Son 5-6 ildə Bakıda ümumi təhsil məktəblərinin rus
bölməsinə maraq xeyli artıb.
Bakı şəhər Təhsil İdarəsindən ANS-ə verilən məlumata görə, evində rusca
danışmayan ailələrin də övladlarını rus məktəblərinə verməsi bu
sahədə problemlər yaradır və paytaxt məktəblərinin rus bölmələrində
şagird sıxlığı müşahidə edilir. Əgər məktəblərin Azərbaycan
bölmələrində bir sinifdə 23-24 şagird olursa, rus bölmələrində
şagird sayı 40-a çatır. Bakı şəhər Təhsil İdarəsinə tabe olan
məktəblərdə 355247 nəfər şagird var və onların 55775 nəfəri, yəni
15,7 faizi rus bölməsində oxuyur. Birinci siniflərdə isə vəziyyət
daha gərgindir, 44168 nəfər şagirdin 7666 nəfəri, yəni 17,4%-i
rusbölməsində oxuyur. Göründüyü kimi, birinci siniflərin
göstəricisi orta göstəricidən 2%-ə qədər yüksəkdir.
Azərbaycan üzrə də rəqəmlər təxminən buna uyğundur. Ölkənin rus
bölməsi mövcud olan 300-ə yaxın ümumtəhsil məktəbinini rus
bölməsində 170 minə yaxın şagird oxuyur. Yəni orta göstərici 15%-ə
bərabərdir. Rəqəmləri 15 il öncənin göstəriciləri ilə müqayisə
etdikdə ciddi artım yarandığını görmək olur. 1990-cı illərin
sonlarında rus bölməsində 107 min şagird oxuyurdu və onların payı
ümumi şagird sayında 7%-ə çatırdı.
Ən dəhşətli vəziyyət isə Bakının 15 elitar məktəbindədir. Təhsil
Nazirliyinin yaydığı məlumata görə, 2016-2017-ci tədris ili üzrə
Bakı şəhərində I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan
lisey, gimnaziya və digər ümumi təhsil müəssisələrinə, yəni Bakıda
birbaşa nazirliyə tabe olan 15 məktəbdə ümumilikdə 2 350 şagird I
sinfə qəbul edilib. Onlardan 1 144 nəfər Azərbaycan bölməsinə, 1
206 nəfər isə rus bölməsinə qəbul olunub. Göründüyü kimi, rus
bölməsinin payı 51,5%-dir və paytaxt elitasının övladlarının təhsil
aldığı məktəblərdə artıq Azərbaycan bölməsi tarixə qovuşmağa doğru
gedir.
Həm də rus bölmələrində artan şagird sayını pedoqoji kadrlarla
təmin etmək mümkün deyil. Bakı şəhər Təhsil İdarəsinin ali təhsil
məktəblərinin məzunları arasında apardığı sorğu nəticəsində məlum
olub ki, pedoqoji ixtisasların rus bölməsini bitirənlərin yalnız
5%-i orta məktəblərdə müəllim işləməyə hazırdır. Qalan məzunlar isə
iş həyatını başqa sektorlarla bağlamaq istədiklərini bildiriblər.
Səbəb də aydındır - indi Bakıda bütün şirkət və qurumlarda
işçigötürənlər üç dildə - rus, ingilis və Azərbaycan dillərində
sərbəst danışmaq, yazıb-pozmaq tələb edirlər. Yəni məzunların daha
rahat və gəlirli iş tapmaq şansı yüksəkdir.
Bəlkə də elə bu məsələ Azərbaycanda rusca təhsili yenidən dəbə
salan amillərdən biridir. Azad Müəllimlər Birliyinin sədri Məlahət
Mürşüdlü bu prosesin artıq 6-7 ildir ki, müşahidə edildiyini
bildirib:
"1990-cı illərin ortalarından
fərqli olaraq indi rus bölməsini maraq bir neçə dəfə artıb. Sanki
1960-70-ci illərin imperiya dövrünü yaşayırıq. Hətta rayon
qeydiyyatında olan və rusca bilməyən ailələr də uşaqlarını rus
məktəblərinə qoymaq istəyirlər".
Məlahət Mürşüdlünün sözlərinə görə, ailələri rus dilində təhsilə
meyilləndirən əsas səbəblərdin biri rus bölmələrinin müasir
tələblərə daha çox uyğunlaşması ilə bağlıdır: "Rus bölməsinin
müəllimləri müasir üsullarla tədrisi daha asan mənimsəyirlər.
Azərbaycan bölməsində isə vəziyyət fərqlidir, kurikulum və s. kimi
yenilikləri mənimsəməkdə çətinlik çəkirlər. Həm də Rusiya ilə
əlaqələr artıqca, rus dilinə ehtiyac da artır".
Bakı şəhər Təhsil İdarəsi bu məsələyə maksimum şəkildə mane
olmağa çalışır. Məktəblərdə xüsusi komissiya yaradılıb və rus
dilini bilməyən uşaqlar avtomatik olaraq Azərbaycan bölmələrinə
göndərilir. Azərbaycanın kəndlərindən gəlmiş valideynlər isə
övladlarını rus məktəblərinə yerləşdirmək üçün hər cür üsula əl
atırlar. Bəziləri bir ildən sonra Rusiyaya köçəcəklərini iddia
edirlər və s...
Təbii ki, onlara məntiqli cavablar verilir. Amma nəyin bahasına
olursa-olsun övladına rus dili öyrətmək istəyən valideynlər onları
rus dilli bağçalara qoyurlar. Bunun nəticəsidir ki, Bakıdalı özəl
bağçalarda Azərbaycan bölməsini bitirənlərə yer tapılmır.
Valideynlər bağçaya ayda 400 manata qədər xərcləyərək uşaqlarının
rus dilini öyrənməsinə çalışırlar.
Göründüyü kimi, Bakının təhsil sektorunda ciddi problem
başlayıb. Xüsusilə rayonlardan gəlmiş valideynlər imperiya dövrünün
nostaljisinin təsiri altında o qədər də vacib olmayan həvəsə külli
miqdarda vəsait xərcləyirlər. İlk baxışdan elə də ciddi görünməyən
bu problem bir neçə ildən sonra ali təhsildə özünü qabarıq
göstərəcək. Ali məktəblərin rus bölmələrində yer sayının daha az
olduğu nəzərə alınarsa, bu məzunların universitetlərə qəbulunda
problem yaranacaq. Nəticədə, bir çox məzunlar Rusiyanın ikinci
dərəcəli ali məktəblərinə üz tutacaqlar. Təbii ki, belə olan
şəraitdə onların Azərbaycana geri dönərək iş bazarında yer tutması
çətinləşəcək. Bu isə uyğun olaraq ölkədən miqrasiyanı artıran amilə
çevriləcək.
Məlahət Mürşüdlü bu problemi həll etmək üçün Azərbaycan
bölmələrində təhsil səviyyəsini yüksəltməyi məsləhət verir.
Həmçinin Azərbaycan bölmələrində rus dilinin tədrisi də
gücləndirilməlidir. Hazırda elə məktəblər var ki, rus dili həftədə
1 saat belə tədris edilmir. Məlahət Mürşüdlü məktəblərdə 5-ci
sinifdən başlayaraq həftədə 2 saat rus dili tədris etməyi vacib
sayır. Yəni istəyən şagird rayonda və ya paytaxtda yaşamasından
asılı olmayaraq, rus dilini öyrənə bilər. Bir az artıq istəyənlər
repetitor yanına gedə bilər və s.
Hər halda, bu, külli miqdarda vəsait xərcləyərək şagirdə
yarımçıq rus dili öyrətmək naminə onu Azərbaycan mədəniyyətindən
uzaq salmaqdan yaxşıdır. Sirr deyil ki, indi Azərbaycanda rus
bölməsini bitirənlərin əksəriyyəti rusca normal danışa bilmirlər.
Rusca akademik səviyyədə bilməyən bu şagirdlərin əksəriyyəti digər
fənləri də öyrənə bilmirlər. Yəni valideynlər külli miqdarda vəsait
xərcləyərək həm də övladlarını savadsızlaşdırırlar. Nəticədə, rus
bölmələrinin məzunları Rusiya bazarları üçün potensial ucuz işçi
qüvvəsinə çevrilirlər.
Bu məsələnin mənəvi tərəfi də var. Rusiya milli fikrinin
atalarından biri Nikolay Çernışevski bildirirdi ki, hər bir kəs
məktəbini bitirdiyi millətin övladıdır. Volqaboyunun və Sibirin bir
çox türk və uqor xalqlarının taleyi bu böyük alimin dediklərini
təsdiqlədi. Azərbaycanlılar da eyni yolla gedə bilərlər. Bizdə rus
bölməsini bitirənlərin payı artdıqca gələcəkdə ölkəni iki yol
ayrıcında qoya bilərlər: ya Rusiyaya miqrasiya edərək Azərbaycanı
demoqrafik problemə sala bilərlər, ya da güclərinə inamları çatsa,
Azərbaycanı Rusiyaya çevirə bilərlər.
Hər iki variantda da ölkənin gələcəyi üçün faciə vəd edilir və
təhsil sektorunu idarə edənlər buna diqqət yetirməlidirlər.