Şairə Elnaz Eyvazlı ilə görüşüb onun həyatının duyğusal,
səmimi anlarını oxucularımızla paylaşmasını istədim. Xanım şairənin
yalnız özünə məxsus olan, gözlə görünməyən, qulaqla eşidilməyən,
yalnız ürəyinin iç qatında saxladığı hisslərini tərpətmək istəyi
ilə də telefon açdım. Ədəbi mühitlə bağlı tanışlığımızın verdiyi
imkandan istifadə edib görüşmək istəyimə razılıq aldım. Nizami
rayonundakı parklardan birində, çay süfrəsi arxasında
oxucularımızın şahidlik edəcəyi söhbətimiz baş tutdu.
Çox sevirəm
- Elnaz xanım, qabaqcadan deyim ki, həm yaradıcılığınıza
bələd olduğuma, həm də bu yaxınlarda işlətdiyiniz bir ifadəyə görə
sizinlə "Sevgi etirafı" layihəsində görüşmək istədim. Düşünürəm ki,
etiraz etməzsiniz...
Xəfifcə gülümsünür:
- "Sevəndə çox sevirəm"… bunumu deyirsiniz?
- Elədir. Siz, "sevəndə çox sevirəm", - deyəndə nəyi
nəzərdə tuturdunuz? Yaşadığınız bu çox olmayan ömürdə çox adamı
sevmənizi, yaxud bir nəfəri sevəndə çox sevməyinizi?
- Sevdiyimi çox sevirəm, demək istəmişəm.
- Sizə sevgi nədir sualını verməyəcəm, sadəcə,
soruşacam, ilk sevginiz nə vaxt oldu?
- Sevgi anlayışı mənim üçün tamam fərqlidir. Ağlıma ilk olaraq,
heç də şəxsin şəxsə olan sevgisi gəlmir.
Nələrisə deməyə məcburam
- Sevilməyiniz yaddaşınızda necə qalıb?
- Suallarınız başqa cavablar tələb etmir deyə, nələrisə deməyə
məcburam. Amma o tip qadınlardan deyiləm ki, sevildiyimlə fəxr
edim. Məsələn, heç vaxt "məni filankəslər sevib" deyə,
qürurlanmamışam. Rəfiqəm həmişə deyərdi ki, baltanı kökündən
vurursan. Heç vaxt məni sevənə yalandan ümid verməmişəm.
Süründürməmişəm heç kimi dalımca. Həmişə, elə indi də fikirləşmişəm
ki, qarşımdakı da insandır, onun da mənliyi, hissi var. O da bir
kişinin oğludur. O məni sevməyi ilə mənə dəyər verib, başqalarından
fərqləndirib, onun üçün hamı deyiləm. Seçib, çoxlarının arasında
ürəyi məni istəyib, gözü məni tutub. Nə üçün bunula
lovğalanmalıyam? Kimsə məni sevirsə, demək şərəf verir. Sözümü qəti
demişəm. Amma mənim bu xüsusiyyətim düşünürəm ki, o adamlara daha
çox əzab verib. Əslində, mən əzab vermək istəməmişəm.
Ümid yeri qoymamışam
- Konkret olmuşam, "yox" demişəm dediniz, bayaq. İndi də
deyirsiniz ki, onların mənə verdiyi dəyərə görə onları
qırmamışam.
- Qırmamışam o mənada ki, ümidlərini kökündən kəsmişəm. "Yox"
demişəm, işıq ucu boyda belə, ümid yeri qoymamışam. Naz satmamışam.
Elə cavab verməmişəm ki, gedib qayıtsın, bəlkə, "alındı" deyə
fikirləşsin.
- Naz eləməyi bacarmırsınız, ona görə?
- Sevmirəm naz eləməyi. Həm də bütün sevənlərə də naz eləmək
olmaz axı. Əgər sən kimisə sevmirsənsə, niyə də naz edəsən? Nazın
də yeri və qədəri var.
Özümə yaxın buraxmamışam
- Sevgidə riyakarlıq etməmisiniz.
- Yox, nə danışırsıniz?! Ümumiyyətlə, riyakar adam deyiləm.
Riyakar adamları da sevmirəm.
- Orta məktəbi Ələt qəsəbəsində oxumusunuz. Şəhərdən
kənar, rayondan bəri. Necə idi, rəfiqələrinizdən, qəsəbə
qızlarından, sözsüz ki, seçilirdiniz? Sizə həsəd aparan, paxıllıq
edən var idimi?
- Bunu kimdənsə eşidəndə belə, özümə yaxın buraxmamışam,
paxıllıq nədir?! Məsələn, bir iş yoldaşım vardı, bir dəfə dedi ki,
sənə paxıllıq edirəm, həm də bunu gizlətmirəm. Güldüm getdim
özümdən... Mənə ayıb gəlir düşünəm ki, kimsə mənə paxıllıq edir.
Başqası deyəndə isə filankəs sənə paxıllıq edir, qəribə gəlib mənə.
O da mənim kimi qızdır, qadındır, insandır, axı niyə və nəyimə
paxıllq etsin? Ümumiyyətlə, bu hiss mənə çatmır.
Ona ərə gedəcəyim kişi kimi baxmırdım
- Vaxt gəldi keçdi, sizin ürəyinizin çırpındığı bir vaxt
oldu. Siz həmin ürəyinizi çırpındıran adamla ailə
qurdunuz?
- Yox. O adam məndən yaşca böyük idi. Mötəbər tədbirlərin
birində hər ikimiz iştirakçı olmuşduq və orada da tanış olmuşduq. O
mənə insan kimi, azərbaycanlı qızı kimi çox dəyər veriridi. Bu
plotonik bir şey idi. 21 yaşda yaşadığım hissləri başqaları, bəlkə
də, 15-17 yaşına yaşamışdı. Məsələn, ona ərə gedəcəyim kişi kimi
baxmırdım. Heç mənim əlimdən tutsun, yanımda olsun deyə də
fikirləşmirdim.
- O, sizin nağıllarınızın yox, ağlınızın qəhrəmanı, ağ
atlısı idi.
- Hə, özüm onu yaratmışdım. Xəyalımda yaratdığım, yaşatdığım
adamı ona köçürmüşdüm... Mənim üçün sevgi, ailə başqa şeydir. Bir
ailə mifi var içimdə. Baxmayaraq ki, mənim öz ailəm dağıldı, amma o
mif mənim üçün heç vaxt dağılmadı.
Bütün kişilər alçaqdır
- Ailənin dağılması, ərinizə olan münasibətin dəyişməsi
bütün insanlara olan münasibətin dəyişməsi ola
bilərdi?
- Bir neçə il elə oldu. Yeddi il mən adamlardan qaçdım, elə
bilirdim bütün kişilər alçaqdır. Ancaq zaman keçdikcə hər şey
axarına düşdü... Anladım ki, haqsızlıq edirəm, hamı eyni ola
bilməz.
Çox böyük bir səhv idi
Sözünü kəsirəm:
- Elnaz xanım, gəlin tələsməyək, ailənin dağılmasından
yox, birləşməyinizdən bəhs edək, necə oldu saqqzınızı
oğurladı?
- Əslində o mövzuya toxunmaq istəmirəm, hərçənd artıq ağrı da
vermir. Ağrı versə, demək, ona hər hansı hissim qalıb və bu məni
narahat edər. Mən heç kimə nifrət edə bilmirəm. Qarşımdakı adama
müəyyən bir yerə qədər güzəşt edirəm, o yer bitdisə, silib
atıram,vəssalam. Sadəcə, çox böyük bir səhv idi, vaxtında ayıldım,
özümdə cəsarət tapıb o səhvi düzəltdim. Və o kitabı bağladım,
bitdi...
- Axı nə olmuşdu, xəyanət etdi, evə pul
gətirmədi?
- Yox, yox, bizim maddi çətinliyimiz olmadı, xəyanət də etmədi.
Həyatım boyu insana maddiyatına görə dəyər verməmişəm. Mənim üçün
əsas insani dəyərlərdir. Öz razılığımla ailə qurmuşduq, laikn bizim
tamam fərqli düşüncə tərzimiz vardı və tamam başqa-başqa adamlar
idik. Ayrılmışıq deyə, onun dalınca danışmağım düz alınmır,
əslində. O da öz səviyyəsində sevirdi. Onun da sevgisi, dünyaya
baxışı bu idi və baxışlarımız olduqca fərqli idi. Onda özümə qarşı
sevgisizlik, diqqətsizlik yox, aşırı dərəcədə hörmətsizlik gördüm.
Qarşılıqsız hörmət, bu isə ən ali sevgini belə gec-tez öldürür. Və
mən artıq didilmiş, ölmüş hisslərlə davam etməyi lazm bilmədim. Axı
nəyə görə? Kimin xatirinə dözməli idim sevgi öləndən sonra?!
Posmodernist kişidən boşanmışam
- Mentalitetdən, dünəndən gəlmə yalançı kişi qüruru,
qadını aşağılama və başqa cəhdlər deyildi ki bu
hörmətsizlik?
- Qələm dostlarım olan xanımlarla söhbət zamanı söyüşlə yazılan
əsərlərdən söz düşəndə zarafatla deyirəm ki, o cür posmodernist
kişidən boşanmışam.
- İnciksiniz, amma ola bilməz ki, onunla bağlı şirin bir
xatirəniz olmasın.
- Amma pislər o qədər çox oldu ki, yaxşıları "öldürdü". O biz
ayrılandan sonra dedi ki, kaş sən də mənə qarşı elə bir hərəkət
eləmiş olaydın ki, xatırlayıb sənə nifrət edəydim, sən də mənim
üçün öləydin.
- Sizin uşağınızın atasından sonra həyatınızda sevdiyim
və sevgilim dediyiniz adam olub?
- Desəm, olmayıb, inanarsınız?
- İnanmaram. Amma O da yoxdur axı yanınızda. Təksiniz
axı.
Sevmək üçün doğulub bu qadın
Gülümsər çöhrəsinə bu dəfə acı bir təbəssüm yayılır:
- Konkret, nə deyim?! Cavabım nə olmalıdır?
- Cavab sizin həqiqətiniz olmalıdır. Yoxsa yalandan
oxucu toplamaq üçün cavablar fikirləşməyəcəyik ki...
Şeirlə cavab verir:
- Getməyin üstünə...
Baxmayın dediyinə,
çəkməyin yanında nifrətin adın.
Sevmək üçün doğulub bu Qadın!
- Elnaz xanım, istedadlı yazarsınız. Özünüzü
arzuladığınız yerdə görürsünüz?
- Yox. Buna səbəb isə həm tənbələm, həm də heç vaxt heç kəsin
köməyindən yararlanıb irəli getməyə cəhd etməmişəm. Ədəbi camiəyə
qədəm qoyanda, mətbuatda müxtəlif yazılarla çıxış edəndə hələ
tələbə idim, çox kömək etmək istəyənlər olub, razılaşmamışam.
İstəmişəm nə etsəm, özüm edim, kimsənin qarşısında minnətli
olmayım. Təmannasız, saf təkliflər də olub. Qəbul etsəydim, işdə
də, bədii yaradıcılıqda da çox irəli pillələrdə ola bilərdim.
- Fikirləşimisiniz ki, nəsə düşünərlər? Nəbi Xəzrinin
unutmadığı…
- Kiməsə mane olmaq, əziyyət vermək istəməmişəm. Misal üçün,
Nəbi Xəzrini insan kimi, şair kimi çox istəyirdim. Dəfələrlə mənə
işlə bağlı, kitabla bağlı təkliflər vermişdi, kömək etmək
istəmişdi. Razı olmamışdım. İllər sonra biz telefonda danışdıq.
Xəstə idi artıq. Haqqımda xoş sözlər dedi. Hardasan, niyə
görünmürsən, - deyə soruşdu. Düşündüm, yəqin səhv salıb. Dedim,
Nəbi müəllim, yəqin məni dəyişik salırsınız? Dedi, yox. Heç səni
unutmaq olar? Səni ona görə çox istəyirəm ki, sən təmannasız
dostluq etmisən mənimlə. Sən o adamlardan idin ki, yanıma gələndə
ayaq üstə qarşılayar, yola salanda astanaya qədər ötürərdim...
Sonra qardaşımla baş çəkməyə getdim. Sevindi. Dedi, səni çox
istəyirəm. Balışının altından "Kredo" qəzetini çıxartdı, şeirlərim
dərc olunmuşdu. Dedi, sənin şeirlərinə görə bu qəzeti saxlayıram.
Bəyənirəm, sənə deməli olduğum fikirlərim var. Oturub yaza
bilmirəm, nə deyirəm, qulaq as, get yaz hamısını gətir, imza atım.
Kitabına ön söz kimi verərsən haçansa. Kitabım çıxanda artıq o
dünyasını dəyişmişdi.
Məni ram etməyin yolu
-Yaxşı, sizi ram etmək, tora salmaq üçün saçlarınza
tumar çəkməkmi, əllərinizi tutmaqmı...nə etmək
lazmdır?
- Bunlarla məni tora salmaq olmaz. Sevəcəyim adamın ləyaqətinə,
dürüstlüyünə əmin olmalıyam. Bilməliyəm ki, təkcə məni yox, bütün
insanları sevir, Vətənini sevir. Fədakar, yalansız, əqidəli
olmalıdır. Bir sözlə, Kişi Adam olmalıdır ki, mən onu sevim. Belə
adamı sevmək də asan deyil, fədakar qadın olmalısan. Sevdincə, hər
addımda ona dəstək olmalı, stimul verməli, həm də dost olmalı, başa
düşməlisən adamı.
Orjinal sevgi təklifi
- Sevilməyinizi etiraf edirsiniz, amma heç o cavabsız
sevgilərin yaddaşını tərpətmirsiniz...
- 8-ci sinifdə oxuyurdum. Məktəb yoldaşım kitabımı aldı ki,
dərslərini hazırlayacaq. Bir gün sonra da qaytardı. Evdə kitabı
vərəqləyəndə gördüm ki, arasına yaxaya taxılan "Nastinka"
"broşka"lar vardı ha, onun birisini qoyub. Niyə belə edib? -
fikirləşdim. Qohumları bizim binada olurdu. Axşamüstü eyvana
çıxanda gördüm ki, onlardan gedir və gedib-gedib eyvanımıza baxır.
Səhəri gün məktəbdə uşaqların arasında "broşka"nı atdım üstünə,
sənin "broşkana qalmamışam", - dedim. Yazıq elə pərt oldu. İndi
yadıma düşəndə gülürəm.
Elnaz xanımın sözünü kəsmirəm. Xəyalları onu neçə illərin
öncəsinə aparıb:
- Elə 6-7 siniflərdə oxuyanda da bir başqa oğlan vardı... qızlar
deyirdilər ki, məni sevir. Məhəl qoymurdum. Yuxarı siniflərdə
uşaqlar xatirə dəftəri tuturlar. Mənə də verdilər ki, sən də nəsə
yaz. Gördüm həmin oğlan da yazıb. "Sevdiyin varmı?" sualına, "hə
var, "E"- yazıb. Heç o vaxtdan da onu görməmişəm. Amma bir dəfə
anamla qəsəbədə gedirdim, çox illər sonra idi, artıq boşanmışdım.
Qarşıda iki nəfər söhbət edə-edə gedirdi. Gördüm biri deyir ki,
düzdür, ailə də qurmuşam, uşaqlarım da var. Amma sevdiyim təkcə o
qız olub, məktəb vaxtından onu sevmişəm. Baxdım ki, həmin oğlandır.
Bu arada biz onları ötüb keçdik. Səsi gəlmədi, kəsildi. Deyəsən,
məni tanımışdı...
Danışır, gülümsəyir. Və birdən sifətində çox qəribə bir ifadə
dolaşır. Təəssüf, peşmançılıq, özünə acıq, bilmirəm nə isə bir
ifadə onun, doğurdan da, günah sahibi olması kimi yozula bilərdi.
Yaddaşının elə bil ki, dərinliyindən bir etiraf da boy verir:
- Ali məktəbə hazırlaşırdım, 18 yaşım vardı. Bir oğlan evimizə
aramsız zənglər edirdi, səsini eşidən kimi dəstəyi asırdım.
Yalvarırdı ki, ona qulaq asım. Məni sevdiyini, nişan vermək
istədiyin deyirdi. Dedim, bir də zəng etmə. Fikrim başqa idi,
arzularım vardı, oxumaq istəyirdim, ağlımda sevgi-filan yox idi.
Onu heç tanımırdım da, bilmirdim kimdir, yalnız adını demişdi.
Sonra zənglər kəsildi. Uzun fasilələrlə zənglər gələrdi, dəstəyi
başqası qaldıranda cavab verməzdi. Bir gün də yenə zəng etdi, dedi
ki, məni acılama, peşman olarsan. Yenə danışmadım. Müharibənin
qızğın vaxtı idi. Sonra qəsəbəyə o adda bir şəhid gəldi. Və zənglər
də o kəsilən kəsildi...
Elnaz xanımın səsi çox həlim, çox sakit və acı çəkən bir insanın
səsinə bənzədi. O, səs həmin gənci sevmədiyinə peşmançılıq çəkən
qadının səsi deyildi. O, düşmən gülləsinə tuş olan bir ürəyin
içində adının olmasının fərqində olduğunu hiss edən qadının səsi
ilə danışırdı və bu zəngin beləcə susmasına ağrıyırdı...