İqtisadi böhranların əsas xüsusiyyəti onların əksər hallarda heç kimin gözləmədiyi anda baş verməsidir.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli qlobal iqtisadiyyatda mümkün böhran risklərindən danışarkən deyib.
Onun sözlərinə görə, 2006–2007-ci illər dünya iqtisadiyyatı üçün son dövrlərin ən uğurlu mərhələlərindən biri hesab olunurdu:
“Həmin dövrdə həm ABŞ-da, həm Avropada, həm Çində, həm Rusiyada sürətli iqtisadi yüksəliş var idi. Amma 2008-ci ilin iyun–iyul aylarında gözlənilmədən böyük maliyyə böhranı başladı. “Lehman Brothers” qrupunun iflası ilə alovlanan bu proses azı iki il bütün bazarları silkələdi və dünya ölkələrinin iqtisadi siyasətini köklü şəkildə dəyişməsinə səbəb oldu”.
N.Cəfərli bildirib ki, böhranlar asan proqnozlaşdırıla bilsəydi, onların qarşısını almaq mümkün olardı:
“İqtisadi böhranların təbiəti ondan ibarətdir ki, onlar çox zaman gözlənilməz olur. Hazırda qlobal iqtisadiyyatda ciddi fundamental problemlər mövcuddur. Belə ki, dünya ölkələrinin borc yükü qlobal ÜDM-dən təxminən 3,7–3,8 dəfə çoxdur. Sadə dillə desək, dünya ildə 100 dollar dəyər yaradırsa, ölkələrin ümumi borcu təxminən 380 dollardır. Bu, çox ciddi risk göstəricisidir və böhranın ilkin əlamətlərindən biri hesab olunur. Amma bu problem yeni deyil, artıq 20–25 ildir davam edir.
Borc yükünün mövcudluğu avtomatik olaraq mütləq böhran olacağı anlamına gəlmir. İqtisadi nəzəriyyəyə görə, bu problem gec-tez həllini tapmalıdır. Ya borcların restrukturizasiyası, ya da müəyyən sıfırlanmalar baş verə bilər. Bu isə dünyada dalğavari iqtisadi təlatümlərə səbəb ola bilər. Amma bunun konkret olaraq 2027-ci ildə baş verəcəyini demək çətindir”.
Ekspert Qərb ölkələrində uzunmüddətli iqtisadi strategiyaların çatışmadığını da vurğulayıb:
“Qərb hökumətləri əsasən 4–5 illik seçki dövrlərini düşünür. Uzunmüddətli, qeyri-populyar qərarlar verməkdən çəkinirlər. Xərclərin azaldılması və vergilərin artırılması böhrandan çıxışın klassik yoludur, amma bu addımlar seçicilər arasında narazılıq yaradır. Məhz bu səbəbdən də son 25 ildə borc problemi ildən-ilə dərinləşir”.
N.Cəfərli 2026-cı ilin iqtisadi baxımdan ziddiyyətli il ola biləcəyini bildirib:
“Gələn il enerji daşıyıcılarının, xüsusilə neftin qiymətinin ucuzlaşması gözlənilir. Bu il neftin orta qiyməti ötən illə müqayisədə təxminən 20 faiz aşağı düşüb. 2026-cı ildə qiymətin 55–60 dollar səviyyəsində olması ehtimal edilir. Bu proses neft ixrac edən ölkələr üçün problem yaradacaq. Neft ucuzlaşanda inflyasiya azalır, ticarət balansı yaxşılaşır. Amma neftdən asılı ölkələrdə gəlirlər azalır, xərclər daralır”.
Azərbaycana təsir məsələsinə toxunan N.Cəfərli bildirib ki, ölkə iqtisadiyyatı əsasən enerji sektoruna bağlıdır:
“İxracatımızın 88–89 faizi enerji daşıyıcılarının payına düşür. Neftin qiymətinin düşməsi ölkəyə daxil olan valyutanı azaldacaq, cari açığı artıra və büdcə gəlirlərini zəiflədə bilər. Bu baxımdan 2026-cı il Azərbaycan üçün asan olmayacaq”.