Yuxarı

Medinski “Qarabağ”ı məqsədli xatırlatdi: Mesaj nədir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Medinskinin Ukrayna müharibəsində Qarabağı nümunə kimi göstərməsi suallar yaradır: rusiyalı diplomat Qarabağın adını yalnız fikrini gücləndirmək üçün çəkir, yoxsa bu “istinad” Rusiyanın yeni siyasi kampaniyasının tərkib hissəsidir?

İlk baxışdan “istinad”ın sadəcə mövqeyin arqumentləşdirilməsi məqsədi daşıdığı görünür. Putinin köməkçisi bildirir ki, biz cəbhə xəttində (Ukrayna müharibəsi) toqquşmanı dayandırsaq və sadəcə atəşkəs bağlasaq, o zaman belə olacaq: bilirsiniz ki, Ermənistanla Azərbaycan arasında mübahisəli bölgə - Qarabağ vardı. Bu bölgə də nəhəng Qarabağa çevriləcək. Bir müddət sonra Ukrayna NATO və müttəfiqləri ilə onu geri qazanmağa çalışacaq, bu nüvə müharibəsinə səbəb olacaq.

Putinin köməkçisinin Qarabağdan “mübahisəli ərazi” kimi bəhs etməsinə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi şəkildə cavab verib. Hərçənd, Medinskinin bu açıqlaması Rusiyanın Qarabağın azad edilməsini həzm edə bilmədiyinin də etirafıdır. 2023-cü ilin 20 sentyabrından sonra rusiyalı rəsmilər zaman-zaman buna bənzər fikirlər səsləndirib.

Bakı və İrəvan arasında Qarabağ münaqişəsi üzrə atəşkəs əldə edilmişdi, Azərbaycan 30 il sonra torpaqlarını işğaldan azad etdi, ardınca suverenliyini bərpa etməklə Rusiyaya sülhməramlılarını bölgədən çıxarmaqdan başqa çıxış yolu qoymadı. Moskva postsovet məkanında ilk dəfə belə vəziyyətlə üzləşdi, bu baxımdan, Medinskinin sözləri Rusiyanın Ukraynada, həm də ümumilikdə postsovet məkanında “Qarabağ ssenarisi” ilə üzləşmək istəməməsi kimi oxuna bilər.

Lakin Medinskinin “Qarabağ istinadı” Ermənistanda mövqelərini bərpa etməyə və bölgədə yenidən güclənməyə çalışan Rusiyanın addımları fonunda sadəcə “mövqeyini arqumentləşdirmək” kimi görünmür, xüsusilə Moskvanın Xankəndidən İrəvana qaçan separatçılara son dövrlər yenidən “yatırım” etməsi fonunda. İki məlumatı bu kontekstdə xatırlamaq olar.

Birincisi, separatçıların İrəvanda yenidən aktivləşməsi və Paşinyan hakimiyyətinin “neytral mövqeyi”dir.

Qarabağdan qaçan separatçıların son addımları – qondarma “parlament seçkisi” keçirməsi, nümayəndəlik binasında tədbirlərin təşkili və s. Paşinyan hakimiyyəti tərəfindən əvvəlki məhdudiyyətlə üzləşmədi. Hesab etmək olar ki, rəsmi İrəvan onlardan Bakı ilə danışıqlarda “kart” kimi istifadə etməyə çalışır. Lakin separatçıların Paşinyan hakimiyyətinə qarşı müxalif elektoratda yer aldığını nəzərə alsaq, bu ehtimal zəifləyir. Ermənistan mediasında yayılan məlumatlarda isə deyilirdi ki, separatçıların fəaliyyətinin məhdudlaşdırılmamasını Paşinyandan Moskva istəyib. Mövcud şərtlərdə regiona qayıtmağa çalışan Rusiya ilə münasibətləri yenidən normallaşdırmaq istəyən rəsmi İrəvanın belə bir istəyi qəbul etməsi mümkün variantlardandır.

İkincisi, Rusiya “Qarabağ ermənilərinə yardımı” artırır: ötən ayın sonunda Mariya Zaxarova “Qarabağdan olan ermənilərə” kifayət qədər böyük miqdarda humanitar yardımın planlaşdırıldığını açıqlamışdı.

Bu iki informasiya Rusiyanın Qarabağla bağlı yeni siyasi kampaniyasına diqqət çəkir. Və burada “Qarabağ amili” həm Bakı, həm İrəvana qarşı istifadə edilə bilər.

- Ermənilərin yenidən Qarabağa köçürülməsi, keçmiş münaqişə motivlərinin aktullaşdırılması qeyri-mümkündür. Bunu Moskva da anlayır, lakin Rusiyanın Qarabağ amilindən Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə etmək cəhdləri qalır və belə cəhdlər adətən Bakı ilə münasibətlərdə soyuqluğun olduğu dövrlərdə aktivləşir.

- Rusiya “Qarabağ erməniləri” və separatçılardan Ermənistana hakimiyyətə qarşı da istifadə edir. Lavrovun İrəvan səfəri fonunda separatçıların aktivləşməsi və Rusiyadan humanitar yardımların artırılması da bu kontekstdə diqqət çəkir. Və aydın görünür ki, Moskvanın humanitar yardımları və dəstəyi separatçılar başda olmaqla “Qarabağ erməniləri”nin seçki dövründə Paşinyana qarşı müxalif cəbhədə birləşməsini daha da stimullaşdırmaq məqsədi daşıyır.

Bu proseslər fonunda Medinskinin “Qarabağ istinadı” təsadüfdən daha çox, Azərbayanın həssas nöqtələrinə toxunmaq və Ermənistan müxalifətinə hakimiyyətə qarşı istifadə edə biləcəkləri yeni gündəm vermək gediş kimi görünür.

Tarix
2025.06.10 / 15:02
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Qratsdakı məktəbdə terrakt törədən ermənidir? - Foto

Əsədov Daşkənddə Müstəqillik abidəsini ziyarət etdi - Foto

Əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələndi

İrəvan Qarabağa görə Bakıdan üzr istəyəcək

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

Erməni qadından gözlənilməz etiraf: Orada azərbaycanlılar...

Kanada ilə ilk siyasi məsləhətləşmələr keçirildi

Əsədov Daşkənddə Qarabağla bağlı çağırış etdi

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

Kreml istəyir ki, Bakı Krımı Rusiyanın tərkibində tanısın

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla