Rusiya Qarabağ məsələsini
yalnız siyasi yolla həll edə bilməyəcək, Moskva Bakıya hərbi yolla
da dəstək verməlidir ki, problem öz həllini tapsın.
Bu barədə Axar.az-a millət vəkili Zahid Oruc açıqlama verib.
Əliyev, Putin və Sərkisyanın Qarabağ məsələsi üzrə gözlənilən
görüşünü şərh edən deputat çox önəmli məqamlara işıq salıb:
"Dördgünlük müharibə zamanı real olaraq iki dövlət arasında
silahlı münaqişənin genişlənməsini durduran yeganə tərəf Moskva
oldu. Prosesləri yaxşı görən Qərb fərqində idi ki, Strasburq və ya
Brüsseldən gələn zəng hesabına Füzulidə tank və toplar susası
deyil. Putinin buna gücü çatdı, onun təsir gücü Bakı və İrəvanda
qəbul olunub. Ancaq fərqli reaksiyalar yalnız 5 apreldən başlandı.
İrəvanda Rusiya əleyhinə aksiyalar meydana çıxdı və nə qədər
generalların poqonları sökülsə də, əlləri Putinə çatmadıqlarından
siyasi müharibəni dərinləşdirdilər. Bu, nəticə etibarilə beynəlxalq
dairələr tərəfindən fəal şəkildə danışıqların bərpasını əngəlləyə
bilmədi. Vaşinqton avtomatik olaraq prosesdən kənarda qalmamaq üçün
Lavrov-Kerri danışıqlarından sonra tərəfləri Vyanada bir araya
gətirə bildi. Hər halda Rusiyanın buna nə üçün getdiyini
cavablandırmaq çətin deyil. Yəqin Suriya məsələsində də eynən
ABŞ-ın hansısa güzəştli addımları baş verib və indi də sanki iki
region arasında olan məsələlərdə beynəlxalq güclərin sövdələşmələri
özünü göstərməkdədir. Bununla bərabər, Lavrov Vyanadan masa
üzərində müzakirə olunacaq sənədin məhz Rusiya planı olduğunu
gizlətmədi.
İndi Qərb tərəfindən iki hədəfə doğru istiqamətlənmiş addımlar
atılmaqdadır. Birincisi, Ermənistanın anti-Rusiya ovqatından
istifadə edərək İrəvanı öz tərəflərinə çəkmək istəyirlər. İkincisi,
Azərbaycan enerji cəhətdən Qərbin tərəfdaşı olsa da, siyasi
cəhətdən Rusiya mövqeyini qəbul etdiyi üçün Bakıya müəyyən təzyiq
göstərmək istəyirlər. Hətta bir az da irəli gedib bölgəyə Anjey
Kaspşik vasitəsilə özlərinin müşahidə missiyasını göndərməyə
çalışırlar. Yəqin ki, onların hamısı kəşfiyyatçılardan ibarət
olacaq. Yəni sülhməramlı qüvvələrə bərabər gedişlər etmək
istəyirlər. Ermənilər isə buna razıdırlar. Əsas niyyət – bir
tərəfdən İranı, o biri tərəfdən Qərbi bu prosesə qoşmaqla Rusiyadan
asılılığı azaltmaq, çoxvektorlu bir siyasətə keçməkdir. Ancaq
Ermənistan qətiyyən nə İranın, nə də Qərbin fonunda Azərbaycan kimi
balanslı siyasət qura bilməyəcək".
Z.Oruc iyunun sonunda hərtərəfli həll üçün Parisdə aparılacaq
danışıqlardan öncə Putinin tərəfləri görüşdürmək planından da söz
açıb:
"Qafqazlardakı davanın bütün keçmiş tarixinə rəğmən, kim
regionun gələcəyində iştirak etmək istəyirsə, Qarabağ məsələsinin
həllində də o rol oynamalıdır. Əks halda, bu bölgədən siyasi və
iqtisadi cəhətdən yararlanmaq çox çətin olacaq. Ona görə də
keçmişdə bölgəni münaqişələr vasitəsilə idarə edirdilərsə, indi isə
əksinə, həll məsələsi işə düşəndə hər bir dövlət çalışır ki, planı
o versin. Təbii, Qərb onun fərqindədir ki, Putin tərəfindən irəli
sürülən model həyata keçsə, Azərbaycan Avropaya çox da ehtiyac
duymayacaq. Putin bilir ki, Qarabağ məsələsində əlini qızdırmaq
istəyən Avropa dairələrinin qarşısını kəsməyin ən yaxşı yolu
prezidentlərin görüşünü keçirmək, xalqları gələcək sülhə
hazırlamaqdır".
Millət vəkili bildirib ki, Putinin iştirakı ilə baş tutacaq
görüş qətiyyən Azərbaycanın maraqlarına zidd deyil:
"Ermənistan bütün yüz illərin cinayətini indi Moskvanın əleyhinə
yazır. Bu görüşün məqsədi açıq şəkildə Qərbi kənarlaşdırmaq,
Putinin planının hər üç tərəfin xeyrinə olduğuna inandırmaqdır. Ən
azından Rusiya bölgədə əlavə konfliktlər yaşamaq istəmir. Çünki
Qarabağda ocaq yananda bu od dərhal Şimali Qafqazı da bürüyür.
Qarabağ məsələsinin Rusiyanın rəhbərliyi ilə həlli Moskvanın yüz
illər ərzində bölgədəki savaşları törətdiyinə görə qazandığı addan
sınaq üçün bir fürsətdir, qısası, Rusiyanın xilaskar obraza
ehtiyacı var. Ona görə də Putin imkan verməyəcək ki, Qərbin planı
Qarabağ məsələsində qəbul olunsun. ABŞ da təbii ki, bundan şad
olmayacaq və bu planı pozmağa çalışacaq".
Deputat Sankt-Peterburq görüşünə Azərbaycanın böyük önəm
verdiyini açıqlayıb:
"Bu görüş reallaşacağı təqdirdə Sərkisyan öz xalqına hansı
sülhün lazım olduğu bəyanatını verib, yəqin ki, hakimiyyətdən
getməli olacaq. Ancaq Petrosyan, Köçəryan və Sərkisyan o həqiqəti
dərk etməlidirlər ki, müvəqqəti işğal nəinki dövlət qurmağa imkan
vermir, onun regional və beynəlxalq aləmdə qəbul etdirmək məsələsi
daha mühümdür. O üzdən Rusiya elə bir həll modeli meydana çıxaracaq
ki, Qərbi bölgədən qova bilsin və Qafqazın tək nüfuz qüvvəsinə
çevrilsin".
Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin
Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli görüşünün iyunun
sonlarında baş tutacağı gözlənilir.