Son iki gündə Azərbaycan-Ermənistan qoşunlarının təmas
xəttində baş verənləri dünyanın aparıcı kütləvi informasiya
vasitələri kifayət qədər dolğun işıqlandırdılar. Onların
yayımladıqları materiallarda Dağlıq Qarabağın ermənilər tərəfindən
işğal olunduğu qeyd edilirdi. Türkiyə mətbuatı da cəbhədəki son
hadisələrə kifayət qədər ciddi və obyektiv yanaşdı.
Bunu APA-ya
açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov
deyib.
Ə. Amaşov bildirib ki, Rusiya mətbuatında, bu ölkənin bəzi xəbər
portallarında və televiziyalarında cəbhə xəttində baş verən
hadisələrlə bağlı yayımlanan materiallarda isə daha çox erməni
tərəfinin mövqeyi dəstəklənir: "Rusiyanın nüfuzlu media qurumları
baş verən hadisələri obyektiv işıqlandırsalar da, çox təəssüf ki,
məsələyə qeyri-obyektiv yanaşan media qurumları da var. Rusiya
mətbuatı daha çox özünü bitərəf kimi göstərməyə çalışır. Lakin
dərindən təhlil etdikdə görürsən ki, onların yaydıqları informasiya
öz işini görür. Tərəflərə münasibətdə maraqlı məqamlar üzə çıxır.
Məsələn, "İnterfaks", "lenta.ru", "vzglyad.ru" və başqaları daha
çox erməni tərəfinin mövqeyinə, oradan olan materiallara üstünlük
verir. Çox təəssüf ki, bəzi məqamlarda bunu xristian və müsəlmanlar
arasında ədavət kimi təqdim etməyə cəhdlər olunur. Əsasən də
"regnum.ru" məsələyə bu cür yanaşır, son olayların arxasında
Türkiyənin dayanmasına işarə olunur".
Şura sədrinin sözlərinə görə, Rusiya mətbuatında erməni mənbələrinə
istinad daha çox üstünlük təşkil edir: "Rusiya mətbuatında
ermənilərin rəsmi şəxslərindən alınan fikirlərə də yer verilir.
Adətən mediada fikir verilir, sonra təkzib olunur, təkziblə isə çox
adam maraqlanmır. Artıq yazılan yazı öz işini görür. Təkzibin o
qədər əhəmiyyəti olmur. Diqqəti cəlb edən digər məqam ondan
ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi, işğal olunmuş
ərazi kimi verilmir. Dağlıq Qarabağ və Azərbaycan iki tərəf kimi
təqdim edilir. Sanki Azərbaycan öz ərazi bütövlüyü bərpa etmir və
hansısa müstəqil dövlətin torpağını zəbt etmək istəyir. Biz bu
sadalanan halların aradan qaldırılmasına çalışmalıyıq".