AŞPA-da 11 illik fəaliyyətim dövründə ən ədalətsiz bir
müzakirənin şahidi oldum.
Bu sözləri Axar.az-a açıqlamasında Avropa Şurası Parlament
Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə
Paşayeva bildirib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan
əleyhdarlarına daha çox çıxış etmək imkanı yaradılan müzakirələrdə
bir daha din faktorunun nə qədər önəmli olduğu hiss edilib:
"Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində
zorakılıq hallarının artması" adlı hesabatın müzakirəsi zamanı
çıxışa yazılmış 6 nəfər Azərbaycan münayəndə heyəti üzvündən yalnız
Rafael Hüseynova söz verildi və o, həqiqətləri Assambleyanın
diqqətinə çatdırdı. Müzakirələr elə təşkil edilmişdi ki,
ümumiyyətlə çox az adam çıxış edə bildi. Azərbaycan əleyhdarlarına
daha çox çıxış etmək imkanı yaradılan müzakirələrdə bir daha din
faktorunun nə qədər önəmli olduğunu hiss etmək çətin deyildi.
ATƏT-in Minsk Qrupu həmsədrləri isə bütün təzyiq gücünü işə salaraq
"monopoliyamda olan məsələnin müzakirəsinə imkan verməyəcəm"
açıqlamasını bir sıra millət vəkilinin dilindən açıq şəkildə
səsləndirdi. Minsk Qrupu həmsədrlərinin bu mövqeyi onların
problemin həllində deyil, onun dondurulmuş vəziyyətdə saxlanmasında
maraqlı olduqlarını, ədalətin yanında olmadıqlarını bir daha sübut
etdi".
Q.Paşayeva bildirib ki, nəinki bütün Ermənistan, erməni lobbisi,
bir sıra Avropa dövlətləri də sənədin qəbul olunmaması üçün ciddi
lobbiçilik ediblər:
"Özəlliklə Fransanı qeyd etmək istərdim. Fransa nümayəndə
heyətindən çıxış edənlərin Ermənistan heyətindəkilərdən heç bir
fərqi yox idi. Çıxış imkanı olmamasına baxmayaraq, düzəlişlərlə
bağlı 30 saniyəlik qısa zamandan istifadə edərək AŞPA-dakı
həmkarlarımı Azərbaycan heyəti adından sənədin qəbuluna çağırsam
da, psixoloji ab-havanın nə qədər gərgin olduğunu hamımız hiss
edirdik. Amma Azərbaycan bütün ədalətsizliklərə rağmən çox iş
aparmışdı və sadəcə 4 səslə sənədin qəbul olunmasını
əngəllədilər".
Deputat "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin
qəsdlə içməli sudan məhrum edilməsi" adlı məruzənin AŞPA-da
qəbuluna da münasibət bildirib:
"Birinci sənədi əngəlləsələr də, onun daxilində olan əsas məsələ
- Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, işğalda
saxlaması məsələsi 2-ci sənəddə də öz əksini tapır və bu sənədin
qəbulu çox vacib idi. Bu sənəddə Ermənistanın işğalçılığından
tutmuş insanlığa qarşı addımlarına qədər, hər şey əks olunub.
Ərazilərimizin Ermənistanın işğalından azad edilməsi üçün
Azərbaycan dövləti sadəcə Ermənistan, erməni diasporu və lobbisi
ilə deyil, onların arxasında dayanan bir sıra başqa güc və
dövlətlərlə də mübarizə aparır. Bunu bugünkü müzakirələrdə bir daha
açıq görə bildik və bütün dünyada yaşayan türklərin bunları bilməsi
çox vacibdir".
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış
sessiyası çərçivəsində bu gün "Azərbaycanın qəsdən sudan məhrum
edilmiş sərhəd rayonlarının sakinləri" qətnaməsi 98 lehinə, 71
deputat əleyhinə olmaqla qəbul edilib (40 deputat bitərəf qalıb),
Robert Uolterin (Böyük Britaniya) "Dağlıq Qarabağ və Azərbaycanın
digər işğal olunmuş ərazilərində zorakılığın artması" qətnaməsi isə
70 əleyhinə, 66 lehinə olmaqla (45 nəfər bitərəf) qəbul
edilməyib.