Qazaxıstandakı proseslər bəzi xarici qüvvələr və
daxildəki 5-ci kalonun dəstəyi ilə daha da qabardı.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov
deyib. O, daxildə və xaricdə dağıdıcı fəaliyyət göstərən qüvvələrin
Qazaxıstanda səfərbərliyə keçdiyini deyib:
"Ölkədə bəzi qüvvələrin sosial zəmində narazılıqları məhz bu
ziddiyyətlər və torpaq kodeksinin ortaya çıxmasından sonra baş
qaldırdı. Proseslər isə bəzi xarici qüvvələr və daxildəki 5-ci
kalonun dəstəyi ilə qabardı, terror hadisələri fonunda daha da
gərginləşdi. Hazırda Nazarbəyov olduqca qətiyyətli davranır. O,
mahir bir idarəçi kimi proseslərin daha geniş vüsət almasını
əngəlləyə bilir. Ölkədəki vəziyyəti beynəlxalq institutların
"rəngli inqilablar" sevdası prizmasından da qiymətləndirmək olar.
Çünki bütün bu cəhdlər xaricdən müdaxilə anlamına gəlir".
Politoloq hesab edir ki, Şimali Qafqazda özləri üçün dayaq
nöqtəsi tapan beynəlxalq terror dəstələri, o cümlədən İŞİD və Əl
Qaidənin də bu proseslərdə fəallığı özünü əks etdirir:
"Vəziyyət gərgin olsa da, Qazaxıstanda sosial problemlər həll
edilmək üzrədir. Çünki Nazarbayev torpaq kodeksi ilə bağlı bütün
mübahisəli məqamları doğuran müddəalara yenidən baxılmasına dair
qərar verib.
Terror qruplaşmlarının dəsti-xətti, xof yaratma meyilləri, bir
müddət öncə Mərkəzi Asiya ilə bağlı yeni cəbhə xətlərinin
Qazaxıstan, daha sonra isə Qırğızıstandan keçəcəyinə dair
təhdidləri, hətta Qafqazın adının hallanması təsadüfi deyil.
Beynəlxalq təşkilatlarla yanaşı, bağlı struktur və fövqəlqüvvələrin
sayələrində fəaliyyət göstərən, siyasi texnologiyalarla məşğul olan
mərkəzlərin də bu işdə dəsti xətti görünür".
Qeyd edək ki, Qazaxıstanda xalqı meydanlara çıxmağa vadar edən
səbəb Torpaq Məcəlləsində torpaq sahələrinin 25 il müddətinə xarici
vətəndaşlara icarəyə verilməsini nəzərdə tutan düzəlişlərlə
bağlıdır.
Mayın əvvəlində qəbul olunmuş düzəlişdən sonra gözlənilmədən bir
sıra iri şəhərlərdə - Aktau, Aktobe, Semeye, Janozene və
Qızılordada etiraz aksiyaları başlayıb.
İyunun 5-də bir qrup şəxs əvvəlcə iki silah mağazasına basqın
edib, daha sonra hərbi hissələrə hücum çəkib.
Anti-terror əməliyyatları zamanı 13 ekstremist öldürülüb, 14-ü
yaralanıb. 6 terrorçu axtarışdadır.
İyunun 6-da ölkədə ən yüksək terror təhlükəsi "qırmızı hədd"
elan edilsə də, sonradan 40 gün müddətində bu, "sarı hədd"ə
salınıb.