Dağlıq Qarabağ ətrafındakı vəziyyətə nəzarət edən dünya
dövlətləri münaqişəni Yaxın Şərq regionunda baş verən hadisələrlə
əlaqələndirirlər. Buna görə də ötən ilin payızından başlayaraq,
vasitəçilər nizama salınma ilə daha fəal məşğul olmağa məcbur
oldular.
Bu barədə Rusiyanın "Vestnik kavkaz" nəşri yazıb.
Nəşr son dövrlər münaqişənin nizama salınmasında amerikalı
həmsədr Ceyms Uorlikin fəallığına diqqət çəkərək yazır ki, Minsk
qrupunun rusiyalı və fransalı həmsədri bunu normal qəbul etsə də,
ortada başqa nüanslar da var.
"Bununla belə bu ilin başlanğıcında belə şübhələr yarandı ki,
ABŞ Qarabağ münaqişəsinin nizama salınmasında öz oyununu aparır.
Söhbət o haqda gedir ki, Ceyms Uorlik ABŞ Konqresinin Nümayəndələr
Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Ed Roysla
münaqişənin həlli üçün sıx işləmək haqda razılığa gəlib. Hansı ki,
Ed Roys ABŞ-da ermənilərin sıx yaşadığı Kaliforniyadan olan
konqresmendir. Bakıda Konqres üzvlərinin ermənipərəst mövqeləri
haqda bilirlər. Buna görə də Uorlikin Roysla əməkdaşlığı narahatlıq
doğurmaya bilməz. Xüsusilə konqresmen Kristofer Smitin
"Azərbaycanda demorkatiya aktı" layihəsindən sonra Konqresin
etibarı kifayət qədər zədələnib. Bu akt Ed Rosyun rəhbərlik etdiyi
komitədə müzakirəyə çıxarılmalıdır. Analitiklər hesab edirlər ki,
əgər Smitin layihəsi Roysun rəhbərlik etdiyi komitədə
dəstəklənəcəksə, onun reallaşması şansları yüksələcək. Hərçənd,
sağlam düşüncə Bakıya qarşı bu sanksiyaları absurd hesab edir", -
deyə sayt yazır.
Məqalədə Azərbaycana qarşı sanksiya təşəbbüsləri erməni
lobbisinin birinci addımı kimi xarakterizə edilir: "İkinci məsələ
qoşunların təmas xəttində snayperlərin geri çəkilməsi, təmas xətti
boyunca hücumların mənbəyini müəyyənləşdirmək üçün müasir atəş
lokatorlarının və səs avadanlıqlarının yerləşdirilməsi ilə bağlı
tərəflərin razılığının əldə olunması və nəhayət, atəşkəs rejiminin
pozulması ilə bağlı nəzarəti yaxşılaşdırmaq üçün təmas xəttinə
ATƏT-in əlavə müşahidəçilərinin cəlb edilməsi təklifləridir. Bu,
hər şeydən öncə Ermənistan üçün vacibdir. Çünki o, işğalçılıq
siyasətindən əl çəkmək niyyətində deyil".
"Vestnik kavkaz" yazır ki, ABŞ-ın da burada öz məqsədi var:
"Vaşinqton bu addımı münaqişə zonasına Rusiyanın "mavi
dəbilqəliləri" – sülhməramlı qoşunlarının yerləşdirilməsi
təhlükəsinə qarşı atmaq niyyətindədir. Bunu Bakı da qəbul etmir,
lakin irəliyə doğru istənilən addım Qarabağda status-kvonun
dəyişməsinə gətirib çıxaracaq ki, bu da Ermənistanın uzun müddətli
işğalçılıq siyasətinə son qoymağa imkan yaradacaq. Digər ehtimala
görə, ABŞ-ın Qarabağda "idarəçilik mexanimzi" Moskvanın regionda
aktivləşməsinə qarşıdır".
Qeyd edək ki, ABŞ-ın irəli sürdüyü Qarabağda "idarəçilik
mexanizmi" ideyasının müəllifləri Ed Roysla Eliot Engeldir. Ötən
həftə Ed Roys Ceyms Uorliklə birgə keçirdiyi brifinqdə Barak Obama
Administrasiyasını Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli
üçün Roys-Engel təkliflərinin həyata keçirilməsini sürətləndirməyə
çağırıb.
Publika.az-ın hər iki konqresmen haqda
apardığı kiçik araşdırmada onların erməni diasporu ilə sıx
əlaqələrinə dair faktlar ortaya çıxıb.
Ed Roys ABŞ-da Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən
bir neçə il öncə yaradılan Ermənistana dəstək qrupunun həmsədri
olub. Respublikaçı konqresmen Roys həmçinin, uzun illər "Türkiyədə
müsadirə olunmuş xristian kilsələrinin və digər əmlakların geri
qaytarılması"na çağırışlar edərək, "erməni soyqırımı"nı tanıtmaq
cəhdləri edib. O, eyni zamanda 1992-ci ildə "Azadlığa dəstək akt"na
edilən və Azərbaycanı federal yardım alan ölkələrin siyahısından
təcrid edən 907-ci düzəlişin saxlanılmasının tərəfdarıdır.
Konqresmen Eliot Engel də siyasi mövqe baxımdan Roysla yaxındır.
O, Konqresdə müzakirələr zamanı dəfələrlə qondarma "erməni
soyqırımı" ilə bağlı məsələ qaldırıb. Bir neçə il öncə Ermənistan
KİV-nin yaydığı məlumatlara görə, Engel 2011-ci ilin martında
Amerikanın Erməni Assambleyasında Türkiyənin İsrailə qarşı düşmən
münasibətindən danışaraq, Ankaranı üzr istəməyə çağırıb, həmçinin,
1915-ci il hadisələrinə görə Türkiyəni ermənilərdən üzr istəməyə
razı salmağın vacibliyini diqqətə çatdırıb.
Bu faktlar amerikalı həmsədr Ceyms Uorlikin Dağlıq Qarabağ
münaqişəsinin həllində aktivlik göstərməsinin səbəblərinə aydınlıq
gətirir. Uorlikin ötən ilin sonlarında qondarma "DQR"-in
nümayəndəsi ilə görüşməsi də onun "vasitəçi diplomatiyası" haqda
çox şey deyir.