Əgər Avropa Şurasında bu
məsləyə ciddi yanaşsalar, Naira Zöhrabyanın AŞPA-dakı üzvlüyünə
xitam verilə bilər.
Bu sözləri Axar.az-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin
üzvü Fazil Mustafa erməni deputat Naira Zöhrabyanın türkiyəli
millət vəkili, əslən erməni olan Markar Esayanı təhqir etməsi
barədə danışarkən deyib.
Millət vəkilinin sözlərinə görə, Zöhrabyana qarşı hüquqi tədbir
görülməlidir:
"Ümumiyyətlə, Naira Zöhrabyan çox tərbiyəsiz deputatdır.
Davranışları, hərəkətləri, qışqırıqları Avropa Şurasında hamını
bezdirib. Bu, bəlkə öz dədəsini də elə təhqir edir. Ona görə də bu
tərbiyəsiz adama qarşı hüquqi tədbir görülməlidir. Çünki hər hansı
bir şəkildə küçədən keçən adamların Ermənistandan Avropa Şurasına
göndərilməsinin qarşısı alınsın. Yəni daha abırlı adam göndərə
bilərlər. Bu baxımdan Zöhrabyanın üslubu odur. Belə üslubda olan
adamlar da qəsdən ora göndərilir ki, həyasızlıqla erməni
iddialarını, yalanlarını cəmiyyətə sırımağa çalışsınlar. Açığı, bu,
ciddi hüquqi nəticə doğuran məsələdir. Əgər Avropa Şurasında bu
məsləyə ciddi yanaşsalar, Zöhrabyanın AŞ üzvlüyünə xitam verilə
bilər. Çünki heç kəsin Avropa parlamentində deputatı mövqeyinə görə
təhqir etmək hüququ yoxdur".
Millət vəkili Azərbaycanın Türkiyəyə ciddi dəstək verəcəyini
bildirib:
"Bu məsələdə Türkiyə ilə birgə çalışmağa ehtiyac yoxdur. Məsələ
gündəmə gələndə Azərbaycan tərəfi Türkiyəyə ciddi dəstək
verəcək".
Xatırladaq k, AŞPA-nın qış sessiyasının gedişində Türkiyənin
AŞPA-dakı nümayəndə heyətinin üzvü, milliyyətcə erməni olan Markar
Esayan Robert Uolterin müəllifi olduğu "Dağlıq Qarabağ və ətraf
ərazilərdə zorakılığın artması" adlı qətnamənin lehinə səs verib.
Bundan sonra Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin sədri Naira
Zöhrabyan yaxınlaşaraq onu təhqir edib.
Türkiyə nümayəndə heyəti bu əməlinə görə Naira Zöhrabyanın
AŞPA-da səsvermə hüququndan məhrum edilməsi ilə bağlı müraciət
hazırlayıb.