Axar.az tarixçi alim Kərəm Məmmədovun APA TV-dəki "Səsli tarix"
proqramında Altay nəzəriyyəsinin əleyhinə olan arqumentlərini
təqdim edir.
Altay sülalələrini gözdən salmaq üçün uydurulmuş
nəzəriyyə
Altay nəzəriyyəsi dediyimiz nəzəriyyə XVIII-XIX əsrlərdə
formalaşmağa başlayıb. Mahiyyət nədən ibarət idi? O dövrdə
müstəmləkə işğalları olduğuna görə, çox vaxt ingilislər,
portuqallar, fransızlar, ispanlar işğal etdikləri ərazilərdəki
hakim sülalələri xalqın gözündən salmaq, eyni zamanda onların gəlmə
olduqları haqqında miflər uydururdular. Altay xalqları dedikdə
Türk, Monqol, Mancur-Tunqus, Koreya və Yapon xalqları nəzərdə
tutulur. Altay dil ailəsini ona qohum olan bir dil ailəsi ilə
birləşdirərək Ural-Altay dil ailəsi adlandırırlar. Ural xalqlarına
özlərini suomi adlandıran finlər, uqorlar və saamayed
(xantı-mansilər) daxildirlər. Altay xalqlarının bölgüsünə gəldikdə
isə, 1-ci mərhələdə bunları 3 qismə ayırırdılar - türklər,
monqollar, tunqus-mancurlar. Lakin sonradan Avropada aparılan
araşdırmalar nəticəsində məlum oldu ki, yapon dili və Koreya
dilləri də Altay dil ailəsinə daxildir. Mahiyyət isə ondan ibarət
idi ki, bu xalqların əcdadları Altay dağları və onun ətrafında
formalaşıb, ondan sonra müxtəlif istiqamətlərə yayılıblar. Dil
ailələri ilə mədəniyyətlə, eyni zamanda antropoloji görünüşlə çox
vaxt üst-üstə düşməyə bilər. Bu, tarixin qızıl qaydasıdır. Bəs o
zaman Altay nəzəriyyəsi niyə uyduruldu? Yeganə məqsəd o dövrdə
istər Avropanın bir qismində, istərsə də Asiyanın böyük qismində,
Afrikanın şimalında hakimiyyətdə olan Altay sülalələrini gözdən
salmaq, onların gəlmə olmasını təbliğ etmək idi.
Altay nəzəriyyəsini puçluğunu üzə çıxaran amil:
mədəniyyət
Mədəniyyətə gəldikdə isə, məhz elə mədəniyyət faktoru Altay
nəzəriyyəsinin puçluğunu üzə çıxarır. Məsələn, ilk yazı olaraq
petroqlif yazılar qəbul olunur. Qobustandan tapılan şəkilli
işarələr eynilə Sibirdə və Mərkəzi Asiyada tapılan yazı işarələri
ilə üst-üstə düşür. İstər oradakı insan şəkilləri, maral şəkilləri,
öküz şəkilləri yüzdə yüz eynidir, bir-birini təkrarıdır. Tarixdə
qlottogenez deyilən anlayış var, yəni dil tarixi. Bir də
kulturogenez var, yəni mədəniyyət tarixi. Ən nəhayət antropogenez,
yəni insanların özlərinin mənşələri və kökləri. Məsələn, dil
baxımından bütövlükdə, dünya xalqları 4 böyük qola ayrılırlar:
amorf dillər, aqqlyutinativ dillər, flektiv dillər və polisintetik
dillər. Məsələn, aqqlyutinativ və ya iltisaqi dillər deyəndə, bu,
Ural –Altay dil ailəsinə, daha çox da Altay dil ailəsinə aid
edilir. Yəni, bu dilin morfoloji quruluşu belədir ki, əvvəlcə isim
gəlir, sonra təyin, tamamlıq və fel. Amorf dillər dedikdə isə Çin
dili nəzərdə tutulur. Məsələn, Çin dilində bir işarə bir sözü
bildirir. Adicə düz çəkilmiş və yanlarında iki dənə aşağı çəkilmiş
xətt varsa, bu kişi mənasını bildirir, eyni xətt yuxarı çəkilibsə,
bu qadın mənasını bildirir. 3 dənə eyni çəkilmiş kişi bildirən
heroqlif ordu deməkdir. 3 dənə qadın işarəsi bildirən şəkil qeybət
deməkdir və sair. Bu cür dillərə amorf dillər deyilir. Bu dillərdə
kök olduğu kimi qorunub saxlanır.
Bəs flektiv dillər nə cürdür? Bu dillərdə söz önlükləri var,
müəyyənlik, qeyri-müəyyənlik dərəcəsi var, bundan başqa, burada
artıq fel isimdən sonra gəlir. Flektiv dillər Hind-Avropa dilləri
və ərəb dilidir. Ərəb deyəndə mən təbii ki, bütövlükdə sami dil
ailəsini nəzərdə tuturam, buraya həbəşlərin bir qisminin dili,
yəhudi dili və müxtəlif qədim sami xalqlarının, akkadların,
assuriyalıların dilləri daxildir. Hind-Avropa dilləri isə alman,
ingilis, fransız, slavyan,və bəzi izolyasiya (təcrid) olunmuş
xalqların dilləridir.
Polisintetik və ya inkarpasiya edən dillərrdə isə hazırda ancaq
Kamçatkada və Çukotkada yaşayan əhali danışır. Buna da elə çox
zaman bu dillərə Çukotka-Kamçatka dil ailəsi deyilir. Bu dildə
danışanlara çukçalar, koryaklar daxildir.
Qlottogenezlə məşğul olan alimlər qeyd edirlər ki, ən qədim
dillər iltisaqi dillərdir. Nəyə görə? Alman dilində deyirsən ki,
"mən şəhərə gedirəm və yaxud kəndə gedirəm" - Ich gehe in Dorf",
"ich" – mən, "gehe" – gedirəm, "in Dorf" – kəndə. Biz nə cür
deyirik? "Mən kəndə gedirəm". Rus dilində isə deyilir – "Я еду в
город". Ancaq Çukotka-Kamçatka dil ailəsi deyir ki "şəhərləyirəm".
"Şəhərləyirəm" o deməkdir ki, "mən şəhərə gedirəm". Bu fikri amorf
dillərdə izah etmək üçün bir düz xətt çəkilir, o düz xətt iki yerə
bölünür, yəni yerimək işarəsi bildirir və şəhər mənasını ifadə
edir.
Qafqazdan xalqları deportasiya etmək üçün uydurulmuş
sovet nəzəriyyəsi
Danimarka alimi Murrey Helman deyir ki, "əgər dillərin tarixinə
fikir versək, morfoloji, sintaksis və fonetik baxımdan ən qədim
dillər türk dilləridir". Bəs keçmiş SSRİ-də alimlər hansı mövqedən
çıxış edirdilər? Təbii ki, nəzərə alsaq keçmiş SSRİ türk xalqlarına
o qədər də "məhəbbəti" ilə seçilmirdi və daha çox türklərin daima
Monqolustan ərazisindən, Mərkəzi Asiyadan gəldiyi təbliğ olunurdu.
Bu proses xalqların deportasiyası dönəmində daha çox qızışdı.
SSRİ-də bir addım atılmazdan əvvəl onu "elmi baxımdan"
əsaslandırmağa çalışırdılar. Qaraçayları, balkarları, Ahıska
türklərini deportasiya edən zaman bunu belə əsaslandırıdılar - "siz
oradan gəlmisiniz, ora da qayıtmalısınız". Eyni zamanda, Cənubi
Qafqazda ən çox çoxsaylı xalq olan Azərbaycan türklərini gəlmə elan
etməklə sanki onları buradan sıxışdırıb çıxarmağa çalışırdılar.
Ötən əsrin əvvəllərində nostratik dil ailəsi deyilən bir
nəzəriyyə yaradılmışdı. "Nostra" sözünün özü " bizimki" deməkdir.
Qədim dil ailələrindən danışdıqda vaxtilə deyirdilər ki, bütün
xalqlar bir dildə danışıb və bu dil qrupundan başqa dillər ayrılıb.
Semit-Hamit, Hind-Avropa və Türk dillərini də buraya daxil
edirdilər. Niyə? Çünki leksemlərin müqayisəsi zamanı məlum olmuşdu
ki, türk dili nostratik dillərdən biridir, əgər belə olmasaydı,
onda o biri dillər arasında heç bir əlaqə ola bilməzdi.
Türk kafası - dolixokefal
Prosesi təkcə, dil nümunələri əsasında izah etmək düzgün deyil.
Yəni, tarix elmi dedikdə, bizə bir ümumi bir fikir deyirik, tarix.
Axı tarixin özünün köməkçi fənləri var, lap zirvədə duran və
faktları danılmaz olan sahələr var. Məsələn, antropologiya. Bəs
antropologiya elmi nəyi deyir? Dünya xalqları baş quruluşuna görə 3
qismə ayrılırlar: dolixokefal, mezokefal və braxikefal. Bunlar baş
ölçüsünə əsaslanan sistemdir, İsveç alimi Retsius tərəfindən kəşf
edilib. Retsiusun xüsusi pərgarı var idi. Başın əvvəl eni, sonra
uzunu ölçülürdü. Başın eninin uzununa nisbətinin 100-ə vurulması
nəticəsində alınan rəqəm baş indeksi adlanır. Əgər alınan rəqəm
76-dan azdrısa, bu cür baş quruluşuna "dolixokefal kəllələr"
deyilir. 76-80.9-a qədərdirsə, bu başlar "mezokefal" adlanır.
81-dən yuxarı olanlara isə "braxikefal" deyirik. Bəs Altay xalqları
yaşayan regionda bu təsnifat necədir? Məsələn, Cənubi Qafqazdan
tapılan ilk "homo sapiens" Firuz düşərgəsindən aşkar edilən, yəni
Qobustandan tapılan insan kəllələridir. 11 kəllə sümüyündən ikisini
ölçmək mümkün olub. Məlum olur ki, baş quruluşuna görə, bu adamlar
"dolixokefal"dırlar. Sonrakı mərhələdə Neolit dövrü abidələrindən
Çiatura yaxınlığından tapılan kəllə "broxikefallığa" meyllidir.
Qalan bütün tapıntılar isə "dolixokefal"dır. Kür-Araz mədəniyyəti
dövründə tapılan bütün kəllələr öz baş quruluşuna görə
"dolixokefal"dırlar. Qəribə burasıdır ki, hayların Qafqazda qədim
xalq olduğunu daima gözə soxmağa çalışan Valeri Pavloviç Alekseyev
özü də etiraf edir ki, "dolixokefal" kəllə quruluşuna malik
insanlar türklərdir. Türkləri çox vaxt nədə qınayırlar? Deyirlər,
guya türklər köçəri maldar olublar və Altaylardan iki istiqamətdə
Şərqə doğru irəliləyiblər. Bir istiqamət Volqaboyu istiqaməti olub,
ikinci istiqamət isə Xəzər dənizinin güneyi olub. Və onlar
getdikləri bölgələrdə mədəniyyət qura-qura gedirlər. Və sonda biz
nə ilə rastlaşırıq? Görürük ki, Afanasyevo və Andronovo
mədəniyyətlərinin qurucuları ilə Cənubi Qafqazdakı mədəniyyət
qurucularının kəllə indeksləri eynidir. Və "Yamnaya kultura"
deyilən bir şey var, yəni Çuxur mədəniyyəti. Bu mədəniyyətin
yayılma arealı Sibirə qədər gedib çıxır. Sibirdə biz nə ilə
rastlaşırıq? Pazrıq kurqanlarından tapılan xalçalardakı şəkillərlə.
Ruslar özləri də etiraf edirlər ki, şəkildəki adam antropoloji
cəhətdən qafqazlıdır.
Çaxavaşvili və Vitrov: Gürcü və ermənilər Cənubi Qafqaza
gəlmədir
Və əgər Qafqazdan danışırıqsa, görkəmli gürcü dövlət xadimi və
mütəffəkkiri İvane Çaxavaşvilinin 1916-cı ildə nəşr olunmuş "Gürcü
xalqının tarixi" əsərinə istinad etməliyik. Orada Çaxavaşvilinin
gözəl bir etirafı var. Deyir ki, antropologiya elmi baş quruluşuna
görə xalqları 3 qola ayırır. Bunların ikisi əsasdır: dolixokefal və
braxikefal. Və ardınca əlavə edir ki, Qafqazın qədim qəbirlərindən
tapılan kəllələrin əksəriyyəti "dolixokefal" olduğuna görə biz
qəbul etməliyik ki, ermənilər və gürcülər bu bölgəyə gəlmədir. Və
sonradan əlavə edir ki, bu fikri hətta Virxov da təsdiq edir. Bəs
Virxov özü kimdir? O, Avstriya-Macarıstan İmperator Akademiyasının
antropologiya üzrə mütəxəssisi idi. Virxov araşdırmalardan sonra
haqlı olaraq, ermənilərin və gürcülərin Cənubi Qafqaza gəlmə
olduqlarını söyləməyə məcbur idi.
Daha bir arqument: Buz təbəqəsi üzərində dil formalaşa
bilərmi?
Türklərin dünyaya Altay dağlarından yayıldığı iddiasını alt-üst
edən daha bir arqument. Adicə Bakıda -5 dərəcə şaxta olanda
yaşananları göz önünə gətirin. Amma mezolit dövrünə qədər Avropanın
böyük bir hissəsi, eləcə də bugünkü Sibir daxil olmaqla böyük
ərazilər buz təbəqəsinin altında idi. Bəzi yerlərdə buz təbəqəsinin
qalınlığı 1,5 km-ə çatırdı. Belə bir yerdə insan formalaşa
bilərdimi? Təbii ki, yox. Nitqə gəldikdə, nitq Üst Paleolitdə
formalaşıb, 40 min il bundan öncə. Və 40 min il bundan öncə yer
kürəsinin hansı hissələrində yaşayış var idi? O buzun içərisində
türk dilləri formalaşa bilərdimi? Təbii ki, xeyr.
Hayların dil irsi: həbəş əlifbası və pəhləvi
dili
Bəs Altay nəzəriyyəsinin tərəfdarları nəyi əsas götürürlər?
Deyirlər ki, Cənubi Qafqazda türk dilində yazılı mənbələr olmayıb.
Guya Cənubi Qafqazda gürcü və erməni dilinin yazısı olub? Kilsə
ədəbiyyatını hansısa etnosa aid etmək düzgün deyil. Yəni, hay
dediyimiz ermənilərin əlifbası əslində həbəş əlifbasıdır. Elmdə ona
amxara əlifbası deyilir. Və bu gün o amxara əlifbası din
əlifbasıdır, dil əlifbası deyil. Çünki o əlifba ilə daha çox dini
kitablar yazılırdı. Və hay dediyimiz adamların dilləri də 2
mərhələdən keçmişdir – qrabar və aşxarabar. Qrabar dilinin 60
faizdən çoxu, aşxarabar dilinin isə 32 faizi pəhləvi sözləridir.
Bunu erməni alimləri özləri də etiraf edirlər. Məlum olur ki,
pəhləvi dili ilə qrabar hay dili 62 faiz eynidir. Dünya alimlərinin
əksəriyyəti bunu qəbul edir ki, Hind-Avropa dil ailəsi dediyimiz
dil ailəsi Qafqazdan kənarda formalaşıb. Bilirsiniz, qəribə məntiq
yaranır. Buzlaq olan yerdə guya türk dili yaranıb, Qafqazda isə
Hind-Avropa dil ailəsi təmsil olunmayıb. Bəs onda kim, hansı millət
danışıb burada? Çox vaxt deyirlər, buranın əhalisi Qafqaz dil
ailəsində danışıb. Və həmin Qafqaz dil ailəsi ilə bağlı tədqiqat
aparan alimlər deyirlər ki, Qafqaz dil ailəsində danışan ən
çoxsaylı xalqın - gürcülərin dili iltisaqi dil sisteminə daxildir.
İltisaqi dil sisteminin də ən çox yayıldığı bölgə Altay
xalqlarıdır. Necə olur ki, həm gürcülər, həm də Altay xalqları da
iltisaqi dil sistemində olur? Sizcə, burada kim kimin təsiri
altında olub?
Günəşi ovlayanlar, Günəşin ardınca gedənlər
O dövrün tarixi coğrafiyası baxımından mezolit dövründən
başlayaraq, yəni 11-13 min il bundan əvvəl o buzlaq dediyimiz
təbəqə yavaş-yavaş əriməyə başlayır. Buzlaqlar əridikcə cənuba və
şimala doğru sürüşə-sürüşə gedir. O zaman Qafqazda, Ön Asiyada
yaşayan tayfalar iki istiqamətdə "günəşin ardınca" getməyə
başlayırlar. Hətta bununla Peterburqda müəllimimiz Rudolf
Ferdinandoviç İtsin qalın bir kitabı var idi – "Oxotniki za
solnçem", yəni "Günəşi ovlayanlar". "Günəşi ovlayanlar" deyəndə
türk xalqlarını nəzərdə tuturdular, yəni günəşin ardınca, gündoğana
doğru hərəkət edənlər. Gündoğan haradadır? Altaylarda. Və bunu biz
nə ilə sübut edirik? Deməli, neolit dövründə mövcud olan
antropoloji tiplər neolitin sonuna yaxın artıq Volqaboyunda və Orta
Asiyadadır. Tunc dövrünə yaxınlaşdıqca dolixokefal kəllələri
Sibirdə görürük. Deməli, türklərin köçü Altaylardan bura deyil,
buradan Altaylara doğru olub.
Qafqazda tapılmış ən qədim kəllələrin hamısı türk
başıdır
Biri var elmi ifadə, biri də var pafosla deyilmiş romantik
ifadə. Əgər biz elmi dildə desək, bəli, Azərbaycan antropogenez
zonasıdır, yəni insanın mənşəyi ilə bağlı bir regiondur. Bu
regionda tapıntılar Azıx mağarasından, Qobustan mağarasından,
Damcılı mağarasından Daşsalahlıdan tapılıb. Bu gün Ermənistan
Respublikası adlanan, o dövrdə adına belə rast gəlmədiyimiz o
ərazilərdə, indiki İrəvan və Göyçə gölünün ətrafında kəllələr
tapılıb. Həmin kəllələrin baş quruluşları eynidir. Əgər biz bura
gəlmə idiksə, niyə Azərbaycan türklərinin baş indeksi ilə 11-13 min
il bundan əvvəl yaşayan insanın baş indeksi eynidir? Özünü qədim
elan edən xalqların baş göstəricisi isə üst-üstə düşmür?
Türk irqi: Avropoid, yoxsa monqoloid?
Altay xalqlarının Hind-Avropa görkəmində olmasını bütün rus
alimləri təsdiqləyir.Çünki Çin mənbələrində hunları təsvir edərkən
onları sarışın, göygöz deyə təqdim edirlər və deyirlər ki, bunların
gözləri bizim gözlərdən deyil, boyları ucadır. Və çox vaxt təəssüf
ki, bəzən elmi ədəbiyyatda qədim Altay xalqlarını monqoloid
görkəmində təsvir edirlər. Xeyr, qədim prototürklər, yəni
əcdadlarımız monqoloid olmayıblar. Monqoloid irqi sonradan, Sibir
ərazisində yaranıb. Yəni, indiki Vyetnamın və Çinin cənubundan
gələn tayfalar Sibirdə yerli xalqlarla, Qafqazdan gedən
prototürklərlə qarışdılar, sonradan onlarda monqoloid əlamətləri
üzə çıxdı.
Yunan mənbələri: Skiflər hundur
Sovet dövründə bir klassik doktrina qoyulmuşdu. Bu doktrinaya
görə Türklər bu torpaqlara gəlmədir. İddia olunurdu ki, oğuzlar
belə hətta indiki Azərbaycan ərazisinə 11-ci əsrdə gəliblər.
Sonradan bu mövqedə bir yumşalma prosesi getdi." İnsafa gəldilər",
tarixi IV-VI yüzilliklərə endirdilər. Və sovet tarixşünaslığı bu
iddianı irəli sürərkən guya yazılı mənbələr istinad edirdi. Yaxşı,
yazılı mənbələrə vicdanla yanaşırıqsa, onda niyə biz Menandrın
yazdığını, Prokopi Kesariyskinin yazdığını, Prisk Pontiyskinin
yazdığını əsas götürmürük? Bunlar tər-təmiz yunan dilində yazıblar
ki, əvvəllər skif adlandırılan xalq indi hun adlanır. Bəs skiflər
nə zamandan yaşayır Azərbaycan ərazisində? E.ə. VII əsrdən. Və yenə
həmin rus alimləri özləri etiraf edirlər ki, Manna mədəniyyəti
yüzdə yüz skif mədəniyyətinin eynidir. Skif kompleksi nədir –
mərhumun atı, qılıncı və üzərində heyvani üslubda çəkilmiş rəsm
əsəri olan qabla dəfn olunması.
Altay dağlarından Qafqaz və Anadoluya, yoxsa bu
yerlərdən Altaya?
Ötən əsrin 70-ci illərində kosmosdan nəyi müşahidə etdilər?
Mərkəzi Asiyaya gedən və Mərkəzi Asiyadan gələn ox formasında
işarələr var. O işarələri Aran adlandırdılar. Aran əslində nədir?
Aran indi də işlənir. Aran dediyimiz yer ov məkanı deməkdir,
yaşayış məkanı, daha sonra Arran şəhər formasını aldı. Və həmin ox
işarələri kosmosdan baxanda nəyi göstərir - Mərkəzi Asiyadan
Qafqaza doğru, Qafqazdan isə Mərkəzi Asiyaya yönələn ox uclarını.
Bu ucları yerdə daşlardan sümük şəklində düzəldirdilər. Amma
kosmosdan görünəndə möhtəşəm görünür. Aran işarəsi deyilən bu
işarələr əvvəlcə burdan ora doğru gedir, IV yüzillikdə isə ordan
buraya doğru gəlməyə başlayır. Sovet tarixşünaslığı isə adını
çəkdiyim o yazılı mənbələri qəsdən unutdurur.
Xəzər sahilində yaşamış bütün qədim xalqlar türk dilində
danışıblar
Məsələn, Parsepol yazılarında Xəzər dənizinin qərb sahillərində
hunların yaşadığı haqda məlumat var. Pomponella, Böyük Plininin
əsərlərində yenə Xəzərin qərb sahillərində hunların yaşaması
haqqında məlumat var. Eramızın I əsrində yaşamış Dionisi Periegetin
xəritəsində hunların yaşadığı ərazi olaraq konkret indiki
Azərbaycanın ərazisi göstərilir. Heredotun əsərində saspirilərin,
yəni sabirlərin indiki Qərbi Azərbaycan ərazisində yaşadığı qeyd
olunur. Şumerlərin özlərini kəngər adlandırması faktı və hazırda
Azərbaycanda kəngər adını daşıyan minlərlə yaşayış məntəqəsinin
olduğu gözüyumulu unutdurulur. Gürcü alimi Abduşelişvilinin
Samtavro qəbiristanlığında apardığı qazıntılar zamanı üzə çıxardığı
kəllələr baş quruluşuna görə şumer döyüşçüləridir. Amma şumerlərin
türk olması unudulur. İndiki İranın ən qədim dövlət qurumu Elam
idi. Amma elamlıların göyə göy deməsi, Tanrıya Tanrı deməsi
unutdurulur və yüz cür şey uydurulur elamlar haqqında. Ancaq bir
şeyi etiraf etməyə məcburdurlar - elamlılar, kaspilər, qutilər,
lullubilər, kassitlər, kadusilər, aqqlyutinativ dil sistemində
danışıblar. Aqqlyutinativ dil sistemində isə dediyimiz kimi, əsasən
türk xalqları danışırlar.
Koreyalıların bir qismi mənşəcə türkdür
Deyirlər ki, tunqus, mancur, monqol və türk dilləri bir kökdən
ayrılmayıb. Bir dilin o biri dillərə təsiri nəticəsində formalaşıb.
Bunlar tamamilə fərqli şeylərdir. Yəni, Qərbdə formalaşan türk dili
Şərqə doğru gedərək o dillərə təsir edib. Ədəbi dil monqollarda gör
nə vaxt yaranıb? Bütün monqolların bir-birini başa düşə biləcəyi
dil XI əsrdə formalaşdı. Hansı ki, bu dövrdə türk dilində artıq
"Kitabi Dədə Qorqud" VII yüzillikdən meydana çıxmışdı. Ona görə
onların bir kökdən olması mümkün deyil. Onlar bir kökdən olmuş
olsalar idi, hamısının ədəbi dili eyni vaxtda yaranmalı idi.
Əksinə, türk dillərinin o dillərə təsiri nəticəsində monqol və
tunqus-mancur dilləri formalaşdı, eyni zamanda yapon və Koreya
dilləri. Məsələn, koreyalıların dilləri koqurye və pekçe qollarına
bölünür. Pekçelərin türk olduqlarını hazırda Koreya alimləri təsdiq
edirlər. Pekçelər süvarilər idilər, ölülərinin məzarı üstündə
kurqan qururdular.
Kurqan mədəniyyəti - başçı türk, qullar
qeyri-türk
Kurqan mədəniyyəti demişkən. Bu tip qəbirlərdə biz hansı
qəribəliklə rastlaşırıq? Bunu Azərbaycan ərazisində daha çox Resler
araşdırıb. Xəzər hövzəsində və indiki Ermənistan dediyimiz ərazinin
şimal bölgələrində və Qarabağda. Nə ilə rastlaşırıq? Deməli, kurqan
adlı-sanlı adam üçün qurulardı. Sinifli cəmiyyət təzə yaranmağa
başlasa da, başçı ya sərkərdə olurdu, ya da başqa hökmdar
statusunda olan adam. Antropoloqlar nəyi müşahidə edirlər? Hansı
insan üçün kurqan düzəldilirsə, onun baş quruluşu "dolixokefal",
ətrafında basdırılan qul-qarabaşları isə "braxikefal"dır. Və burada
istər-istəməz Assuriya mənbələrində niyə hay sözünün qışqıran
qullar mənasını ifadə etdiyi məlum olur. Yəni, indiki hayların
əsilləri Cənubi Qafqaza qul kimi gətirilmişdi.
Genetikanın şah əsəri - qaplaqrammalar
Hazırda, antropologiyada təkcə, baş quruluşuna görə deyil, eyni
zamanda qaploqrammalara görə tədqiqatlar aparılır. Bəs tədqiqatlar
nəyi göstərir? Sırf avropoid – E xromosomu olan E1-ə bütün türk
xalqlarında rast gəlinir. Yakutlardan tutmuş, Dobruca türklərinə
qədər, Kipr türklərinə qədər hamısında E1 xromosomu var.
Monqoloidlərə aid edilən N, O və G qaploqlammalarına ümumiyyətlə
türk xalqlarında rast gəlinmir. Bu qaploqrammaya yalnız
tuvalılarda, bir az da yakutlarda rast gəlmək olar. Onlar da təbii
ki, ömür boyu monqollarla təmasda olmuş bir xalqlardır. Lakin nə
Qafqaz türklərində, nə də Anadolu türklərində, nə Kiprdəki
türklərdə, türkmənlərdə, Həştərxan türklərində, Qazan türklərində
bu qaploqrammaya rast gəlinmir. Qaploqramma isə genetikanın
əsasıdır. Və mən güman edirəm ki, gələcəkdə bu tədqiqatlar davam
etdiriləcək.
Rusların qanında türk genləri
Məsələn, bəzi rus alimləri sevinə-sevinə bəyan etdilər ki, E1
qaploqramması ruslarda da tapılıb. Mən bunu başqa cür izah edərdim.
Həm də rus mənbələrinə istinadən. Həmin rus mənbələrində deyilir
ki, türklər və avarlar, daha doğrusu, Avar türkləri Karpat ətrafına
tam yerləşəndən sonra qışda mal-qaranı uşağa tapşırar, özləri
Karpat dağlarına qalxardılar. Və Karpat dağlarındakı slavyanların
qadınlarından öz arvadları kimi istifadə edərdilər. Bu
qaploqrammalar onun nəticəsidir. VII yüzillikdə yaşamış orta əsr
tarixçisi Fredeqard təsvir edir ki, hunlar bütün qış boyu
slavyanların qadınlarından öz arvadları kimi istifadə edər,
uşaqları buyurub çağırar, yazda isə yenidən öz məskənlərinə
qayıdardılar. Bax, bu qaploqrammalar o münasibətlərin nəticəsidir.
Onu da deyək ki, Fransa imperatoru Napoleonun bir məşhur sözü var,
bu sözü Rusiya prezidenti Putin də təkrarladı ki, "poskrebi
russkoqo naskrebyoş tatarina", yəni rusu çox qaşısan, altından
tatar çıxar. Napoleonun məğlubiyyəti ilə bağı bir faktı unudurlar.
O zaman Rusiya tərəfdən müharibədə başqırdların 18 alayı iştirak
edirdi. Fransanın o vaxtkı xarici işlər naziri Taleyran öz
gündəliyində yazırdı ki, min il keçdikdən sonra bu dəfə hunlar
deyil, hunların törəmələri Paris küçələrindən zəfər marşı ilə
keçdilər. O, başqırdları nəzərdə tuturdu.
Norveç xalqı - Xəzər sahilindən köçmüş
prototürklər
Türk xalqları daha çox Avrasiya regionuna bağlıdır. Qurşaq
formasında götürsək, bu bütün mülayim qurşağı əhatə edir. Rus
dilində soyuğun, şaxtanın bir neçə sinonimi var. Biz isə yalnız
soyuq deyirik. Bu nə ilə bağlıdır? Çünki bizdə şiddətli şaxtalar
olmayıb. Tur Heyerdal deyir ki, bugünkü Atlant-balt irqi tipinin
nümayəndələri Xəzər dənizinin qərb sahillərindən şimala doğru
hərəkət ediblər. Yəni, Heyerdal norveçlilərin kökünü Xəzərin qərb
sahilləri ilə bağlayır.
Ari irqin yeganə nümayəndəsi - türklər
Altay nəzəriyyəsinin əsassız, uydurma olduğunu isbatlayan daha
bir nəzəriyyə var - ariçilik nəzəriyyəsi. Yəni, ari deyəndə səhvən
hindlilər nəzərdə tutulur. Kökündən yanlışdır. Arilər baş
indeksinə, baş quruluşuna görə dolixokefal olublar. Ari sözü heç
bir Hind-Avropa dillərində heç bir məna ifadə etmir. Yalnız türk
dillərində ari, "arı", "təmiz" deməkdir. Atalar sözümüzü xatırlayaq
- aydan arı, sudan duru.