Bakıda avtobusun vurduğu Avstriya idmançısı Vanessa
Sahinoviç qəzadan sonra ilk dəfə müsahibə verib.
ANS xəbər
verir ki, Avstriyanın ORF telekanalı iflic olmuş üzgüçü haqda sujet
hazırlayıb. Telekanalın məlumatına görə, 11 iyun 2015-ci il
tarixində Vanessanın həyatı bir göz qırpımında dəyişib. Avropa
Oyunları açılışına bir gün qalmış Vanessa və onun daha iki komanda
yoldaşını avtobus vurub.
İnsident zamanı sağ ayağı zədələnən Luna Payer və sınıq
xəsarətləri alan Verena Braytdan fərqli olaraq Vanessa Sahinoviçin
aldığı zədələr daha ağır olub. Onurğa sütunundan ciddi zədə alan
Sahinoviç koma vəziyyətində təcili olaraq Vyanaya göndərilib və
burada 15 yaşlı idmançını əməliyyat ediblər. Bir neçə ağır
cərrahiyyə əməliyyatı keçirən və komadan çıxan Sahinoviç hazırda
əlil arabasına məhkumdur.
Sahinoviçin sözlərinə görə, o, Bakıdaki dəhşətli anı
xatırlamır.
"Mən nəyin baş verdiyini bilmirdim. Ayılanda məşqçinin mənə
yardım göstərməyə çalışdığını gördüm və ondan nəyin baş verdiyini
soruşanda o mənə bizim avtobus altına düşdüyümüzü dedi", - deyə
Vanessa ORF telekanalına müsahibəsində bildirib.
Ayaqları iflic olan 15 yaşlı idmanç, ona paraplegiya diaqnozu
qoyulmazdan əvvəl xəstəxanada olarkən aşağı əzalarını hiss
etmədiyini deyir:
"Bu çox çətindir. Mən köhnə həyatımı unutmalıyam, hər şeyi
yenidən başlamalıyam."
Lakin buna baxmayaraq Sahinoviç çox optimistdir.
"Hesab edirəm ki, hər bir insanın həyatında çətin mərhələ olur,
gec-tez bu baş verir", - deyə qız öz fikirlərini bildirir.
Hazırda bərpa kursu keçən üzgüçü reabilitasiya zamanı səbrli
olmağın vacibliyindən danışır:
"Hər şey addım-addım baş verir, əgər sizin məqsədiniz varsa, siz
mütləq ona nail olacaqsınız".
Avstriyanın AUVA reabilitasiya mərkəzində xüsusi terapiyadan
keçən Vanessanın gənc həmkarı Kira Grünberqə də əlavə motivasiya
verəcəyi ehtimal edilir. Dəhşətli təsadüf ucbatından bu mərkəzdə
daha bir Avropa oyunları iştirakçısı müalicə alır.
İlk Avropa oyunlarının qalibi Kira Grünberg bu ilin iyulun 30-da
növbəti yarışlara hazırlaşan zaman yıxılaraq onurğa sütünunu
zədələyib. Vanessadan fərgli olaraq Kiranın boyundan aşağı bütün
bədəni iflic olub.
İndi Avstriyada Vanessa və Kiraya yardım etmək üçün xeyriyyə
aksiyası keçirilir. Aksiyanın məqsədi hər iki idmançının bərpa
olunması üçün 100 000 avro yığmaqdır.
Xatırladaq ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 263.1-1-ci maddəsi (ehtiyatsızlıqdan zərər çəkmiş
şəxsin sağlamlığına ağır zərər vurmaqla yol hərəkəti və nəqliyyat
vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi
başlanılıb.
Yol-nəqliyyat hadisəsini törətmiş avtobusun sürücüsü Vəli
Əhmədov elə həmin gün şübhəli şəxs qismində tutulub və ona ittiham
elan edilməklə məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri
seçilib.