"Texnikabank"ın Bakı filialının rəhbərinin 81 nəfərin
pulunu mənimsəməsi ilə bağlı apelyasiya şikayəti üzrə yenidən
məhkəmə prosesi başlayır.
Teleqraf.com-un əldə etdiyi məlumata görə,
"Texnikabank"ın Bakı filialının rəhbəri olmuş Zal Yusifovun atası
Zakir Yusifovun şikayəti əsasında iş materiallarının apelyasiya
instansiyasına qaytarılması barədə Ali Məhkəmə qərar qəbul
edib.
İş materialları artıq baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə
daxil olub və hakim Əmir Bayramovun icraatına verilib. Apelyasiya
şikayətinə dekabrın ilk ongünlüyündə baxılması gözlənilir.
Qeyd edək ki, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il həbs
cəzası alan Zal Yusifovun əmlakının müsadirə edilməsi barədə də
qərar qəbul edilib. Sonradan Zal Yusifovun atası Zakir Yusifov
şikayət verərək bildirib ki, əmlaklar guya oğluna yox, onun özünə
məxsusdur. Bununla bağlı Ali Məhkəmədə hakim Akif İsgəndərovun
sədrlik etdiyi kollegiya Zakir Yusifovun şikayətini təmin edib.
Hakimlər müsadirə olunacaq əmlakla bağlı məsələni apelyasiya
instansiyasına qaytarıb.
Məsələnin absurd tərəfi odur ki, iş üzrə həbs olunan şəxslərin
cəzalarının yarıdan çoxu demək olar, çəkilib. Amma iş üzrə
zərərçəkmiş 81 nəfərin ziyanı ilə bağlı kiməsə bir manat da olsa
ödənilməyib. Belə çıxır ki, vətəndaşları dələduzluq yolu ilə
aldadan şəxslərin bir neçə ildən sonra heç kəsin zərərini ödəmədən
azadlığa çıxması mümkün olacaq.
Buna misal olaraq qeyd etmək istəyirik ki, Zal Yusifovun oğlu
İslam Yusifov cəzasının yarıdan çoxunu çəkdiyi üçün məhkəmənin
qərarı ilə azadlığa buraxılmışdı. Amma iş üzrə zərərçəkmişlərin
şikayətindən sonra prokurorluq kasasiya protesti verərək, İslam
Yusifovun yenidən həbsxanaya qaytarılmasına nail oldu.
Qeyd edək ki, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov
dələduzluq əməllərinə oğlu İslam Yusifovu da cəlb edib. İslam
Yusifov dələduzluq əməllərinin birbaşa iştirakçısı olub.
Bundan başqa, Zakir Yusifovun bu işdə hiyləgərliyi də üzə çıxıb.
O, dəfələrlə bu cinayət üzrə məhkəmə işini uzatmaqla zərərçəkənlərə
dəymiş ziyanın ödənilməsinin qarşısını alır. Zakir Yusifov hər dəfə
kasasiya şikayətinin verilmə müddətinin başa çatmasına az qalmış
yenidən məhkəməyə müraciət edir və hansısa yollarla qərarın öz
xeyrinə həll olunmasına nail olur...
Bundan bir neçə ay əvvəl mülki hissə ilə bağlı kasasiya şikayəti
verən Zakir Yusifov həmin vaxt heç bir səbəb göstərmədən şikayətini
geri götürmüşdü. Bundan sonra Ağır Cinayətlər Məhkəməsi Ədliyyə
Nazirliyinin Binəqədi rayonu üzrə məhkəmə qərarlarının icra
şöbəsinə məktubla müraciət olunub. Artıq Zal Yusifovun müsadirə
olunan əmlakının satılması üçün tədbirlər görülməyə başlanılıb.
Bundan sonra Zakir Yusifov təkrar Ali Məhkəməyə müraciət edərək,
işin əmlak məsələsi ilə bağlı hissəsini ləğv etdirir.
Nəticədə isə zərərçəkmişlərə dəymiş ziyan ödənilmir. İnsanların
əsəbləri tarıma çəkilir, zərərçəkmişlərin pullarının qaytarılması
üçün nəzərdə tutulan "Humay" şadlıq evində isə Zakir Yusifov
arxayın şəkildə bizneslə məşğul olur, şadlıq evi vasitəsi ilə hər
il pul qazanıb varlanır...
Hüquqi Düşüncə İctimai Birliyinin sədri Samir İsayev məsələ ilə
bağlı Teleqraf.com-un sualını cavablandırarkən bildirib ki, əmlakın
cinayət yolu ilə əldə etməsi ilə bağlı hissə məhkəmədə sona qədər
araşdırılmalıdır. Onun sözlərinə görə, cinayət işi üzrə qəbul
edilən hökm qüvvədə saxlanılır, amma əmlak məsələsi ilə bağlı olan
hissə mübahisələndirilir: "Burada əmlakın cinayət yolu ilə əldə
edilməsi ilə bağlı sübutları təkrar nəzərdən keçirmək
lazımdır".
Samir İsayev qeyd edib ki, apelyasiya instansiyasında işə baxan
hakimlər əmlakın cinayət yolu ilə əldə etməsi barədə sübutları
yenidən toplamalıdır: "Hakimlər sübutların toplanması üçün
tərəflərin təqdim etdiyi dəlilləri araşdırmalıdır, zərurət
yarananda verilən sorğuları həll etməlidir. Çünki burada mülki
işdən söhbət gedir. Mülki iş araşdırılır. Belə olan halda sübut
etmək məsələsi tərəflərin üzərinə qoyulur. Cinayət işində sübut
etmək məsələsi dövlət orqanının üzərinə qoyulur, mülki məsələni
sübut etməksə həm tərəfin, həm də dövlət orqanının üzərinə düşür.
İş üzrə zərərçəkmişlər Ali Məhkəmənin qərarını təkzib edən
sübutları Apelyasiya Məhkəməsinə təqdim etməlidirlər. Apelyasiya
Məhkəməsi həmin sübutları araşdırmalı və ədalətli qiymət
verməlidir. Bununla da bundan əvvəlki Apelyasiya Məhkəməsinin
qərarının ləğv edilməsi ilə nəticələnən Ali Məhkəmənin verdiyi
qərar aradan qaldırılmalıdır".