"Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması"
layihəsi əsasında MTRŞ-nin Dilçilik İnstitutu ilə birgə
sentyabr-oktyabr aylarında apardığı monitorinqlərin nəticələri ötən
gün keçirdiyimiz mətbuat konfransında açıqlandı. Tənqidlərdən
nəticə çıxaracaqlarına söz verən ağıllı aparıcılarımız da oldu,
Feysbuk səhifəsində öz "əbləhlik və debilliyini" faş edən
də.
Axar.az xəbər verir ki, bu sözləri AMEA Nəsimi adına Dilçilik
İnstitutunun əməkdaşı Şahlar Məmmədov öz Feysbuk səhifəsində yazıb.
Ş.Məmmədov tanınmış aparıcı Elçin Əlibəylini ona irad tutan dilçi
alimlərin ünvanına yazdığı statuslara görə sərt tənqid edib:
"Söhbət hələ on il öncə "Televiziya tənqidi" mövzusunda
dissertasiya yazaraq elmlər namizədi alimlik dərəcəsi almış
teleaparıcı Elçin Əlibəylinin Dilçilik İnstitutuna, xüsusən
monitorinqlərin nəticəsini açıqlayan xanım əməkdaşlarımızın
ünvanına yazdığı ədəbsiz ifadələrdən gedir. İki peşəkar dilçi xanım
Elçin Əlibəylinin nitqində bir neçə qüsur aşkar edib. Adam bundan
qeyzlənərək Feysbuk səhifəsində nə az, nə çox - düz üç status
yazıb. Necə deyərlər, özü özünün qərəzli, təkəbbürlü, cahil və
ədəbsiz bir teleaparıcı olduğunu sübut edib. Adam qərəzlidir, çünki
yazdığı ittihamların heç biri həmin xanımlara aid deyil. -Varı
şəkilçisini -vari şəklində təsdiq etmiş qurum Nazirlər Kabinetidir
və sözlükdəki xətalara görə dilçilərimizin hamısı məsuliyyət
daşımır. Yazır ki, Dilçilik İnstitutu 20 ildir ki, reklamlara, küçə
yazılarına göz yumur! Savadsızlığın dərəcəsinə bir baxın! İki
cümləlik bir statusda fikirlərini düzgün ifadə edə bilməyən və dil
normalarını kobud şəkildə pozan bir aparıcı bununla nə demək
istəyir? Niyə məhz 20 il? Adam reklamlardakı dil qüsurlarını
nəzərdə tutursa, birdəfəlik anlamalıdır ki, biz qüsurları aşkar
edən və lazımi qurumlara bununla bağlı irad və təkliflərimizi
çatdıran, problemin həlli yollarını göstərən, yəni, tövsiyyə verən
tərəfik. Görünür, Monitorinq şöbəsinin bu istiqamətdə gördüyü
çoxsaylı konkret işlərdən bu adamın xəbəri yoxdur. Əgər xəbəri
olsaydı, anlayardı ki, söhbət heç də Plotnikovun adına "niyə küçə
var"dan getmir, Vladislav Plotnikovun adının dəqiq yazılışından və
bu adın altında asılmalı olan məlumat lövhəciyindən gedir.
Qısası, bu adamın haqlı tənqidlərə dözümsüz yanaşması,
tənqidlərdən nəticə çıxarmaması özünün ziyanınadır. Onun monitorinq
zamanı aşkar edilmiş dil qüsurlarını burda bir-bir yazmağa ehtiyac
qalmır. Məncə, Feysbuk səhifəsində yol verdiyi çoxlu dil xətalarını
görmək yetərlidir. "Heyif" sözünü "heyf" şəklində yazan birisinə bu
qədər vaxt ayırmağa dəyərmi? Müqayisə üçün sizə Azər Axşam və Turan
İbrahimovun fikirlərini çatdırırıq. Fərqi - əxlaq və dilimizə
sayğını dərhal hiss edəcəksiniz!
Azər Axşam: "MTRŞ-ın qərarı ilə razıyam.
Azərbaycan dilində düzgün danışmaq və təbliğ etmək lazımdır. Təbii
ki, nöqsanlar var və yavaş-yavaş düzəlməlidir. Dilimizdə vərdişə
çevrilmiş sözlər var, onları düzəltməyə çalışırıq. Məsələn, musiqi
gəlsin yox, musiqi səslənsin və s. deməliyik. Sözləri düzgün
istifadə etmək lazımdır. Vaxtilə şou-proqramlarda aparıcılıq
etdiyimizə görə bəzi loru sözlər danışıq dilimizə daxil olub.
Tənqid olmasa inkişaf da olmaz".
Turan İbrahimov: "ATV səhər" verilişində
səhərlər iki saat efirdə oluram. Reklam və s. var. Biz də insanıq.
Müəyyən dil sürüşmələri olur. Danışıb, sonra düzəltmək imkanımız
yoxdur. Amma Azərbaycan ədəbi dilinin ümumi televiziya məkanında
doğru ifadə olunması ilə bağlı monitorinq aparanların (!)
tənqidlərini qəbul edirəm. Bundan sonra daha məsuliyyətli olmağa
çalışacağıq".
Qeyd edək ki, Elçin Əlibəyli monitorinqin nəticələri
açıqlandıqdan sonra ona irad tutan dilçilərin ünvanına bu
statusları paylaşıb:
"Bir lüğətdə "varı" və "vari" yazan Dilçilik Institutunun
əməkdaşlarıdır. Əməklərinə eşq olsun!"
"Dilçilik İnstitutu adlanan qurum iyirmi ildir, reklamlara, küçə
yazılarına göz yumur! Qarabağ şəhidimiz Plotnikovun adına "niyə
küçə var" deyən debillər yığnağıdır o institut! Heyf, Nəsiminin
adına..."
"Dili bilmirlər, lüğətdə ağzına gələni yazırlar, mənim nitqimdə
qüsür tapırlar. Gedin "c"larınızı düzəldin, əbləhlər! Mənim dilimdə
qüsur tutanın başqa yerində qüsur var".