnonimlərə Orta Asiya
bölgəsində, o cümlədən Özbəkistanda da rast gəlinir. Dissertasiyada
təqdim olunan materiallar türkdilli etnonimika və toponimika ilə
məşğul olan tədqiqatçılar üçün çox dəyərlidir, həmin materiallar
etnosların və müxtəlif bölgələrin toponimlərinin müqayisəsi üçün
səhih fakt kimi çıxış edir". SSRİ Elmlər Akademiyasının Etnoqrafiya
İnstitutunun (Leninqrad bölməsi) Xarici Asiya xalqlarının
etnoqrafiyası sektorunun müdiri, tarix elmləri namizədi A.M.Reşetov
yazır: "Avtoreferatla tanışlıq belə bir nəticə çıxarmağa əsas verir
ki, biz ciddi, dəqiq yerinə yetirilən tədqiqatla üz-üzəyik.
Dissertantın mülahizələri və gəldiyi nəticələr etiraz doğurmur.
Mənə dissertantın məruzələrini, məsələn, Telavidəki konfransda
etdiyi çıxışı dinləmək müyəssər oldu. Onun irəli sürdüyü əsas
mülahizələr auditoriya tərəfindən rəğbətlə qarşılandı".
Xarkov Dövlət Universitetinin professoru, texnika elmləri
doktoru İ.Çervanyov bildirir: "Biz S.N.Mirmahmudovanın elmi
fəaliyyətinin nəticələri ilə onun elmi əsərlərindən və 1984-cü ildə
Xarkov Dövlət Universitetində kurslarda olarkən coğrafiya profilli
kafedraların seminarlarında etdiyi elmi məruzələrdən tanışıq.
Avtoreferatla tanışlıq isə göstərir ki, S.N.Mirmahmudovanın
dissertasiyası aktual elmi problemin uzun illər ərzində tədqiqinin
uğurlu yekunudur". Kitabda cəmləşdirilmiş çoxsaylı tarixi faktlar,
indiki Ermənistan ərazisində mövcud olmuş Azərbaycan-türk mənşəli
oykonimlərin ermənişdirilməsinə dair rəsmi sənədlər, demək olar ki,
ilk dəfə olaraq tədqiqata cəlb olunan digər arxiv materialları, o
cümlədən erməni və Azərbaycandan kənar digər mənbələrdən istifadə
olunması əsərin elmi dəyərini daha da artırır.
Giriş, yeddi fəsil, səkkiz yarımfəsil, rəsmi sənədlər, nəticə və
ədəbiyyat siyahısından ibarət 400 səhifəlik yeni nəşr qədim
Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması və bu
ərazidə erməni dövlətinin yaradılması proseslərinin bütün
istiqamətlərinin tədqiqi ilə məşğul olan, o cümlədən təcavüzkar
Ermənistan dövlətinin monoetnik ölkəyə çevrilməsinin səbəb və
nəticələrini araşdıran, eləcə də Azərbaycan xalqının məruz qaldığı
çoxistiqamətli erməni təcavüzü məsələsinə maraq göstərən
tədqiqatçılar üçün əsaslı mənbədir.