Yuxarı

Mircəfər Bağırov Mexlisdən necə qisas aldı?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərb və siyasi tariximizin qaranlıq məqamına aydınlıq gətirmək üçün öncə Lev Zaxaroviç Mexlis haqqında qısa arayış verim. L.Z. Mexlis 13 yanvar 1889-cu ildə Odessa şəhərində qulluqçu ailəsində anadan olub. 1919-cu il aprel ayında cəbhədə siyasi komissar işinə göndərilib. 1922-ci ildən Rusiya K(b)P MK baş katibi İ.V.Stalinin köməkçisi vəzifəsində, 1930-cu ildən "Pravda”qəzetində işləməyə başlayıb. "Pravda”nın baş redaktoru, 1937 - ci ildən isə SSRİ Müdafiə Nazirinin müavini, 1946 - cı ildən Dövlət Nəzarəti naziri təyin edilib. 1949-cu ildə xəstələnib və vəziyyəti getdikcə pisləşib. İ.V.Stalinin vəfatından 3 həftə əvvəl, 1953-cü il fevralın 13-də dünyasını dəyişib. Cəsədinin külü Kreml divarındakı taxçaya qoyulub. General - polkovnik idi.

Kerç hadisələrindən əvvəl 1949 - cu ilə ekskursiya edək. Müharibədən sonra Azərbaycanda daşnaqların fitvası ilə çoxlu imzasız məktublar yazılırdı. Ona görə də Azərbaycan hökumətinin bütün fəaliyyətini yoxlamaq üçün SSRİ Dövlət Nəzarəti Nazirliyinin 80 nəfərdən ibarət Komissiya briqadaları 3 IL-12 təyyarəsi ilə Bakıya gəldi. Ölkənin hər yerindən xüsusi bir diqqətlə seçilib Bakıya gətirilən yoxlama komissiyasına Mexlisin müavinləri general leytenant F. Yemelyanov (Azərbaycanda Daxili İşlər Naziri olmuş,Tatar əsilli rus Stepan Fyodoroviç Yemelyanovla bu Yemelyanovu qarışıq salmayın - M.B.) və T.Sorokin başçılıq etmişlər. 1948-ci ilin bütün yaz və yayı boyu davam edən bu sifarişli yoxlamanın hər bir iştirakçısının hərəkətlərindən açıq-aydın hiss olunur ki, Mexlis Azərbaycandan və Azərbaycan rəhbərindən qisas almaq arzusu ilə alışıb yanır.

Mexlisin belə hərəkətinin isə əsaslı bir "səbəbi” var idi.

Zəruri qeyd: Mexlis Lev Zaxaroviç bəzi məqamlar nəzərə alınmazsa böyük şöhrətə və nüfuza layiq adam olmayıb. Onun hələ layiqincə yetişmədiyi, dövlət işlərində püxtələşmədiyi, tapşırılan işin bütün incəliklərinə bələd olmadığı, qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün zəruri səriştəyə yiyələnmədiyi, başqalarına qarşı təkəbbürlü davranışı, rəhbər işçiyə yaraşmayan digər mənfi xüsusiyyətləri və ciddi nöqsanları elə ilk çətin sınaq zamanı özünü biruzə verib. L.Mexlisin bütün həyatı üçün faciəyə çevrilən və onun böyük bir ölkənin siyasi səhnəsindən izsiz şəkildə yoxa çıxmasına səbəb olan bu hadisə Böyük Vətən müharibəsinin lap ilk çağlarında baş verib.

Ali Baş Komandalığın Qərargahı onu 1942-ci il yanvar ayının 20-də Krım cəbhəsinə özünün səlahiyyətli nümayəndəsi kimi göndərib və cəbhənin qarşısında duran - Kerç yarımadasını düşməndən qorumaq vəzifəsinin müvəffəqiyyətlə həyata keçirilməsi işinə başçılıq etməyi tapşırıb. Lakin Krım cəbhəsi ağır döyüşlərdə minlərlə canlı qüvvə, çoxlu hərbi texnika və sursat itkisinə düçar olsa da qarşıya qoyulan tapşırığı yerinə yetirə bilməyib. Hər şeydən əvvəl ona görə ki, Qərargah nümayəndəsi L.Mexlis ona verilən tapşırığı yerinə yetirmək bacarığına malik olmadığından və müdafiə işlərini təşkil etməyi bacarmayıb.

Cəbhə yazıçısı K.Simonov Mexlisin Krımda törətdiyi fəsadlar haqqında yazır: "Yeddi il bundan əvvəl bir cəbhəçi mənə aşağıdakıları danışmışdır: "Mən 1942-ci ildə Kerç yarımadasında olmuşam. Cəbhədəki rüsvayçı məğlubiyyətin səbəbləri mənə aydın şəkildə bəllidir. Bunlar Mexlisin cəbhə və ordu komandirlərinə etibar etməməsi, onun vəhşi özbaşınalığı, hərbi işdə tam savadsızlığı idi... İş o yerə çatmışdır ki, Mexlis guya əsgərlərin döyüş həvəsinin azalmaması üçün müdafiədə duran əsgərlərə səngər qazmağı və orada daldalanmağı qadağan etmişdi... Mən ömrümdə heç bir yerdə belə bir vəziyyətlə heç zaman rastlaşmamışam. Burada insanlar xurt-xəşil edildi və dənizə töküldülər. Bu qədər əsgər ona görə öldürüldü ki, cəbhəyə sərkərdə deyil, sərsəm adam komandanlıq etmişdir”.

Bu hadisələri təsvir edən başqa bir mənbədə konkret olaraq Beriyanın oğlunun "Mənim atam Beryadır” kitabında isə deyilir: "Qafqazlılardan ibarət olan diviziyaların böyük hissəsinin cəmləşdirildiyi Kerçdə, demək olar ki, bütün gənclərin ən yaxşıları məhv oldu. Onların əksəriyyəti almanlar tərəfindən dənizə doğru sıxışdırılaraq sularda qərq edildi. Hərbiçilər, xüsusilə gürcülər bu qəzanın törənməsində başlıca günahkar olan o vaxtkı, hərbi Şura üzvü, komandanlığı əlinə keçirərək hər şeyə yiyə duran və heç bir məsuliyyət daşımayan Mexlisi ittiham edirdilər. Mexlis isə özünü ciddi cəhdlə müdafiə edərək bu işdə bütün səhvi, azərbaycanlıların boynuna qoymağa çalışırdı. Onun dediyinə görə guya ‘’azərbaycanlılar vuruşa bilməyiblər”. Azərbaycanlı Bağırov bu bəyanatdan olduqca təəccüblənmiş və qəzəblənmişdir. Bu səbəbə görə hər dəfə onun yanında Mexlisin adı çəkiləndə nəfəsi darıxaraq boğulurdu. Bağırov sonralar Mexlisdən qısasını aldı...”

Beləliklə, Ali Baş Komandan qərargahının nümayəndəsi 1942-ci il yanvar ayının 20-də onun qarşısına qoyulan vəzifəni yerinə yetirə bilməyib, Kerç yarımadasının düşməndən müdafiəsini təşkil etməyi bacarmayıb və 450 min insanın əbəs yerə itkisinə yol verib. Kerç əməliyyatının məğlubiyyətinə görə Mexlis 1942-ci il iyun ayının 4-də SSRİ Xalq Müdafiə Komissarının müavini və Qızıl Ordunun Baş Siyasi idarəsinin rəisi vəzifələrindən azad edilib, hərbi rütbəsi 1-ci dərəcəli ordu komissarından iki dərəcə aşağı olan Korpus Komissarı rütbəsinə endirilib.

Mexlisin özbaşınalıq edərək azərbaycanlı əsgərləri dəfələrlə gəmilərə dolduraraq açıq dənizdə labüd zərbə hədəfinə çevirməsi, həm də bu zaman "Qoy bu yoldaşlar” Krım uğrunda vuruşsunlar” - deməsi Azərbaycan rəhbərində sonsuz qəzəb və kin hissi oyadır.

Kerç faciələri baş verən zaman Azərbaycan K(b)P MK-nin II katibi vəzifəsində çalışan mərhum H.Seyidovun "Naşa vremya” qəzetindən oxucuya artıq məlum olan xatirələrində bu məğlubiyyətlə əlaqədar olaraq M.C.Bağırovun son dərəcə kədərləndiyini və qəzəbləndiyini ürək ağrısı ilə təsvir edərək yazır:

"Mexlis Krımın azərbaycanlılardan ibarət diviziyaların qüvvəsilə azad edilməsi haqqında əmr vermişdir. O, əmr vermişdir ki, azərbaycanlılar Kerç boğazını keçərək Krım yarımadasına çıxsınlar. Mexlisin əmri ilə minlərlə azərbaycanlı əsgəri daşıyan gəmilər yarımadaya tərəf üzmək istərkən almanlar tərəfindən bombalanaraq sulara qərq olmuşdur. Bu faciə artıq iki dəfə təkrar edilmişdir. Mexlis azərbaycanlıları yenidən gəmilərə doldurub dənizdə batırmaq istərkən Cənub cəbhəsinin komandanı ordu generalı İ.Y.Petrov bu barədə M.C.Bağırova zəng edərək demişdir: ... Bir neçə gündən sonra sizin adamlardan əsər-əlamət qalmayacaqdır. Mən onun öhdəsindən gələ bilmirəm. Təcili tədbir görün. Verdiyim məlumatla əlaqədar mənim adımı çəkməyin”.

Azərbaycan rəhbəri bu həyəcanlı telefon zəngindən sonra bütün lazımı məlumatları təcili surətdə toplayaraq İ.Stalinlə əlaqə yaradaraq Krım cəbhəsindəki vəziyyəti ona izah edir. Bu zaman I.Stalin VÇ-nin dəstəyini diskə qoymadan başqa bir telefonla qəti göstəriş verir: "Mexlisi Cənub cəbhəsi hərbi surasınm üzvü vəzifəsindən geri - MK-nin sərəncamına çağırın!”

Bu faciəvi hadisələrdən sonra L.Mexlislə M.C.Bağırovun şəxsi münasibətləri tamamilə və bütünlüklə pozulur.

Azərbaycan rəhbəri Kerç məğlubiyyətindən və faciəsindən dərhal sonra müxtəlif cəbhələrdə vuruşan azərbaycanlı əsgərləri son dərəcə narahat edən, hətta onun döyüş qabiliyyətinə mənfi təsir göstərən, milli hissinə toxunan nalayiqcəsinə deyilən "yeldaşı” təhqiramiz ifadəsinin yaratdığı ruh düşkünlüyünü və bundan sonra törənə biləcək fənalıqların kökünü kəsmək üçün xüsusi tədbirlər planı işləyib hazırladı. Ayrı-ayrı döyüş cəbhələrindən Azərbaycan K(b)P MK - ya və respublikanın digər rəhbər orqanlarına göndərilən şikayət məktubları diqqətlə öyrənildi və məsələ MK-nın bürosunda müzakirə edildi. Bu tədbirlər planında bir sıra mühüm məsələlərlə yanaşı Sovet ordusu tərkibində azərbaycanlılardan ibarət milli diviziyalar yaradılması ideyası irəli sürüldü və milli -mənəvi, hərbi - taktiki cəhətdən əsaslandırıldı. M.C.Bağırov bu təkliflərin həyata keçirilməsinə icazə almaq üçün İ.Stalinin qəbulunda oldu və onun razılığını aldı.

İ.Stalin M.C.Bağırovun təkliflərini bəyəndikdən dərhal sonra Baş Qərargah Sovet Ordusu tərkibində dalbadal 223 - cü, 402 - ci, 407-ci və 416 - cı diviziyaların azərbaycanlı əsgər və zabitlərlə komplektləşdirilməsi haqqında qərar qəbul etdi. Ölkə başçısının böyük sərkərdəlik səriştəsi sayəsində baş verən bu tarixi hadisədən sonra Milli diviziyalar ən ağır cəbhələrdə qəhrəmancasına vuruşa - vuruşa düşmənin gizləndiyi Reyxstaqa kimi gedib çıxdılar.

Milli diviziyalar bütün dünyaya sübut etdilər ki, xəyanətkar Mexlisin rəzilcəsinə ortaya atdığı çürük fikirlər düşmən hədyanlarından başqa bir şey deyildir. L.Mexlis isə düz beş il çəkən üzüntülərdən, qanuni cəzalardan, nüfuzsuz həyat sürməkdən, diligödək, qısıla - qısıla gəzməkdən, güclü mənəvi sarsıntılardan, haqlı və sonsuz qınaq, təhqir və məzəmmətdən sonra yenidən vəzifəyə gələ bilmədi.

Beləliklə Azərbaycandan Kremlə imzasız məktub göndərənlər nəinki çoxdankı əsas məqsədlərinə çata bilmədi, hətta bir çox başqalarının da həyatlarını ciddi təhlükə altına saldılar. Mexlis yoxlamasından dərhal sonra yerlərdən rayon, şəhər və vilayət rəhbərləri haqqında imzasız məktubların Bakıya rəhbər təşkilatlara axını başlandı. Belə məktubların hər biri ilə əlaqədar olaraq xüsusi yoxlamalar keçirilir və ciddi tədbirlər görülür.

Zəruri qeyd. Əgər L. Mexlisin xüsusi bir göstərişlə Bakıda yoxlayışa göndərdiyi çoxsaylı briqada üzvlərinin bütün fırıldaqlarının üstü açılmasaydı və hər cür qanun pozuntularının qarşısı vaxtında və qətiyyətlə alınmasaydı xalqımızın başına böyük fənalıqlar gələ bilərdi. Əgər Azərbaycan rəhbəri ölüm - dirim anlamında olan bu siyasi didişmədə, çəkişmədə, vuruşmada, təkbətək müharibədə tam şəkildə qalib gəlməsəydi, onda Mexlis və onun yaxın tərəfdarı olan Anastas Mikoyan hökmən bütün Azərbaycan xalqına və onun bütün rəhbərlərinə rüşvətxor, korrupsioner və vətən xaini damğası vura biləcəkdi. Respublikada bununla əlaqədar olaraq kütləvi həbslər keçirilməli və uzun çəkən məhkəmə prosesləri qurulmalı idi. Aydın məsələdir ki, Respublika belə bir bədnam ad altında bağlanmalı və əraziləri qonşulara paylanmalı idi.

Şübhə yox idi ki, Mexlisin briqadasının Azərbaycanın ali hakimiyyət dairələrinin yoxlanılmasında daşnaqların əli vardı. Yemelyanova Bakıda kömək edən Bağdasarovanın adı xarici kəşfiyyat orqanlarının siyahısındadı. Bağdasarova İranda yaşayan daşnaq Çerçiyanla gizli əlaqə saxlayır.

Moskvada isə M.C.Bağırovun və bütün Azərbaycanın qənimi olan Mexlis və onun Kremldəki daşnak havadarları qondarma yoxlamanın yekunlarını SSRİ Nazirlər Sovetinin müzakirəsinə hazırlayırdılar. Vaxtı fövtə vermək olmazdı.

Mexlis - Bağırov qarşıdurmasında hər an birinci katibin yanında olmuş ikinci katib - Həsən Mirəli oğlu Seyidov o tarixi günləri belə təsvir edir: "Mir Cəfər Bağırov "VÇ” telefonunun dəstəyini qaldırdı, xahiş etdi ki, Kreml kommutatoru ilə birləşdirsinlər.

- Sizi eşidirəm, - Poskrebışevin səsi eşidildi. O, Bağırovla çox səmimi salamlaşdı, hal-əhval tutdu və nə baş verdiyini soruşdu.

- Hər şey qaydasındadır. Ancaq bir aydır ki, cənab Mexlis respublikanın Nazirlər Sovetinin fəaliyyətini yoxlamışdır. Guya Azərbaycanda vəzifə başında ancaq fırıldaqçılar, oğrular, dövlət malını məngirləyənlər əyləşiblər. Mexlisin briqadası ağına-bozuna baxmadan Azərbaycanda hər şeyi bir-birinə qatmaq istəsə də heç nə hasil etmədi, əliboş geriyə qayıtdı. Bütün dediklərim barədə ətraflı surətdə Stalin yoldaşa məlumat vermək üçün onun qəbulunda olmaq istəyirəm - deyə M.C.Bağırov yoldaş cavab verdi.

- Elə bu dəqiqə sizi calaşdırıram - Poskrebışev dedi.

Telefonda Stalinin gürcü tələffüzlü xırıltılı səsi eşidildi:

- Mən sizi eşidirəm!

M.C. Bağırov salamlaşandan sonra, Stalinə qısaca məlumat verdi, yoxlamanın nəticələri ilə əlaqədar ona şəxsən arayış vermək məqsədilə Moskvaya gəlmək üçün icazə istədi.

Stalin dərhal cavab verdi:

- Buyurun, birbaşa Kuntsevoya, bağıma gəlin!

Ertəsi günü M.C.Bağırov təyyarə ilə Moskvaya yola düşdü. Bakıda isə Mexlisə züy tutaraq, Azərbaycan rəhbərlərindən imzasız məktub yazanlar, "İnturist”ə baş çəkən "kişilər” təşvişə düşdülər: bu təcili səfər müəmmalıdır...

On gündən sonra M.C.Bağırov Moskvadan qələbə ilə qayıtdı. Büro üzvlərini yığıb təəssüratını bölüşdü”.

H.Seyidov birinci katibin dediklərini yarım əsrdən sonra soydaşlarımıza belə çatdırdı: "Moskvada axşam düşəndə mən Kuntsevoya, Stalinin bağına çatdım, mühafizə işçiləri, görünür, məni gözləyirlərmiş, 5 dəqiqədən sonra Stalinin şəhərdən kənardakı kabinetindəydim.

Stalin məni hərarətlə qarşıladı, göstəriş verdi ki, "Azərbaycan buketi” çayı dəmləsinlər, söhbətə başladıq. Mən Bakıda Mexlisin briqadasının yoxlamasının mahiyyətini izah edəndə, o, dərin həyəcan hissi keçirdi. Mexlisin ünvanına xoşagəlməz ifadələr işlətdi. Sonra dəstəyi qaldırıb, telefonla Siyasi Büronun qərarını diqtə etdi: Malenkov, Molotov və Bağırovdan ibarət komissiya yaradılsın, komissiyanın iclasında Mexlisin iştirakı ilə yoxlamanın nəticələrinə baxılsın və Mərkəzi Komitəyə yazılı arayış təqdim olunsun.

...Stalinin tapşırığı ilə yaradılmış komissiya üç gün dalnbadal toplaşıb, yoxlama nəticələri hərtərəfli araşdırdı, dördüncü gün isə Mexlis iflic keçirdi və onu xəstəxanaya apardılar.

Şərq.az

Tarix
2017.03.14 / 16:33
Müəllif
Məmmədtağı Bağırov
Şərhlər
Digər xəbərlər

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla