Son illər Rusiya Federasiyasında miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı münasibət ciddi narahatlıq doğurur. Artıq bu ölkədə dövlət səviyyəsində yürüdülən irqçi və şovinist siyasətin bütün çılpaqlığı ilə özünü büruzə verdiyini açıq şəkildə görürük.
Axar.az xəbər verir ki, bu sözləri deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın, milli ayrı-seçkiliyin bariz nümunələridir:
"Yekaterinburqda baş verənlər prosesin idarə olunduğunu aydın göstərir. İyunun 27-də Yekaterinburqda Azərbaycan əsilli şəxslərə qarşı həyata keçirilmiş genişmiqyaslı polis əməliyyatı nəticəsində iki azərbaycanlının öldürülməsi, digərlərinin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və onlarla şəxsin döyülməsi bu tendensiyanın bariz nümunəsidir. Evlərin dağıdılması, şəxsi əşyaların küçəyə atılması əməliyyatın təkcə hüquqi deyil, həm də mənəvi cəhətdən qəbuledilməz və təhqiramiz xarakter daşıdığını göstərir. Bu, etnik motivli hədəfləmənin və ayrı-seçkiliyin açıq nümunəsidir".
Millət vəkilinin sözlərinə görə, müharibədə insan qıtlığı ilə üzləşən Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə müharibəyə aparılması tendensiyası müşahidə olunur:
"Miqrantlar narkotik, törətmədikləri cinayətlər, ailə üzvləri və yaxınları ilə təhdid edilir, məcburiyyət qarşısında qalıb razılaşmalı olurlar. Müharibəyə gedən miqrantlar aldadılır, onlara kompensasiyalar verilmir. Qayıtdıqdan sonra yenidən şantaj olunur və müharibəyə qaytarılırlar. Miqrantlarla bərabər milli kimliyinə görə Rusiya vətəndaşı olan qeyri-ruslar bu kimi təqiblərin qurbanı olurlar. Amma cərəyan edən hadisələr təkcə Yekaterinburq ilə məhdudlaşmır və Rusiyanın bütün regionlarını əhatə edir. Bəzi məmurlar bu mövzuda özlərini qəhrəmanlaşdırmağa çalışırlar".
Samir Vəliyev qeyd edib ki, məsələ yalnız hüquq-mühafizə orqanlarının davranışında deyil:
"Rusiya siyasi dairələrində də azərbaycanlılara qarşı qərəzli mövqe illərdir açıq şəkildə hiss olunur. Rusiya Dövlət Dumasının bir sıra deputatı – məsələn, Nikolay Valuyev, Konstantin Zatulin və Vitali Milonov – dəfələrlə Azərbaycana qarşı təhqiramiz və hədə dolu ifadələr işlədiblər. Bu cür ritorika yalnız ksenofobiyanı körükləmir, eyni zamanda konkret zorakılıq hallarına zəmin yaradır. Azərbaycanlı miqrantlara qarşı olan təzyiqlər və zorakılıqlar, təəssüf ki, Rusiya dövlət aparatının – hüquq-mühafizə, siyasi və hərbi strukturlarının – sistemli şəkildə həyata keçirdiyi bir siyasətin tərkib hissəsinə çevrilib. Təkcə miqrasiya məsələsi deyil, ümumiyyətlə, Azərbaycan vətəndaşlarının kimliyi hədəf alınır. Buna paralel olaraq, AZAL-a məxsus Bakı-Qroznı sərnişin təyyarəsinin Qroznı səmasında vurulması və bu hadisəyə görə Rusiya tərəfinin üzr istəməməsi, məsuliyyət daşımağa meyilli olmaması da vəziyyətin başqa bir dramatik tərəfidir. Təyyarədə mülki şəxslərin həyatına son qoyulması beynəlxalq hüququn kobud pozuntusudur. Lakin Kremlin susqunluğu və məsələni unutdurmaq cəhdi Rusiyanın məsuliyyətdən yayınmaq strategiyasını bir daha təsdiqləyir.
Bu gün Ermənistanda radikalizm, revanşizm ideyalarının güclənməsi, Köçəryan, Sərkisyan və Rusiya tərəfindən idarə olunan digər şəxslərin daha uca səslə danışmağa başlaması da Moskvadan idarə olunan prosesdir. Məqsəd Cənubi Qafqaz regionunu yenidən müharibə arenasına çevirməkdir”.