Ekvadorun Prezidenti (1997) Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin üzvü Rosalia Arteaqo Serrano Prezident İlham Əliyevə
başsağlığı verib.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
"Hörmətli cənab Prezident,
Bu günlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində
gərginliyin artması nəticəsində həm mülki vətəndaşların, həm də
hərbçilərin həlak olması ilə bağlı Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi adından başsağlığımızı qəbul etməyinizi xahiş edirik.
Biz də beynəlxalq ictimaiyyətə qoşularaq 1994-cü ildə əldə
edilmiş atəşkəsin bu yaxınlarda təhlükəli şəkildə pozulması ilə
bağlı ciddi narahatlığımızı ifadə edirik. Qoşunların təmas xəttində
gərginliyin artması bütün regionun sabitliyi üçün təhdiddir.
İndiki vəziyyətdə bütün mümkün diplomatik kanalları işə salaraq,
o cümlədən ATƏT-in və Minsk qrupunun üzvlərinin səylərindən
istifadə edərək münaqişənin ədalətli həllinə, Azərbaycanın ərazi
bütövlüyünün bərpasına nail olmaq üçün bütün imkanlardan istifadə
etmək vacibdir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli üçün
Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bunu beynəlxalq
hüququn norma və prinsipləri tələb edir.
Cənab Prezident, bizim yüksək ehtiramımızı qəbul etməyinizi
xahiş edirik", - başsağlığında qeyd edilir.
***
Xorvatiya Respublikasının Prezidenti (2010-2015), Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü İvo Yosipoviç Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə məktub
göndərib.
"Hörmətli cənab Prezident.
Dağlıq Qarabağ münaqişəsində gərginliyin gözlənilmədən artması
və uşaqlar da daxil olmaqla insan tələfatı ilə nəticələnən
atəşkəsin pozulması xəbərini eşidəndə çox sarsıldım. Xahiş edirəm,
başsağlığımı qəbul edin. Vəziyyətlə əlaqədar dərin narahatlığımı
bildirirəm. İnanıram ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hər
bir üzvü mənim hisslərimi bölüşür və münaqişənin tezliklə sülh yolu
ilə həllini arzulayır.
Mən münaqişənin həllində müharibəni deyil, diplomatiyanı vasitə
kimi görürəm. Atəşkəsin bərpası vacib olan ilk addımdır. İnanıram
ki, Siz, cənab Prezident, vəziyyətdən yararlanaraq bu münaqişənin
beynəlxalq hüquq, o cümlədən dövlətlərin ərazi bütövlüyü
çərçivəsində son və davamlı həlli üçün danışıqlara
başlayacaqsınız.
Cənab Prezident, dünyanın digər ölkələri kimi, Sizin ölkənizdə
də sülh, ərazi bütövlüyü və vətəndaşların həyat təhlükəsizliyi
olmalıdır.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri lazım olarsa
münaqişənin davamlı və sülh yolu ilə həlli üçün təcrübələrindən
istifadə edərək istənilən səviyyədə dialoqa qatılıb dəstək vermək
arzusundadırlar.
Cənab Prezident, Sizə dərin ehtiramımı və hörmətimi qəbul
etməyinizi xahiş edirəm", - başsağlığı məktubunda qeyd edilir.