Ana səhifə Gündəm |
Suriya Yaxın Şərqdə ən dünyəvi, əhalinin təhsil səviyyəsi yüksək ölkəsi idi, diktatura rejimi dünyəvi idi və uzun müddət dünyəvi olduğunu vurğulayaraq, altını cizərək, bu məsələni Qərbə “satırdı”, özü də baha satırdı. Yaxın Şərqdə avtoritar və diktatura rejimləri dünyəviliyi institutlaşdırmadılar, siyasi və sivil institutların yaranmasına mane oldular, bütün legitimlik və güc, hətta sabitlik belə institutsional deyil də, şəxsə-şəxslərə bağlı idi.
Axar.az xəbər verir ki, bu sözləri ReAL sədi Natiq Cəfərli Suriyada Əsəd rejiminin devrilməsini şərh edərkən deyib.
O bildirib ki, İraq, Liviya, Misir, Suriya, Tunis eyni yolla getdilər, onlardan öncə İran bənzər yolla gedib sonunda dini dövlət modelinə keçdi:
“Şah dünyəvi idi, amma ölkəsini Qərbə tək bu tərəfdən “satırdı”, Qərbi daim qorxudurdu ki, mən olmasam, islamçılar hakimiyyətə gələcək – elə də oldu, Şah haqlı çıxdı, amma günah özündə idi, zamanında siyasi-ictimai institutlar yaranıb güclənsəydi, belə olmazdı. Bütün dünyəvi ideologiyalar basqı altında olanda, çətin suallara çox asan cavablar verən, “düşünmə, nə deyiriksə, ona əməl et” söyləyən siyasi-dini cərəyan(lar) bu tipli rejimlərdə sonda qalib gəlir.
Yaxın Şərqdə dünyəvi diktaturalar, demək olar ki, eyni səhvi etdilər, eyni yolla gedəndə eyni mənzilə də çatırsan – başqa cür ola bilməz. Amma bəzi ölkələr “inqilab - əks-inqilab doğurur” tezisi ilə U dönüşü etdilər. Tunis, Misir bunun örnəyidir – “ərəb baharı” adı altında guya demokratik hərəkat başlandı, axırda dünyəvi diktatoru dini diktator əvəz elədi, amma sonradan dünyəvi diktatorlar geri döndülər. Çünki siyasi institutları yox idi, siyasi islamdan başqa önə çıxa biləcək qüvvələr olmayanda yenidən dünyəvi diktatura geri dönür.
Liviyada, İraqda indi elə bir xaos, vətəndaş qarşıdurması, de-fakto məhv olan vahid dövlət görüntüsü var ki, cəmiyyət əlində çıraqla dünyəvi diktator axtarır, sadəcə, xarici ölkələr bu dövlətləri elə bölüblər ki, indi mümkünsüz görünür.
Bu gün Suriya bir bəladan qurtulub başqa, bəlkə də daha böyük bir bəlanın içinə girir, dünyəvi diktator gedir, amma ölkəni parçalanmış vəziyyətə, bədbəxt günə salıb gedir, faktiki olaraq Suriya adlı dövlət məhv oldu, çox güman, azı 3 yerə parçalanacaq. Ölkədə 1 dünyəvi diktatorun yerinə yeni yaranacaq de-fakto “dövlətləri” dini, ya da teror təşkilatları idarə edəcək. Amma günah Əsəd ailəsinin özündədir – məmləkətində dünyəvi siyasi institutları məhv etdi, əvəzində əli silahlı, saqqallı “siyasətçilər” peyda olub özünə və ölkəsinə divan tutdular.
Suriyada demokratiya, sivil müxalifət-zad qalib gəlmədi, bəziləri bu haqda yazır-danışır, ayıbdır, bu sözü, bu qavramı zatən dünyada “iki paralıq” ediblər, daha da ucuzlaşlasına imkan verməyək. Suriyada pis getdi, əvəzinə daha pis gəldi – və bu bütün avtoritar, siyasi, sivil, dünyəvi institutları yox etməyə çalışan iqtidarlara böyük dərs olmalıdır, bu yol tək hakimiyyət itkisinə aparmır, həm də dövlətləri məhv edir, ölkələri viran qoyur, tək bu günü deyil, sabahı da təhdid altında buraxır.
Dünyəvilik o zaman dəyər olur ki, siyasi institutların yaranması ilə nəticələnir, bu keçid baş verməyəndə saqqallı və silahlı “demokratlar” peyda olur və bu qaçılmazdır”.
Tarix
2024.12.08 / 18:03
|
Müəllif
Axar.az
|