Növbəti mövsüm Topaz Premyer Liqasında 12 yox, 10
komanda oynayacaq.
Növbəti mövsümdən etibarən Topaz Premyer Liqasında
gözlənildiyinin əksinə olaraq 12 deyil, indi olduğu kimi, 10
komanda mübarizə aparacaq. Məlumata görə, bu haqda AFFA prezidenti
Rövnəq Abdullayev qurumun saytına müsahibəsində bildirib.
O qeyd edib ki, AFFA İcraiyyə Komitəsinin bu il martın 7-də
keçirilmiş iclasında lisenziya tələblərinə uyğun olacağı təqdirdə
2014-15-ci il mövsümündən Topaz Premyer Liqasının 12 komandanın
iştirakı ilə keçirilməsinin müzakirə olunması barədə qərar qəbul
edilsə də, hazırkı durumda çempionatda 12 komandanın iştirakı
alınmır.
"Mövsüm sona yaxınlaşdıqca mübarizə daha da gərginləşir. İstər
çempionat oyunlarında, istərsə də kubok uğrunda qarşılaşmalarda
maraqlı və gərgin rəqabətin şahidi oluruq. Cari mövsümü
mükafatçılar sırasında hansı komandaların başa vuracağı ilə yanaşı,
futbol ictimaiyyətini və azarkeşləri növbəti çempionatda Premyer
Liqada neçə klubun çıxış edəcəyi də ciddi maraqlandırır. İcraiyyə
Komitəsinin bu il martın 7-də keçirilmiş son iclasında növbəti
mövsüm Topaz Premyer Liqasında 12 komandanın iştirak edə biləcəyi
ilə bağlı qərar qəbul olunub. Lakin həmin qərarda çox vacib bir
məqam da xüsusi vurğulanıb ki, elitada komandaların sayının
artırılması I diviziondan yüksək liqaya çıxmaq istəyən hər hansı
klubun lisenziyalaşdırma ilə bağlı bütün tələblərə cavab verə
biləcəyi halda mümkün olacaq.
Əlbəttə, AFFA rəhbərliyi ölkə çempionatının yüksək liqasında
komandaların sayının daha çox olmasını arzulayır. Amma bu arzunun
gerçəkləşməsi üçün klublarda mövcud qaydalara, xüsusilə lisenziya
tələblərinə uyğun müvafiq işlər görülməlidir. Təəsüf ki, bu sahədə
vəziyyət arzuladığımız səviyyədə deyil. 2014-2015-ci ildə Topaz
Premyer Liqasında çıxış etmək istəyən klublar üçün
lisenziyalaşdırma prosesi bu il aprelin 30-da başa çatacaq.
AFFA-nın baş katibliyinin verdiyi məlumata görə, bu günə qədər I
divizion klublarından yalnız "Araz-Naxçıvan" lisenziya tələblərinin
böyük əksəriyyətini yerinə yetirib və elitada çıxış edə bilmək üçün
maliyyə zəmanətini də təqdim edəcəyi halda, Premyer liqada çıxışına
lisenziyalaşma baxımından hər hansı problem olmayacaq.
Baş katibliyin lisenziyalaşdırma ilə bağlı proqnozuna görə,
digər I divizion klublarının bu sahədə müxtəlif meyarlarla bağlı
çatışmazlıqları çoxdur və qalan qısa müddət ərzində onların aradan
qaldırılması o qədər də inandırıcı görünmür. Belə olacağı təqdirdə,
İcraiyyə Komitəsinin 14 avqust 2013-cü il tarixli iclasında qəbul
olunmuş qərara uyğun olaraq, 2014-2015-ci il mövsümündə I
diviziondan Topaz Premyer Liqasına 1 komanda yüksələcək və müvafiq
olaraq, cari mövsümün yekunlarına əsasən, yüksək liqada turnir
cədvəlinin sonuncu pilləsini tutan klub I diviziona düşəcək".
R.Abdullayev bildirib ki, Topaz Premyer Liqasında çıxış edən
klubların sayı cari mövsümlə müqayisədə dəyişməyəcək: "Təbii ki,
klubların sayının artmasını istəyirik, ancaq kəmiyyəti artırmaqla
keyfiyyəti azaltmaq olmaz. Premyer Liqada çıxış edən bütün klublar
ölkədaxili, eləcə avrokubok oyunları üçün lisenziyalaşdırma
tələblərini yerinə yetirməyi bacarmalıdır. Bu, UEFA klub
yarışlarında çıxış edən klublarımızın hər hansı problemlə
üzləşməməsi üçün çox vacib məsələlərdən biri, hətta birincisidir"
("Qol.Az").