Yuxarı

Çinlə Azərbaycan arasında protokol imzalandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçirilib.

Bu barədə Axar.az-a Nazirlər Kabinetindən bildirilib.

İclasa Azərbaycan Baş nazirinin müavini, Komissiyanın həmsədri Şahin Mustafayev və Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi Lin Ci sədrlik ediblər.

Baş nazirin müavini Şahin Mustafayev iclası açaraq bildirib ki, Hökumətlərarası Komissiya çərçivəsində aparılan danışıqlar dövlət başçılarımızın verdiyi tapşırıqların icrasını müzakirə etmək, həmçinin Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafına dair yaxın perspektivləri müəyyənləşdirmək üçün mühüm platforma rolunu oynayır.

Qeyd olunub ki, ötən il Azərbaycan və Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi tarixi hadisədir. Dövlət başçılarının imzaladığı Birgə Bəyannamə ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin formalaşdırır.

Ticarət-iqtisadi sahədəki əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyi, Çinin Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biri olduğu xüsusi vurğulanıb. Eyni zamanda, Azərbaycanın da Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşı olduğu qeyd edilib. İki ölkə arasında ticarət dövriyyəsinin artım meyli ötən il 21% (3.7 mlrd $) təşkil edib. Bu ilin ilk üç ayı üzrə də müsbət dinamika qorunaraq qarşılıqlı ticarət həcmi 37%-ə ( $1,02 mlrd) artıq yüksəlib. Azərbaycan xüsusilə kənd təsərrüfatı və qida məhsullarının Çinə ixracını genişləndirməkdə maraqlı olduğunu bir daha bəyan edib.

Sənaye, neft-qaz, neft-kimya, “yaşıl” energetika, yüksək texnologiyalar, innovasiyalar və kosmik sahələrdə investisiya əməkdaşlığında müşahidə olunan müsbət dinamika da qeyd edilib. Çindən Azərbaycana yönələn investisiyaların həcmi 942 milyon ABŞ dollarına çatıb. Eyni zamanda, Dövlət Neft Fondunun da daxil olduğu Azərbaycan sərmayələrinin Çinə yatırılan ümumi həcmi təqribən 2.1 milyard ABŞ dollarına yüksəlib.

Bundan əlavə, Azərbaycan Prezidentinin Çinə qarşıdakı səfəri çərçivəsində Azərbaycanda BYD şirkəti ilə birlikdə elektrik avtobuslarının istehsalının lokallaşdırılması layihəsinə start veriləcək.

İki ölkə arasında yaşıl enerji sahəsində əməkdaşlıq strateji prioritet təşkil edir. Baş nazirin müavini Şahin Mustafayev qeyd edib ki, Azərbaycan bu sahədə böyük potensiala, Çin geniş texnoloji resurslara və zəngin təcrübəyə malikdir.

Şahin Mustafayev bildirib ki, 2024-cü ildə Azərbaycan və Çin arasında tranzit daşımalarının həcmi 86% (378 min ton) artıb. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması məqsədilə həyata keçirilən genişmiqyaslı layihələrdən – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər nəqliyyat dəhlizlərindən bəhs olunub. Bu layihələr Çindən Avropaya və əks istiqamətə ən qısa və səmərəli marşrutu təşkil edir.

Şahin Mustafayev Çin şirkətlərini işğaldan azad edilən ərazilərə investisiya yatırmağa dəvət edib.

Regionun nəqliyyat-kommunikasiya sisteminin bərpasının böyük perspektiv vəd etdiyi, Zəngəzur dəhlizinin reallaşmasının isə sülhə və təhlükəsizliyə xidmət edəcəyi, Orta Dəhlizin tərkib hissəsi kimi “Kəmər və Yol” layihəsinə də mühüm töhfə verəcəyi bildirilib.

Çin Xalq Respublikasının kommersiya nazirinin müavini və Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi Lin Ci ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrə xüsusi əhəmiyyət verdiyini vurğulayıb. O, Çinin Azərbaycan istehsalı olan məhsulların idxal həcmini və çeşidini genişləndirməkdə maraqlı olduğunu qeyd edərək, xüsusilə nar məhsulları və şərabın Çində alıcıların böyük rəğbətini qazandığını diqqətə çatdırıb. Həmçinin quş əti, fındıq və badamın Çinə ixracı üçün geniş imkanların olduğu bildirilib.

Bununla yanaşı, Lin Ci Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı təşəbbüslərini dəstəklədiyini və bu istiqamətdə rəsmi Bakı ilə birgə işləməyə hazır olduğunu ifadə edib.

Çin rəsmiləri qarşılıqlı investisiyaların və ticarətin genişlənməsində maraqlı olduqlarını bilirdilər və Çində Azərbaycan ticarət evlərinin sayının artırılması təklifi ilə çıxış ediblər.

İclasda qeyd edilib ki, Azərbaycan ilə Çin arasında baramaçılığın inkişafı sahəsində səmərəli əməkdaşlıq əlaqələri qurulub və bu əməkdaşlığın işğaldan azad edilmiş ərazilərin bərpasında özünü daha qabarıq şəkildə nümayiş etdirəcəyi gözlənilir. Belə ki, tərəfdaşlar tərəfindən Xocalı şəhərində əkilməsi üçün artıq 130 min tut tingi gətirilib. Layihənin uğurlu nəticələr verəcəyi proqnozlaşdırılır.

Qeyd edilib ki, turizm sahəsində əlaqələr müsbət şəkildə inkişaf edir. Qarşılıqlı turist axını dinamik şəkildə artır. Ötən il Azərbaycana gələn Çin turistlərinin sayında əhəmiyyətli artım qeydə alınıb. Burada Azərbaycanın Çin vətəndaşları üçün birtərəfli qaydada vizanı ləğv etməsi mühüm rol oynayıb.

Azərbaycan Prezidentinin Çinə səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişin imzalanması gözlənilir. Bu, ölkələrimiz arasında təmaslara ciddi təkan verəcək və qarşılıqlı səfərlərin sayını artırmağa xidmət edəcək.

Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında İT, kosmik sənaye, yüksək texnologiyalar, səhiyyə və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanları da geniş müzakirə olunub. Yaxın vaxtlarda Azərbaycan Prezidentinin Çinə planlaşdırılan səfərinin iki ölkə arasındakı münasibətləri yeni mərhələyə yüksəldəcəyinə əminlik ifadə edilib. Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi Lin Ci ölkəsinin Qafqaz regionunda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini və milli-iqtisadi maraqlara uyğun bütün təşəbbüsləri dəstəklədiklərini vurğulayıb.

Müzakirələr nəticəsində İnvestisiya əməkdaşlığı üzrə İşçi Qrupun yaradılması qərara alınıb. Bu qurum investisiya sahəsindəki məsələlərin daim diqqətdə saxlanılması üçün mühüm platforma olacaq.

İclasın yekununda Birgə İnvestisiya Əməkdaşlığı üzrə İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumunu və Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasının Protokolu imzalanıb.

Tarix
2025.04.16 / 19:08
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

Sergey Narışkin Bakıya gəldi

Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi

“Zəfər” ordenli generala yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla