O - "Sovetski" sakinlərinin evlərinin sökülməsinə görə
kompensasiyanın azlığına etiraz etdikləri aksiyaların təşkilində
suçlandı; Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Elşad
İsgəndərovdan 250 min dəyərində mülk almaqda ittiham edildi;
Suriyaya gedənlər və radikal dini cərəyan təmsilçilərinin terror
hədələrinə tuş gəldi...
Bir sözlə, son bir həftənin əsl qəhrəmanına çevrilən
ilahiyyatçı, moizələri və xütbələri ilə şiələrin böyük hörmətini
qazanan Hacı Şahin Həsənli ilə son günlərin ittihamları geniş
söhbətimizi zəruri etdi.
Suriyada məzhəb savaşı gedir, cihad yox!
- Bir daha son günlərin ən aktual və təbliğə ehtiyacı
olan məsələsindən başlayaq. Suriyaya döyüşə gedənlərə sizin
münasibətinizn necədir?
- Suriyada vətəndaş qarşıdurması, orada xarici dövlətlərin
təhriki ilə bir-biri ilə savaşan qruplaşmalar var. Orada hansısa
demokratiya uğrunda savaşdan söz gedə bilməz. Çünki savaşın əsası
məzhəbə görədir və ixtilaflar məzhəb zəminində qurulub. Təəssüflər
olsun ki, Azərbaycandan da bəzi insanlar orda "müqəddəs savaş" adı
altında döyüşə yollanıblar və inanırlar ki, cihada qalxıblar. Lakin
Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bunlara dini qiymət verildi,
birmənalı olaraq bildirildi ki, orda döyüşənlər şəhid hesab oluna
bilməz. Şəhid məfhumu dindən, Qurandan qaynaqlanır, ali dəyərlər
uğrunda canından keçənlər şəhid hesab olunur. Ayədə deyildiyi kimi:
"Sizə qarşı vuruşanlarla vuruşun".
Əgər bir millətin torpaqları işğala məruz qalarsa, o millətin öz
torpaqlarını müdafiəsi müqəddəs vəzifə hesab olunur və bu yolda
ölənlər şəhid sayılır. Suriyada isə hansısa müqəddəs savaş yoxdur.
Oradakı məzhəb davası, radikalların ölkəni parçalama cəhdləridir.
Ona görə də orada döyüşə getməyi qətiyyən doğru hesab etmirik.
Orada ölənləri şəhid hesab etmək isə tamamilə yanlışdır.
Saytınız vasitəsi ilə Azərbaycan xalqına, müsəlmanlara
səslənirəm: özümüzün Qarabağ boyda problemimiz var. Sizin belə bir
münaqişələrdə iştirakınız nə dini, nə də dövlətçilik baxımdan arzu
olunan deyil. Kimlərinsə sizə "cənnət" vəd etmələrinə aldanmayın.
Sonu bəlli olmayan bir oyunun oyunçusuna çevrilmək, heç kimə nə bu
dünyada, nə də axirətdə baş ucalığı gətirməyəcək.
Suriyada sünnülər vuruşmur
- Bəşər Əsədə bağlı xəbər portalları Suriyaya şiələrin
də getdiyini və Əsəd tərəfində vuruşduğunu yazdılar, hətta şəhid
kimi onların şəkillərini də paylaşdılar. Bu barədə
məlumatlısınızmı?
- Mənim bu haqda heç bir məlumatım yoxdur. Bu məlumat Daxili
İşlər Nazirliyi tərəfindən də təkzib olunub. Livanın Hizbullah
təşkilatının nümayəndələri orada olan müqəddəs yerləri qorumaq
məqsədi ilə vuruşur. Amma Hizbullah qapalı bir təşkilatdır, ora
hansısa bir xarici vətəndaşın qəbul olunması təcrübəsi haqqında
məlumatım yoxdur. Mənim fikrimcə, Azərbaycandan nə şiə, nə də sünni
məzhəbindən heç kim gedib Suriyada vuruşmur. Oradakıların hamısı
radikal - təkfirçi qruplaşmaların üzvləridir. İctimai fikiri
azdırmaq , yayındırmaq üçün mətbuata müəyyən saxta ad siyahıları
ötürülür. Elə radikal-təkfirçilər var ki, özlərinə sünni deyirlər.
Bu yanlışdır. Mən onları sünni məzhəbindən hesab eləmirəm.
Terrorçuların, təkfirçilərin məzhəbi olmur.
Ənənəvi sünni və şiə məzhəbinin də içində terrorçu qruplaşmalar
ola bilməz, ona görə də bu qrupların hansısa məzhəbə aid
edilməsinin tam əleyhinəyəm!
Mən İrana işləmirəm
- Hacı, sizin adınız İranla yanaşı çəkilir. Son günlərdə
"Sovetski" məsələsində də adınız yenə İranla birgə
hallanırdı...
- Biz radikal cərəyanlara qarşı həmişə kəskin mövqedə
dayanmışıq. Buna görə təhdidlərə də məruz qaldıq. MTN əməliyyat
həyata keçirtdi və indi də "qarayaxma" kampaniyası başlayıb. Bizi
tanıyanlar bilirlər ki, daima Azərbaycan dövlətçiliyinə xidmət
etmiş adamlarıq. Dövlətçiliyə xidmət həm də bizim dini
vəzifəmizdir. Biz məzhəblərarası qardaşlığın möhkəmlənməsi üçün
çalışırıq. Həmişə azərbaycançılıq mövqeyindən çıxış
eləmişik.
Əslində, bu tip məlumatlar cəfəngiyyatdır. Mətbuata da tövsiyyə
edirəm ki, bu xəbərləri işıqlandırmasınlar, çünki bu xəbərlərin
yalanlanması belə onların niyyətinə xidmət edir.
Elm sərhəd tanımır, ona görə də mənim İranla və digər müsəlman
ölkələri ilə yalnız elmi müstəvidə əlaqələrim var.
Bu ittiham kiməsə yapışa bilər, amma mənə yox.
Onlar istəklərinə çata bilməyəcəklər
- Sizə qarşı ittihamlar və nifrətə
münasibətiniz?
- Azərbaycanda ənənəvi tolerantlıq və dözümlülük var. Unikal bir
məzhəblərarası qardaşlıq modeli var.
Kimlərsə bu dəyərləri zədələmək, bu mühitə zərbə vurmaq istəyir,
lakin mən düşünürəm ki, bu fəaliyyət heç bir nəticə verməyəcək.
Azərbaycanda radikallığın inkişaf predmeti puç olacaq, məhv olacaq.
Çünki xalqımız radikal deyil, bu təsirlərə də aldanmayacaqlar.
Lakin gənclər var ki, təsirə məruz qalırlar. Onlar da
məlumatsızlıqdan bu yola düşürlər. Azərbaycan xalqı, valideynlər və
ziyalılar da bu tip çağırışlarla səslənməlidirlər.
Azərbaycan dini təhsil həyata
keçirilməlidir
- Azərbaycandakı icbarı təhsilə dini biliklər nə kimi
kömək edə bilər?
- Biz düşünürük ki, orta məktəblərdə din tədris olunsa,
uşaqlıqdan ziyalı adamların dilindən din mənimsənilsə, gələcəkdə
radikalların təsirini məhv edər. Çünki onların prinsipləri çox
primitivdir.
250 minlik mülk
- Hacı, bəzi şəxslər sizə yönəli ittihamlarla dolu xəbər
və yazıları öz imzaları ilə redaksiyalara göndərirlər. Belə bir
ittiham bizə də daxil olub. Ki, Dini Qurumlarla iş üzrə Dövlət
Komitəsinin sədri Elşad İsgəndərovdan 250 minlik ev hədiyyə
almısız...
- Bunlar absurd ittihamlardır. 250 minlik mülk hədiyyəsini necə
ört-basdır etmək olar? Bizi tanıyanlar hamısı bilir ki, halal
çörəklə yaşayırıq. Bunu yalnız radikal-təkfirçilər edə bilərlər.
Onların bütün vasitələrlə bizlərə qarşı kampaniya aparmasından da
görünür ki, bunlar imanı, dini, Allahı deyil, niyyətlərini əsas
götürürlər və bu yolda bütün böhtanlardan istifadə edirlər.