Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar
iclasında beynəxalq terrorizmə qarşı mübarizə məslələrinə həsr
edilən 2 məruzənin müştərək müzakirəsi zamanı bu qurumda bəzi
şəxslərin qərəzli və qeyri-obyektiv yanaşmaları, ikili
standartlarla işləməsinin bariz nümunəsi olan hadisə baş
verib.
Gün.Az xəbər verir ki, Azərbaycan nümayəndə
heyətinin üzvü Rafael Hüseynov müzakirələrə qatılaraq əvvəlcə
terrorizmin bütün dünya üçün qorxu törədən bəla olduğunu
vurğulayaraq, bu mərəzə qarşı mübarizənin hamılıqla, bir-birinə
dəstək olaraq aparılmasından bəhs edib.
R.Hüseynov daha sonra beynəlxalq terrorizmin mühüm tərkib
hissəsi olan erməni terrorizminin dünyaya yayılmış şəbəkəsi və
onların ayrı-ayrı qanlı cinayətləri barədə konkret faktları dilə
gətirib.
Lakin R.Hüseynov nitqini sona çatdırmağa az qalmış deputatımıza
çıxış üçün ayrılmış vaxtın hələ tamamlanmamasına baxmayaraq, iclası
həmin anda idarə edən AŞPA vitse-prezidenti, Niderland nümayəndə
heyətinin rəhbəri Ria Oomen Ruijten onun sözünü kəsərək bu
danışılanların mövzuya dəxli olmadığını bildirib.
R.Hüseynov vitse-prezidentin bu tənqiqi fikirlərə dözümsüzlüyünə
dərhal etiraz edərək ayrılan vaxt içərisində düşüncələrini ifadə
etməyin onun hüququ olduğunu, digər tərəfdən də iradı qəbul
etmədiyini, birbaşa mövzuya aidiyyəti olan məsələlərdən bəhs
etdiyini bildirib.
O, mikrofonu söndürsə də, azərbaycanlı deputatı susdura
bilməyib.
R.Hüseynov belə hərəkətlərin insan hüquqlarına, Avropa Şurası
prinsiplərinə zidd olduğunu söyləyərək iclası belə idarə etməyin
Nizamnamə tələblərinə əks getdiyini bəyan edib:
"Mənim sözümü yarımçıq kəsməyə sizin haqqınız yoxdur. Biz
buradan həqiqətləri ifadə edirik. Heç kəsin subyektiv mülahizələrlə
bizə mane olmaq ixtiyarı yoxdur".
İclasla bağlı nəşr edilən rəsmi stenoqramda bu qarşıdurma
müəyyən qədər yumşaldılsa da, hər halda əksini tapıb.
Azərbaycanlı deputat baş vermiş hadisənin ikili standartların,
ermənipərəst mövqeyin təzahürü olduğunu nəzərə alaraq və gələcəkdə
bu qəbil əyintilərin qarşısının alınması məqsədi ilə geniş şikayət
məktubu ilə Avropa Şurası Parlament Assambleyasının sədri Pedro
Aqpramuna və Avropa Şurasının Baş katibi Turbyorn Yaqlanda müraciət
edib.
Avropa Şurası rəhbərliyi R.Hüseynovun müraciəti ilə tanış
olduqdan sonra onu Prezident Komitəsinin növbəti toplantısında
müzakirə edərək müvafiq qərar çıxarmağı qət edib.
R.Hüseynovun AŞPA vitse-prezidenti ilə bağlı müraciətində
deyilir:
"Assambleyasının plenar iclasında "Avropa Şurasının standartları
və dəyərlərini qoruyaraq beynəlxaıq terrorizmə qarşı mübarizə" və
"Suriya və İraqda əcnəbi döyüşçülər" adlı iki məruzənin birgə
müzakirəsi zamanı iclasa sədrlik edən xanım Ria Oomen Ruijten
tərəfindən Avropa Şurasının norma və prinsipləri kobud şəkildə
pozulmaqla mən açıq təhqirə məruz qoyulmuşam.
Qəbul edilmiş qaydalara müvafiq olaraq ayrılmış 3 dəqiqə ərzində
bilavasitə müzakirə edilən mövzular ətrafında fikirlərimi ifadə
edərkən xanım Ria Oomen Ruijten kobud şəkildə sözümü kəsmiş və mənə
nitqimi başa çatdırmağa imkan verməmişdir.
Xanım Ria Oomen Ruijten belə bir addımı atmaq üçün açıq
saxtakarlıq edərək guya mənim mülahizələrimin müzakirəyə çıxarılmış
mövzu ilə əlaqədar olmamasını bəhanə gətirib. Mən həqiqətə zidd
olan belə bir qeyri- real əsaslandırmanı qətiyyətlə rədd edirəm və
Assambleyada mikrofonsuz olsa da dərhal bu fikrimi bildirmişəm.
Mən müzakirənin mahiyyətinə tam uyğun olaraq terrorizmin bütün
bəşəriyyət üçün təhlükə olması, ona qarşı mübarizənin hamı
tərəfindən birgə aparılmasının zəruriyyətindən bəhs etdikdən sonra
beynəlxalq terror şəbəkəsində xüsusi qorxulu yeri olan erməni
terrorizmi ilə bağlı konkret faktları sadalamışam.
Ayrıca vurğulayıram ki, həm də mən Ermənistan- Azərbaycan
münaqişəsi, Ermənistanın Azərbaycana qarşı törətdiyi, saysız
nümunələri olan müdhiş terror əməllərindən deyil, erməni
terrorizminin dünya miqyasındakı dəhşətli cinayətlərindən, konkret
olaraq Fransada həyata keçirmiş olduğu terror aktı barədə məlumat
vermişəm.
Xanım Ria Oomen Ruijtenin məndən az sonra söz alan Azərbaycan
nümayəndə heyətinin digər üzvünün də bilavasitə mövzu ilə bağlı
çıxışını yenə beynəlxalq erməni terrorizmi probleminə toxunulunca
kobud şəkildə yarımçıq kəsməsi artıq bunun tendensiya səciyyəsi
daşıması, xüsusi gizli məqsədlərə xidmət edən qərəzli bir hərəkət
olması nəticəsini çıxarmağa imkan verir.
Xanım Ria Oomen Ruijten ona verilmiş səlahiyyət və imkandan
subyektiv şəkildə, həm də qaba bir tərzdə istifadə edərək açıq
şəkildə erməni təəssübkeşliyi nümayiş etdirmiş və ən təəccüblüsü də
budur ki, əslində Ermənistanın və ermənin xalqının deyil, ümumi
düşmənimiz olan beynəlxalq erməni terrorizminin müdafiəçisi və
lobbiçisi kimi çıxış edib.
Bütün bunları nəzərə alaraq bəyan edirəm: Belə bir davranış
Avropa Şurasının qəbul edilmiş norma və prinsiplərinə, davranış
normalarına, bütövlükdə, insan hüquqlarına daban-dabana ziddir.
Nəyi demək olar, nəyi demək olmaz kimi yanaşma atrıq açıq şəkildə
Avropa Şurasında bilvasitə siyasi senzuranın tətbiqi deməkdir və
uğrunda mübarizə apardığımız demokratiya ölçülərinə tam zidd olan
belə halların ortya çıxması çox təhlükəlidir.
Bu, Avropa Şurası tribunasından rəsmi vəzifə və səlahiyyət
sahibinin, indiki halda konkret olaraq xanım Ria Oomen Ruijtenin
açıq lobbiçilik etməsi nümunəsidir və bu biabırçı cəhdin mütləq
siyasi qiyməti verilməlidir. Xanım Ria Oomen Ruijtenin tam
ədalətsiz, qeyri-obyektiv, qanuna zidd olan əməlini müdafiə edən
kimlərsə tapılarsa, bu özünüifşaya çevriləcək, onların da eyni
şübhəli və təmiz olmayan xəttə xidmət etdiklərini nümayiş
etdirəcək.
Ali məqsədi insan hüquqlarını qorumaq olan bir təşkilatda bu
hadisə ən yüksək səviyyədə həyata keçirilmiş insan haqlarına
hörmətsizlik nümunəsidr və bir fərd, bir deputat olaraq mən belə
haqsızlıq və həqarətə dözə bilmərəm. Mən 15 il üzvü olduğum və
ümumi işinə ürəkdən xidmət etdiyim, tərəqqisinə mümkün töhfələrimi
verdiyim təşkilatda qanuni haqlarımın belə təhqiramiz şəkildə
pozulmasına ən kəskin etirazımı bildirirəm.
Mən xanım Ria Oomen Ruijten Avropa Şurasının norma və
prinsiplərini, qəbul edilmiş Nizamnamə tələblərini pozduğuna, məni
açıq şəkildə təhqir etdiyinə, kobud formada hüquqlarımı
tapdaladığına görə dərhal rəsmi şəkldə üzr istəməsini tələb
edirəm.
Belə bir qanunazidd hərəkətə yol vermiş xanım Ria Oomen
Ruijtenin bundan sonra AŞ PA iclaslarını idarə etməsini ziyanlı,
məqsədəuyğun olmayan hal hesab edirəm..."