Yuxarı

İmamoğlunun həbsinə ABŞ və AB-nin fərqli reaksiyasının sirri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmamoğlunun həbsi ətrafında baş verənlər siyasi müəmma olaraq qalır və ona qarşı irəli sürülən ittihamların nə qədər doğru, yaxud yanlış olmasından asılı olmayaraq, hakimiyyətə əsas iddialı şəxsin oyundankənar vəziyyətə salınmasının arxasındakı siyasi hədəflər diqqət çəkir. Önə çıxan “Türkiyədə II Ərdoğan əməliyyatı aparılır?” sualıdır.

Ərdoğanın hakimiyyətə gəliş prosesi ilə İmamoğlu ətrafında baş verənlər arasında oxşarlıq kifayət qədərdir: İstanbul bələdiyyəsinin sədri olmaları, hər ikisinin həbs edilməsi və s;

İmamoğlunun həbsə girməsi də onun reytinqinə müsbət təsir edən amildir, hərçənd, bunun “Ərdoğan effekti” yaradacağı ehtimalı zəif görünür.

1. Ərdoğanın hakimiyyətə gəlişi türk-islam tandeminin siyasi elitaya yüksəlməsi və bununla Türkiyənin keçmiş Osmanlı coğrafiyasına təsirinin qaytarılması planı idi: Ərbəkanla başlanan prosesin Ərdoğanla nəticə əldə edilməsi, siyasi islamın önə çıxması, hətta bəzən etirazla qarşılanan Atatürkə qarşı olanlara da (mübahisələndirilə bilər) bu əməliyyatın bir parçası olaraq baxmaq mümkündür;

2. İmamoğlu bütün cəbhələrə - həm laik, həm inanclı təbəqəyə oynasa da, Türkiyənin siyasi elektoratında yüksələn dindar kəsim tərəfindən Ərdoğan kimi qəbul edilmir, perspektivdə qəbul ediləcəyi də zəifdir;

3. Türkiyənin Ərdoğanla türk-islam kimliyi üzərindən aparılan siyasi xətti dəyişməyib və bunun CHP-nin, xüsusilə “elit siyasətçi” kimi qəbul edilən İmamoğlunun liderliyi ilə davam etdirilməsi çətindir;

4. Postərdoğan dövründə yeni liderin mövcud komandanın-siyasi ideologiyanın içindən seçiləcəyi gözləntisi daha çoxdur: əsas namizəd kimi Hakan Fidanın adını çəkmək olar.

İmamoğlunun həbsində siyasi hədəf CHP-də qüvvələr balansını idarə etmək, müəyyən qədər Özgür Özəlin önünü açmaq və Türkiyədə Avropa siyasi xəttini neytrallaşdırmaq kimi görünür.

Kılıçdaroğlunun gedişindən sonra AKP-CHP arasında “buzların əriməsi” istiqamətində müəyyən gedişlər edildi, xüsusilə 2024-cü il ərzində belə addımlar müşahidə etdik. Bu, hər iki tərəfin yeni müttəfiqlik axtarışı və yeni elektorat (AKP itirdiklərini, CHP yenilərini) əldə etmək niyyəti ilə yanaşı, həm qlobal sol-liberal qrupların CHP-dəki, həm də Avropanın ana müxalifət partiyası üzərindən Türkiyə siyasətindəki təsirinin zəiflədilməsi prosesinin tərkib hissəsidir. Özgür Özəlin izlədiyi siyasət – postkılıçdaroğlu dövrünün normallaşması, dindar və ülkücü kəsimlə ilıq münasibət qurmaq istəkləri bu kontekstdə diqqət çəkirdi. Hərçənd, CHP daxilində Mənsur Yavaş və Əkrəm İmamoğlu olmaqla Özəlin iki əsas rəqibi var: millətçi keçmişə mənsub olan birincidən fərqli olaraq, ikinci daha riskli fiqurdur.

1. İmamoğlu Ərdoğana əsas rəqibi olmaqla yanaşı, CHP-nin yenilənməsi planı önündəki əngəl kimi qəbul edilir;

2. Avropa siyasi elitasının Kılıçdaroğludan sonra Türkiyədə dəstəklədiyi əsas namizəddir.

Bu kontekstdə İmamoğlunun CHP-də “praymeriz” başlamadan namizədlik kampaniyasına start verməsi təsadüfi deyildi. Bununla “praymeriz”in nəticələrini öncədən müəyyən etməyə cəhd göstərən İmamoğlunun bu gedişində Avropa siyasi elitasının da maraqları istisna edilmir:

- CHP-nin “vahid namizədi” İmamoğlu olarsa, onun Türkiyə daxilində “etirazçı səsləri” əldə etməklə seçkini qazanması proqnozlaşdırılır;

- Son bələdiyyə seçkilərində CHP-nin prezident seçkiləri zamanı “altılı masa”nın əldə etdiyi səsləri təkbaşına qazanması bu perspektivi gücləndirir (bu nəticədə Özəlin payının çox olması fonunda İmamoğlunun “lider” kimi önə çıxması partiya daxilində birmənalı qarşılanmır);

- Avropanın timsalında beynəlxalq oyunçuların Ərdoğana qarşı İmamoğlunu dəstəkləyəcəyi bəllidir: Trampın gəlişi ilə geosiyasi müstəvidəki güc balansı əleyhinə dəyişən Avropaya güclü perspektivlər yaratmaq üçün Türkiyə lazımdır, lakin Ərdoğan və mövcud komanda ilə bunun çətin olacağını anlayırlar: İmamoğlu Türkiyəsi Avropa üçün məqbul variantlardandır, onun seçkiyə üç il qalmış (növbədəkənar keçirilməsə) namizədlik yarışına start verməsinə də bu kontekstdə baxmaq olar; seçkiyə qədərki dövr ərzində isə Avropanın İmamoğlu üzərindən Ərdoğana təsir etmək planının olduğu da istisna edilməməlidir.

İmamoğlunun həbsi bu planı əngəlləyir. Eyni zamanda bu, CHP-də Özəlin önünü aça, AKP-yə isə perspektiv imkanlar yarada bilər:

Birincisi, diplomu ləğv edilən İmamoğlunun namizəd ola bilməməsi CHP-də “vahid namizədlik” üzərində fikir ayrılığını dərinləşdirə və seçkiyə qədər “qan itkisi”nə səbəb ola bilər;

İkincisi, İmamoğlunu “xilas yolu” kimi görən elektoratın səsləri parçalana bilər;

Üçüncüsü, İmamoğlu ilə ittifaqa gedə biləcək DEM partiyası və sol qrupların CHP ilə mümkün seçki birliyi sual altına düşə bilər. Ki, bu etirazçı elektoratı böləcək.

Baş verənləri Türkiyənin daxili siyasətinin, xüsusilə son bələdiyyə seçkilərindən sonra başlanan, yenidən dizayn edilməsi prosesinin bir hissəsi kimi qiymətləndirmək olar. Və burada xarici oyunçuların maraqları da nəzərdən qaçmamalıdır. İmamoğlunun həbsinə ABŞ-ın “Türkiyənin daxili işidir” münasibəti, Avropanın isə sərt reaksiyası bu prosesdə xüsusilə nəzərə alınmalı məqamlardandır.

Tarix
2025.03.23 / 22:48
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Paşinyan Rubio ilə danışdı: Bakı ilə saziş…

Arakçı İrəvanda dəhlizin adını çəkmədi – Niyə?

Mirzoyanın iddiaları əsassızdır - XİN

Arakçı İrəvanda Paşinyanla görüşdü: Sülh müzakirəsi...

Pakistandan Azərbaycanla bağlı tapşırıq

Tehrandan Bakı və İrəvana sülh çağırışı

İmamoğlu İrəvandan Ankaraya “qapı” açacaq? – 34 illik sənəd...

Moskva məhkəməsindən vurulan təyyarəmizlə bağlı qərar

Zəngəzurda bir rus sərhədçisi öldü, digəri yaralandı

Bu təklifimiz Bakı üçün gözlənilməz oldu - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla