Bu gün Bakıda idman dırmanması üzrə Dünya Kubokunun
açılış mərasimi keçirilib.
Dövlət Bayraq Meydanı yaxınlığında təşkil olunan yarışın
açılışında gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Hava və
Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) prezidenti,
ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Beynəlxalq
İdman Dırmanması Federasiyasının rəsmisi, yarışların baş hakimi
Qremi Alderson, idmançılar və azarkeşlər iştirak ediblər.
İdmançılar parad şəklində meydana daxil olduqdan sonra,
A.Rəhimov çıxış edərək ölkəmizdə idmana göstərilən diqqət və
qayğıdan danışıb. O, Azərbaycanın dünyanın idman mərkəzlərindən
birinə çevrildiyini qeyd edib.
Nazir ölkəmizdə təşkil olunmuş beynəlxalq yarışlardan söz
açaraq, Azərbaycan idmanının Prezident İlham Əliyevin daim diqqət
mərkəzində olduğunu vurğulayıb.
O, bu gün start verilən İdman Dırmanması üzrə Dünya Kubokunun
əhəmiyyətindən söz açıb və idmançılara uğurlar arzulayıb.
Daha sonra çıxış edən Hüseynqulu Bağırov iştirakçıları
salamlayaraq, Azərbaycanın möhtəşəm idman yarışlarının təşkilində
dünyanın nümunəvi ölkələrindən biri olduğunu bildirib.
Onun sözlərinə görə, ötən il keçirilən Dünya Kubokunun möhtəşəm
təşkil olunması beynəlxalq federasiyanın diqqətindən yayınmayıb:
"İkinci dəfədir ki, Dünya Kuboku Azərbaycanda keçirilir. Ötən il
beynəlxalq federasiya bu tədbirin Azərbaycanda keçirilməsində
tərəddüd edirdi. Ancaq yarış ölkəmizdə keçiriləndən sonra məlum
oldu ki, Azərbaycan Dünya Kubokunu yüksək səviyyədə təşkil edib.
Yarışın həm məkan, həm də təşkilatçılıq cəhətdən möhtəşəmliyini,
ölkəmizdə idmana göstərilən diqqət və qayğını görən beynəlxalq
federasiya bu dəfə özü Dünya Kubokunun Azərbaycanda keçirilməsi
üçün müraciət etdi".
Nazirin sözlərinə görə, FAİREX yarandığı qısa zaman ərzində
böyük uğurlara imza atıb. Federasiya prezidenti vurğulayıb ki,
ölkəmizə təşrif buyurmuş peşəkar idmançıların reaksiyasından
onların yarışın təşkilatçılığından razı olduqları bəlli olur:
"Əvvəllər idman dırmanması Azərbaycanda çox zəif idi, ancaq qısa
zaman ərzində bu sahədə idmançılarımız sürətlə yetişdi və müxtəlif
beynəlxalq səviyyəli yarışlarda iştirak edirlər. Ölkəmizdə bu idman
növünün inkişafı üçün struktur yaradılır, bazalar inşa olunur və
bunun nəticəsidir ki, bu gün bizim yaxşı komandamız var. Ümid
edirik ki, bu yarışda da komandamız yaxşı yerlərdən birini
tutacaq".
Beynəlxalq İdman Dırmanması Federasiyasının rəsmisi, yarışların
baş hakimi Qremi Alderson Dünya Kubokunun yüksək səviyyədə təşkil
olunduğunu deyərək, Azərbaycanın Gənclər və İdman Nazirliyinə və
FAİREX-ə minnətdarlığını bildirib.
Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib
və mərasim bədii hissə ilə davam etdirlib. Daha sonra yarışalara
start verilib.
Qeyd edək ki, yarışda dünyanın 22 ölkəsindən 150-yə yaxın
idmançı iştirak edir. İki gün davam edəcək Dünya Kubokunda
idmançılar iki növ - çətinlik (boulderinq) və sürət
üzrə qüvvələrini sınayırlar. /Trend/