Xocalı soyqırımın əsas təşkilatçı və iştirakçılarından
biri erməni prezidenti Serj Sərkisyandır. Təəssüf ki, hələ də
cəzasına çatmayan bu şəxsin Xocalı etirafları 2000-ci il dekabrın
15-də jurnalist Tomas de Vaal tərəfindən qeydə alınıb. Jurnalist
müsahibənin Xocalı hadisələri və 366-cı motoatıcı alaya aid
hissələrini yayıb. "Axar.az" həmin hissəni təqdim
edir:
366-cı alayın iştirakını inkar
etmirəm
Tomas de Vaal: - Məndə olan məlumatlara görə,
366-cı alay sizə kömək edirdi, Xocalıda sizə dəstək olub və 1992-ci
ilin sentyabrında Azərbaycanın hücumunun qarşısını almaq üçün
rusların yardımı olub.
Serj Sərkisyan: - Mən 366-cı alayın bəzi
zabitlərinin müəyyən mənada iştirakını inkar etmirəm, amma
birincisi, bu alay bizə deyil, özlərinə kömək edirdi, çünki
azərbaycanlılar "Qrad"la təkcə bizə deyil, 366-cı alaya da zərbə
endiriblər. Odur ki, qoy onlar öz əməlləri barədə düşünsünlər.
İkincisi, 366-cı alayda çox sayda erməni zabiti var idi, onlar
komandanlıqdan xəbərsiz bizə kömək edə bilərdilər. Və belə də
etdilər. Qarabağ ordusunun hazırkı komandanı, general-leytenant
Seyran Ohanyan (Ermənistanın indiki müdafiə naziri. – red.) orada
batalyon komandiri idi. O bizə necə kömək etməyə bilərdi? Amma
iki-üç zabit bizə kömək edibsə, bunun 366-cı alayla heç bir əlaqəsi
yoxdur.
Ayaz Mütəllibovu özü deyirdi ki…
Tomas de Vaal: - Ordunun peşəkarlaşma
dərəcəsindən danışırıqsa, mən də Xocalı ilə bağlı sual vermək
istəyirdim. Çünki heç kim çox sayda azərbaycanlının Xocalıdan
qaçarkən həlak olduğunu və bunun Əsgəran yaxınlığındakı hansısa
Qarabağ dəstələrinin işi olduğunu inkar etmir. Amma niyə siz bunu
peşəkar Qarabağ əsgərlərinin deyil, qəzəblənmiş insanların
törətdiyini deyirsiniz?
Serj Sərkisyan: - Bilirsiniz, belə şeylər
haqqında açıq danışmırlar. Nə demək mümkündürsə, onu deyirlər. Mən
də belə edəcəyəm. Birincisi, Azərbaycanın keçmiş rəhbəri (Ayaz
Mütəllibovu nəzərdə tutur. – red.) özü deyirdi ki, bu, ermənilər
deyil, azərbaycanlılar özləri idi. Amma deyim ki, həqiqət başqa ola
bilər. Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki
orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava
nəqliyyatı ilə idi, çünki orada "OMON" var idi, orada nə isə
araşdırırdılar, insanları həbs edirdilər.
Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc
əhaliyə…
Bundan başqa, demək olar ki, Stepanakertin tam yaxınlığında
yerləşən Xocalı sakinləri oranı atəşə tuturdular. Amma zənnimcə,
əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə,
sadəcə, zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar
elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən
insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə
də oldu.
Bu gənclərin arasında Bakıdan, Sumqayıtdan qaçanlar da olduğunu
nəzərə almaq lazımdır. Baxmayaraq ki, mənim fikrimcə, çox şey
şişirdilib. Azərbaycanlılara hər hansı yeri Sumqayıtla
eyniləşdirmək üçün bəhanə lazım idi. Amma onları heç cür müqayisə
etmək olmaz. Bəli, Xocalıda da həqiqətən dinc əhali var idi. Amma
dinc əhali ilə birgə əsgərlər də var idi. Və güllə uçarkən dinc
sakini əsgərdən fərqləndirmir, onun gözü yoxdur. Getmək üçün gözəl
imkan olmasına baxmayaraq, dinc əhali orada qalırsa, deməli, o da
döyüş əməliyyatlarında iştirak edir...
Və orada dəhliz harada isə onları güllələmək üçün qoyulmamışdı,
Ağdamın girəcəyində deyil, Xocalıda da güllələmək olardı.
Tomas de Vaal: - Mənə elə gəlir ki, sadəcə
olaraq, siz adətən dəhliz qoyurdunuz ki...
Serj Sərkisyan: - Bu, əsasən Xocalıdan sonra
belə oldu. Çünki əslində bizim müharibəmiz başqalarından bir qədər
fərqlənirdi. Bizdə elə alındı ki, müəyyən etnik təmizləmə gedirdi.
Başqa cür ola da bilməzdi. Amma bu metodu biz düşünmədik. Bunu
Hadrut və Şuşa rayonlarından öz milislərinin köməyi ilə bizimkiləri
qovarkən onlar düşündülər.
Qeyd edək ki, Serj Sərkisyan 1989-93-cü illərdə
"Dağlıq Qarabağ Özünümüdafiə Qüvvələri"nin sədri olub. Daha sonra
ölkənin Müdafiə nazirindən prezidentinə qədər müxtəlif vəzifələri
icra edib. Azərbaycanda erməni separatizminin ən qanlı
iştirakçılarından biridir. Azərbaycan torpaqlarının işğal
olunmasında, minlərlə Azərbaycan vətəndaşının qətlə yetirilməsində
birbaşa iştirak edib.