Yanvarın 28-də "Meşə qardaşları" və "Ceyşullah" terror
təşkilatları Azərbaycana qarşı cihad elan etdi. Daha sonra müxtəlif
güc birləşmələrinin rəhbərliklərindən həmin təşkilatlara qarşı sərt
xəbərdarlıq gəldi.
Fevralın 13-də Bakıda iki, Biləsuvarda isə 1 partlayış
nəticəsində 4 insanın həyatını itirməsi və 6 nəfərin yaralanması
terakt şübhələrini meydana çıxardı və əlbəttə ki, "Meşə qardaşları"
və "Ceyşullah" bir daha gündəmə gəldi.
"Meşə qardaşları" və "Cehşullah"çılar kimlərdir? Azərbaycanda
fəaliyyətləri varmı və nədən ibarətdir?
"Axar.az" Azərbaycanı hədələyən bu iki təşkilat, onların
fəaliyyəti haqqında informasiyanı təqdim edir.
"Meşə qardaşları" terror təşkilatı
"Meşə Qardaşları" "Dərbənd camaatı" və ya "Cənub Qruplaşması"
adı ilə də tanınır. O, Dağıstanın cənubunda, əsasən də Dərbənd,
Tabasaran, Məhərrəmkənd ərazisində və Azərbaycanın şimalında
fəaliyyət göstərən gizli terrorçu qruplaşmadır. Əsas fəaliyyət
istiqamətləri hüquq mühafizə orqanlarına hücum etmək, terror
aktları təşkil etmək və vəhabiliyin təbliğatı ilə məşğul olan
ədəbiyyat yaymaqdan ibarətdir.
İlk dəfə Azərbaycanda "Meşə qardaşları"na qarşı 2007-ci ildə
əməliyyat keçirilib. Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi bu
əməliyyat zamanı dəstənin 17 üzvü, o cümlədən liderlərindən biri -
"Əbu Cəfər" ləqəbli Naif Əbdul Kərim Əl-Bədəvi həbs edilib. Daha
sonra dəstənin başqa bir lideri - "Əbdülməcid" ləqəbli İlqar
Mollaçıyev yenidən "Meşə qardaşları"nı Azərbaycanda aktivləşdirməyə
cəhd göstərib.
İlqar Mollaçıyevin yenidən aktivləşdirdiyi təşkilatın planına
görə, iki camaatlıq yaradılmalıydı. Bunlar isə "Sumqayıt camaatı",
"Quba və Qusar camaatı" olmalı idilər. Hər iki camaatlıq təşkilat
üçün fərqli istiqamətlərdə fəaliyyət göstərirdilər. Belə ki,
birinci qrup ikincilər üçün Bakı şəhərində qarətlər həyata
keçirməli, pul toplamalı idi.
Bunun da nəticəsi idi ki, MTN-nin növbəti əməliyyatı zamanı Quba
və Qusar ərazisində bu terror təşkilatına aid 12 xüsusi blindaj və
mağara, ərzaq ehtiyyatı, müxtəlif silah sursat aşkar edilmişdi.
Azərbaycandakı ən səs-küylü terakt
"Meşə qardaşları"nın ölkəmizdə törətdiyi ən səsli-küylü terror
hadisəsi Əbu-Bəkr məscidinə edilən hücumdur. 2008-ci ilin 17
avqustunda reallaşdıran hücum zamanı 2 nəfər həlak olub, 11 nəfər
yaralanıb. Terroru həyata keçirən şəxsin məsciddə insanların namaz
qıldığı vaxt buraya qumbara atması xəsarət alanların sayının çox
olmasına səbəb olub.
Terror təşkilatının liderləri
Dediyimiz kimi, "Meşə qardaşları" terror təşkilatına
2007-2008-ci illərdə "Əbdül-Məcid" ləqəbli Zaqatalada doğulmuş,
milliyətcə azərbaycanlı olan İlqar Mollaçiyev rəhbərlik
etmişdi.
2007-ci ilin sentyabrında çeçen səhra komandiri Rəppani
Xəlilovun öldürülməsindən sonra o, "Dağıstan Əmiri" təyin olundu.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, İlqar
Mollaçiyev hər iki Çeçen Müharibəsində iştirak etmiş, döyüş
hazırlığını isə məşhur səhra komandirləri Xəttab və Əbu əl-Validin
dəstələrində keçmişdir.
Mollaçiyevin 2008-ci ilin sentyabrında ölümündən sonra Vəlicanov
İsrafil Hacı oğlu terror təşkilatına rəhbərlik edir.
"Ceyşullah" terror təşkilatı
Bu terror təşkilatı barədə məlumatlar kifayət qədər azdır. "Meşə
qardaşları"ndan fərqli olaraq, bu təşkilatın ölkə üçün o qədər də
mühüm təhlükəsi hələ sezilməyib.
Məlumatın azlığı onların nə zaman yaranması haqqında da bəzi
mübahisələrə gətirib çıxarır. Bəzi mənbələr həmin təşkilatın 1987,
bəziləri isə 1992-1995-ci illər arasında yaradıldığını söyləyir.
Dəqiq olan tək fakt isə onun Türkiyə ərazisində yaranmasıyla
əlaqədardır.
"Ceyşullah" terror təşkilatı "Hizbullah"la əlaqələndirilir və
hətta onun bir qolu adlandırılır. Əslində isə hər iki terror
təşkilatının istiqaməti tam əks yönləri əhatə edir. "Hizbullah"
terror təşkilatı şiələrə, "Ceyşullah" isə sələfilərə aid edilir.
Məhz bu iki əksqütblü təşkilatların bir yerdə fəaliyyət göstərməsi
heç də inandırıcı görünmür.
"Ceyşullah"ın əsas məqsədi müxtəlif idarələrə, xüsusən iqtidar
nümayəndələrinə qarşı sui-qəsdlər təşkil edərək onlar vasitəsiylə
ölkədə xaos yaratmaqdır. Bunun nəticəsində isə terror təşkilatı
teokratik bir dövlət qurmağa çalışır.
Təşkilata qarşı 1995-1999-cu illər arasında türkiyədə əməliyyat
keçirilib, MİT tərəfindən onun üzvləri həbs edildi. Həbs olunan
terrorçuların etirafları zamanı bu terror təşkilatının əsas maliyyə
mənbəyinin haradan gəldiyi bəlli oldu. "Ceyşullah" üzvlərinin
etiraflarında nəzəri təlimləri Səudiyyə Ərəbistanında, hərbi
hazırlıqlarını isə Əfqanıstanda aldıqları ortaya çıxmışdı.
Etibar Erkinin qətlində "Ceyşullah"çılar
"Ceyşullah" 1999-cu ilin yanvarında iki oğlu ilə birlikdə
Bayıldakı evindən ölü tapılan Azərbaycan Xalq Biliciləri və
Ekstrasenslər İttifaqının mərhum rəhbəri Etibar Erkinin qətlindən
sonra məşhurlaşıb. Ekstrasensi öldürən şəxs "Ceyşullah"ın üzvü olub
və o, E.Erkini guya şeytani əməllərlə məşğul olduğu üçün
öldürdüyünü açıqlayıb.