Tarixən Rusiyanın bəzi regionlarında müstəqillik
meylləri görünüb. Lakin bu, güclü Rusiya qarşısında özünü
doğrultmayıb.
Bu sözləri politoloq Zərdüşt Əlizadə Axar.az-a açıqlamasında
şimal qonşumuzun hazırkı vəziyyətini şərh edərkən deyib. Rusiyanın
çox çətin bir sınaq qarşısında olduğunu bildirən politoloq Kremlin
hər zaman daxildən və xaricdən gələn təhlükələri dəf etməyə
müvəffəq olduğunu qeyd edib:
"İqtisadi quruluşu, potensialı baxımından kiçik xalqarın böyük
Rusiyada inteqrasiyası prosesi tarixən çox ağır olub. Hazırda
Altay, Çuvaşiya, Tatarıstan, Buryatiya müstəqilliyə can atırlar.
Ancaq Rusiya nə qədər zəifləsə də, bu dövlətlərin müstəqillik
imkanları yoxdur. Bu ərazilərin müstəqilliyi Rusiyanın mərkəzində
güclü hakimiyyət olduqca mümkün olmayacaq. Yox, əgər dağılma
meyilləri Moskvadan başlayarsa, onda bu ərazilər müstəqillik əldə
edəcəklər. Rusiyanın dağılması ilə bağlı proqnozlar həm ölkənin
daxilində, həm də xaricində yayılır. Rusiyanın parçalanması
məsələsi bir qədər riskli olsa da, qarşıda bu ölkəni çox ağır zaman
və sarsıntılar gözləyir".
Politoloq Rusiyanın zəifləməsinin Pekin-Moskva əlaqələrinə təsir
etməyəcəyini açıqlayıb:
"Müasir Çinlə Rusiyanı bir çox iri iqtisadi və siyasi layihələr
birləşdirir. Düzdür, tarixən iki imperiya arasında savaş olub və
Rusiya mübahisəli torpaqları sonradan Çinə qaytarıb. Hazırda isə
Çin iqtisadi potensialından istifadə edərək Rusiyadan almaq
istədiyini alır. Rusiyanın iqtisadi cəhətdən zəifləməsi fonunda Çin
Rusiya ilə əlaqələrini pozmayacaq".