Avqustun 25-də ölkə Premyer Liqası çərçivəsində baş tutan "Xəzər
Lənkəran"-"Neftçi" (0:0) oyununda qalmaqal baş verdi. Nəticədə 5
lənkəranlı azarkeş iğtişaşlarda günahkar bilinərək həbs edildi və
barələrində 2,5 ay müddətində həbs-qəti imkan tədbiri seçildi.
Həbs olunanların arasında Qusar rayon sakini Elman Tağıyev də
var. 19 yaşlı Elmanın anası Emilya Şərifova, müxbirimizlə
söhbətində indiyə qədər "Xəzər Lənkəran" rəhbərliyindən onunla heç
kimin maraqlanmadığını bildirib. Elmana tək valideynlik edən Emilya
xanımın sözlərinə görə, "XL" klubunun vitse-prezidenti Tuyqun
Nadirovla bir neçə dəfə əlaqə yaratmağa cəhd etsə də, klub rəsmisi
onun zənglərinə cavab verməyib:
"İndi Bakıdayam, Elmanın yanından gəlirəm. Buna görə hər həftə
Qusardan Bakıya yollanıram. Maddi vəziyyətim o qədər də yaxşı
deyil. Tək canımla qalmışam Bakı–Qusar yolunda. "Xəzər Lənkəran"
rəhbəriliyndən mənimlə maraqlanan olmayıb. İndiyə qədər
maraqlanmayıblarsa, bundan sonra da ümid etmirəm. Bir neçə dəfə
Tuyqun Nadirova zəng etsəm də, nədənsə, telefonuma cavab verməyib.
Ola bilsin ki, nömrəmi tanımadığından belə edib. Mənim əsas istəyim
övladımının tezliklə azad olunmasıdır".
Ekstremist qüvvələrlə əlbirlik
Məsələ ilə əlaqədar "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun
Nadirovla əlaqə yaratmağa cəhd etsək də, klub rəsmisi suallarımıza
cavab verməkdən imtina etdi. Buna görə də "XL" mətbuat xidməti ilə
əlaqə yaratdıq. Klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu
"Axar.az"a verdiyi açıqlamasında həbs olunan azarkeşlərin ailəsi
ilə maraqlanmadıqlarının səbəbini istintaqın hələ yekunlaşmaması
ilə əlaqələndirdi. Onun fikrincə, barələrində həbs-qəti imkan
tədbiri seçilmiş azarkeşlərin istintaqı yekunlaşmamış onlarla
maraqlanmaq kluba qarşı ekstremist qüvvələrlə əlbir olmaq ittihamı
qazandıra bilər: "Xəzər Lənkəran" rəhbərliyi hər zaman azarkeşlərin
arxasındadır. Və ümid edirik ki, onlar tez bir zamanda bəraət alıb,
ailələrinin yanına qayıdacaqlar. Siz bu gün klub rəhbərliyinin
azarkeşlərin azadlığa çıxması üçün hansı işləri gördüyünu
bilmirsiz, ona görə də xahiş edirəm, bizi ittiham etməyin.
Məhkəməyə qədər bizim onlarla maraqlanmağımız düzgün deyil. Çünki
həbs olunan azarkeşlərin arasında hər hansı ekstremist qüvvələrlə
əməkdaşlıq edənlər ola bilər, bu da kluba qarşı ittihama yol açar.
Buna baxmayaraq, "İnter"lə oyun öncəsi qərara aldıq ki, klubun
yaşlı azarkeşləri və ya veteran futbolçularla birgə həbs
olunanların ailəsinə baş çəkək. Yenə də deyirəm, biz
azarkeşlərimizin günahsız olduğuna tam əminik".
Hüseyn Cəbrayıloğlu daha sonra həbs olunan azarkeşlərə qarşı
biganəliyi klubun düşdüyü böhranla əlaqələndirdi: "Komanda son
zamanlar qələbə üzünə həsrət qalmışdı, vəziyyətimiz çox pis idi,
ona görə də zamanımız yox idi. Komandada ruh düşkünlüyü var
idi".
Onun-bunun arxasınca danışmaqdansa...
Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri baş verən
hadisələrdə medianı və hüquq-mühafizə orqanlarını günahlandırdı.
Onun sözlərinə görə, idman jurnalistləri "Facebook"da onun-bunun
arxasınca danışmaqdansa, baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə
orqanlarını sorğu-suala çəkməliydilər: "Media klubumuzu ittiham
edirsə, bu onların günahıdır. İdman jurnalistləri birliyi
"Facebook"da onun-bunun arxasınca danışır. Çıxsınlar, bəyanat
versinlər ki, siz nəyə görə ayrı-seçkilik edirsiz? "Neftçi"
klubunun rəsmiləri Bakıda futbolçulaırmızın üzünü al-qana boyayanda
hüquq-mühafizə orqanları susdu, amma adi qarşıdurmaya görə
azarkeşlərimizi cinayətkar kimi həbs edirlər. Axı bu,
ədalətsizlikdir".