1990-cı illərin əvvəllərində
müstəqillik əldə etdikdən sonra Azərbaycanda hüquqi dövlət
quruculuğu, demokratik, plüralist cəmiyyətin formalaşdırılması
qarşıda duran başlıca vəzifə kimi müəyyən edilib. Ümummilli lider
Heydər Əliyevin müəllifi olduğu və bu gün 20 yaşı tamam olan
müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında
hakimiyyət bölgüsünün, liberal iqtisadiyyatın, vətəndaş cəmiyyəti
quruculuğunun, insan hüquq və azadlıqlarının təməl prinsipləri
təsbit olunmuş və sonrakı mərhələdə uğurla həyata
keçirilib.
APA-nın xəbərinə görə, bu sözləri "Konstitusion hüquq
və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq
təşkilatların əməkdaşlığının rolu" mövzusunda keçirilən
Ombudsmanların Bakı Beynəlxalq Konfransında çıxış edən Azərbaycan
prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli
Həsənov deyib.
Ə. Həsənov bildirib ki, bu gün Azərbaycan müstəqil siyasət
yürüdən, demokratik, dinamik inkişaf edən və yüksək beynəlxalq
nüfuza malik ölkədir:
"Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edir, hər kəsin fikir,
söz və məlumat azadlığı təmin olunub, siyasi partiyaların,
qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin
fəaliyyəti üçün zəruri şərait yaradılıb. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki,
müasir dövrdə müstəqil siyasi kurs, liberal iqtisadi sistem və
güclü vətəndaş cəmiyyəti hər bir ölkənin dinamik inkişafını təmin
edən başlıca vasitələrdir. Məhz buna görə də Azərbaycan dövləti
demokratik prinsiplərin möhkəmləndirilməsi, insan hüquq və
azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti institutlarının daha da
inkişaf etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması
istiqamətində ardıcıl siyasət həyata keçirir. Müstəqillik illərində
Azərbaycan özünün yeni inkişaf modelini yaradıb və mütərəqqi
təcrübə kimi onu bütün dünyaya təqdim edib. Cəmi 10 il ərzində
iqtisadi potensial 3 dəfədən çox artıb, yoxsulluq və işsizlik kimi
problemlər əsaslı şəkildə həll edilib, sosial-iqtisadi
infrastruktur ən qabaqcıl standartlara uyğun yenidən qurulub,
davamlı sosial rifah və ümumilikdə, ölkənin müasir simasının
formalaşdırılması istiqamətində nəhəng işlər görülüb. Regionun
siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də
beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub, güclü
dövlət və etibarlı tərəfdaş imici qazanıb. Mübaliğəsiz demək olar
ki, bu tarixi sıçrayış məhz Prezident İlham Əliyevin milli iradəyə
əsaslanan, müstəqil və düşünülmüş siyasəti sayəsində mümkün
olub".
Ə. Həsənov qeyd edib ki, bütün bu nailiyyətlər heç də asan əldə
edilməyib:
"Ötən əsrin sonlarında Azərbaycan qonşu Ermənistanın ərazi
iddiaları və təcavüzkar siyasəti ilə üz-üzə qalıb. Birmənalı
şəkildə demək olar ki, ermənilər məqsədyönlü şəkildə münaqişəni
silahlı mübarizə müstəvisinə keçirib. Hələ 1980-ci illərin
sonlarında Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı
deportasiya olunub. 1992-ci ilin əvvəllərində isə Ermənistan
Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. 1992-ci il fevralın
25-dən 26-na keçən gecə azərbaycanlıların yaşadığı Xocalı şəhərində
soyqırım törədilib, yüzlərlə insan qətlə yetirilib, mindən artıq
sakin isə əsir götürülüb. Daha sonra Dağlıq Qarabağ bölgəsinin (4
400 kv. km) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4
dəfə böyük olan ətrafındakı 7 rayon (17 000 kv.km) ermənilər
tərəfindən işğal olunub, bir milyona yaxın azərbaycanlı məcburi
köçkün vəziyyətinə salınıb. Hazırda Azərbaycan ərazisinin 20 faizi
işğal altındadır. Qarabağ uğrunda döyüşlərdə 20 mindən çox
Azərbaycan vətəndaşı həlak olub, 100 000 nəfərədək yaralanıb, 50
000 nəfər isə əlil olub. İşğal edilmiş ərazilərdə bütün sosial,
iqtisadi və mədəni infrastruktur dağıdılıb. BMT Təhlükəsizlik
Şurası erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal
etməsi ilə əlaqədar 7 bəyanat və 4 qətnamə (822, 853, 874, 884
saylı) qəbul edib. Lakin Ermənistan indiyə kimi bu qətnamələrin
tələblərini yerinə yetirmir və beynəlxalq hüquqa zidd mövqeyini
davam etdirir. 1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda
keçirilən zirvə toplantısında münaqişənin nizama salınmasının
beynəlxalq-hüquqi bazasını təşkil edən sənəd qəbul olunub. Zirvə
toplantısı zamanı Prezident Heydər Əliyevin gərgin əməyi və
diplomatik istedadı sayəsində münaqişənin həllinin siyasi-hüquqi
çərçivələrini müəyyənləşdirən xüsusi bəyanat qəbul edilib. Bu
bəyanat Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən
müdafiə olunub və Lissabon sammitinin yekun qərarında öz əksini
tapıb. Dünyanın digər nüfuzlu beynəlxalq təşkilatları da
münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən
çoxsaylı qərar və qətnamələr qəbul ediblər. 2005-ci il yanvarın
25-də Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi
qətnamədə Azərbaycan ərazilərinin böyük bir hissəsinin Ermənistan
silahlı qüvvələrinin işğalı altında olduğu və separatçıların Dağlıq
Qarabağ regionuna nəzarət etdiyi göstərilib. Qətnamədə Ermənistanın
yeritdiyi etnik təmizləmə siyasəti pislənmiş, bu siyasətin və hərbi
əməliyyatların monoetnik ərazilərin yaranmasına gətirib
çıxarmasından narahatlıq bildirilib. Bununla yanaşı, sənəddə
deyilib ki, Avropa Şurasının üzvü olan ölkənin başqa ölkənin
ərazilərini işğal altında saxlaması onun öhdəliklərinə açıq-aşkar
ziddir. 2015-ci il oktyabrın 1-də AŞPA-nın Siyasi məsələlər
komitəsinin iclasında "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal
edilmiş ərazilərində gərginliyin artması" adlı məruzənin
hazırlanması üçün məruzəçi təyin edilib. Avropa Parlamenti də
Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə mane olan
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair
sənədlər qəbul edib. 2010-cu il mayın 20-də qurumun qəbul etdiyi
"Cənub Qafqaz üçün Avropa İttifaqının strategiyasına ehtiyac üzrə"
qətnamədə "Dağlıq Qarabağ da daxil olmaqla, Dağlıq Qarabağı əhatə
edən bütün işğal olunmuş Azərbaycan torpaqlarının tez bir zamanda
boşaldılması" tələb olunub. Onu da qeyd edək ki, İslam Əməkdaşlıq
Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini ehtiva
edən 20-yə qədər sənəd qəbul edib. 2010-cu il noyabrın 20-də
NATO-nun qəbul etdiyi Bəyannamədə bildirilib ki, təşkilat
Azərbaycan, Gürcüstan, Ermənistan və Moldovanın ərazi bütövlüyünü
dəstəkləyir və bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdar
çıxır. Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda sülh və
təhlükəsizliyin təmin edilməsi məsələsinə böyük önəm verir və bu
istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Azərbaycan
torpaqlarının 20%-i işğal altında saxlayan, digər region ölkələrinə
qarşı ərazi iddiaları, həmçinin Türkiyəyə qarşı qondarma "erməni
soyqırımı" tələbi irəli sürən, torpaq və təzminat tələb edən
Ermənistan isə öz təcavüzkar siyasəti ilə regional təhlükəsizliyi
ciddi şəkildə təhdid edir. Ermənistan bu iddialarını həyata
keçirmək üçün terroru da bir vasitə kimi seçib. Belə ki, 1984-cü
ildən bu günə qədər erməni terrorçu qrupları Azərbaycan ərazisində
388 terror aktı törədib və nəticədə 1189 nəfər ölüb, 1705 nəfər
yaralanıb və əlil qalıb. Qeyd etmək istərdik ki, Azərbaycan Xəzər
hövzəsini Qərb dövlətlərinin üzünə açan, bu ərazini beynəlxalq
əməkdaşlıq arenasına çevirən ölkədir. Müstəqillik illərində
Azərbaycanın öz tərəfdaşları ilə həyata keçirdiyi transmilli enerji
layihələri regionun inkişafında, bölgənin enerji təhlükəsizliyinin
təmin edilməsində mühüm rol oynayıb. Bu gün Azərbaycan həm də
Avropanın enerjiyə olan ehtiyaclarının ödənilməsinə önəmli töhfə
verir. Ermənistan isə Azərbaycanın uğurlarını qısqanclıqla
qarşılayır və regionda sabitliyi təhdid etməklə həm də mühüm enerji
və nəqliyyat layihələrinin reallaşmasına mane olmağa çalışır.
SSRİ dağıldıqdan sonra Ermənistanın həyata keçirdiyi siyasətin
təhlili onu deməyə əsas verir ki, bu ölkə regionun iqtisadi və
siyasi inkişafını şərtləndirən layihələrdən kənarda qalmış,
özünütəcrid vəziyyətinə düşmüş və ciddi sosial və iqtisadi
problemlərlə üzləşmişdir. Ermənistan Xəzər hövzəsi enerji
resurslarının Avropa bazarlarına daşınmasında münasib məkanda
yerləşməsinə baxmayaraq, geosiyasi mövqeyinin ona verdiyi bu
fürsətdən istifadə etməmişdir ki, bu da onun üçün ağır nəticələrə
səbəb olmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm də regionda
demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin
olunmasında ən böyük maneədir. Şübhəsiz, bu problem olmasaydı və
yaxud vaxtında həllini tapsaydı, region ölkələri daha çox inkişaf
edər, sülh və təhlükəsizlik daha etibarlı şəkildə təmin
olunardı.