Azərbaycanın Dağlıq Qarabağı
geri qaytarmaq cəhdlərinə dəstək verməkdən imtina etməklə, biz
hamımız Kremlin dəstəklədiyi və Moldovadan Dnestryanını,
Gürcüstandan Abxaziyanı, Ukraynadan Krımı, Donbası, Luqanskı
alanlardan heç bir şeylə fərqlənməyən erməni separatçılarının
yanında dayanırıq.
Axar.az xəbər verir ki, bu sözlər litvalı jurnalist Qintaras
Visotskasın "slaptai.lt" saytında yayımlanan "Avropada kifayət
qədər dondurulmuş konflikt sevənlər var" məqaləsində yer alıb. Onun
sözlərinə görə, separatçı qruplara dəstəyin artması gələcəkdə Litva
və digər Baltikyanı ölkələr üçün problemlər yarada bilər:
"Biz hətta neytral mövqe seçib, nə Bakının, nə də İrəvanın
yanında dayanmayaq, deməklə səhv addım atmış oluruq. Sadəcə,
müstəqilliyimizi bərpa edən zaman Vilnüs və Klaypeda Litvaya
qanunsuz olaraq məxsusdur, deyən ictimai xadimləri yada salmaq
lazımdır. Bu güclər indiyə qədər heç bir yerə getməyib. Onlar
sakitcə lazımı anı gözləyirlər ki, anti-Litva kampaniyasına
başlasınlar. Əgər gələcəkdə bu cür beynəlxalq gərginlik meydana
gəlsə, biz axmaq vəziyyətə düşə bilərik. Dalya Kuoditenin parlament
qrupunun Dağlıq Qarabağı işğal edən güclərlə rəsmi dostluğu bizi
Krımı, Donbası, Abxaziyanı, Dnestryanını işğal edənlərə haqq
qazandıranlarla yaxınlaşdıra bilər".
O, həmçinin AŞPA-da Azərbaycanın ərazi bütövlüyü ilə bağlı
müzakirə edilən qətnamələrdən birinin qəbul olunmamasına görə
təəssüfləndiyini bildirib:
"Britaniyalı deputat Robert Valterin qətnaməsində anti-insani,
anti-demokratik heç nə yox idi. Burada, sadəcə, Ermənistanın bir
daha elementar ədəb qaydalarına əməl edib, işğal edilmiş
torpaqlardan çıxmasına çağırış var idi. Doğrudur, cənab Valterin
qətnaməsi sərt idi və Dağlıq Qarabağı kimin işğal etməsini dəqiq
göstərirdi. Ona görə də Avropada bu qətnamənin qarşısını Rusiya və
erməniyönlü qüvvələrin alacağı gözlənilən idi. Nüfuzlu erməni
diplomatlar yanvarın 26-na qədər Litvanı da ziyarət etmişdilər.
Ermənistan Parlamentinin sədr müavini Dağlıq Qarabağın Ermənistana
məxsus olması gərəkdiyini, burada ermənilərin yaşadığını bizim
siyasətçilərə anlatmağa çalışırdı. Bu məntiqlə gərək Donbas,
Luqansk və Krım ərazisində daha çox ruslar yaşadığına görə o
ərazilər Rusiyaya təhvil verilsin.
Valterin qətnaməsinə bir aspekt də xarakterikdir. O, Avropanın
ciddi fəlakətlərə baxışında gücsüz olduğunu sübut edir. Artıq 20 il
keçib. Ermənistan Avropa instansiyalarının tələblərini,
məsləhətlərini, əmrlərini yerinə yetirməkdən imtina edir, avropalı
parlamentarilər isə çarəsizcə bunu izləyirlər. Bəlkə də qətnamə həm
də Avropa Şurasının öz gücsüzlüyünü ictimaiyyət qarşısında etiraf
etməkdən rəsmən utandığına görə qəbul edilmədi?"
Qeyd edək ki, Dalya Kuodite rəsmi Bakının icazəsi olmadan
2014-cü ildə Dağlıq Qarabağa qanunsuz səfər edib. O burada
separatçı rejimin liderləri ilə görüşlər keçirib.