Ötən ilin sonlarından başlayan Ukrayna olayları və Krımın
Rusiyaya ilhaq edilməsi dünyanın siyasi xəritəsi ilə yanaşı,
iqtisadi mənzərəsini də dəyişdi. Bu hadisələrin çevrəsində dünya
milyarderləri də müəyyən itkilərlə üzləşdilər. İqtisadi
sanksiyaların tətbiq edilməsi isə rusiyalı varlıların gəlirlərinin
azalmasına səbəb oldu.
"Axar.az"ın "Blomberq"dən aldığı rəsmi məlumata
görə, mayın 6-na qədər 19 rusiyalı milyarderin ümumi sərvəti 214
milyard dollardır.
Həmişə olduğu kimi, siyahıya 16,3 milyard dollarlıq varidatla
Alişer Usmanov başçılıq edir. Dünya üzrə dövlətlilər siyahısında
49-cu olan Rusiyanın məşhur dəmir istehsalçısı həm də İngiltərənin
"Arsenal" futbol klubunun səhmlərinin 30 faizinə sahibdir.
Əlavə olaraq 4,8 milyard dollar hesablanmamış borcu olan Usmanov
son bir ildə ancaq pul itirməklə məşğuldur. Ötən ilin mayın 5-dən
bu tərəfə pullarının 19,3 faizini, yəni 3,9 milyard itirən rusiyalı
milyarder son dəyişikliklər nəticəsində daha 0,2 faiz, yəni 31,7
milyon dollar puldan məhrum olub.
Dünyanın 62-ci milyarderi olan Leonid Mikelsonun isə 15,1
milyard dollar sərvəti var. Gəlirinin 25 faizi enerji istehsalı və
satışından əldə edən Mikelson Rusiyanın ikinci qaz istehsalçısı
"Novatek" şirkətinin prezidentidir. Həmçinin "Pervobank"ın valyuta
ehtiyatının 64,1 milyardı Leonid Mikelsona məxsusdur. Bir il
ərzində 2,8 milyard dollar (15,7%) itki ilə üzləşən milyarder
Ukrayna olayları başlayandan sonra daha 2,5 milyon dollar (təxminən
0,01 %) puldan məhrum olub.
15 milyard dollarla dünya 64-cüsü olan Viktor Vekselberq son bir
il ərzində gəlirlərini 0,7 faiz, yəni 103 milyon dollar artırsa da,
son hadisələr onun 0,3 faiz, yəni 43,2 milyon dollar itirməsi ilə
nəticələnib. Onun hələ tam hesablanmamış borcu isə 3,2 milyard
dollardır.
İl boyu heç bir sent belə itirməyən rusiyalı milyarderlərdən
biri Roman Abramoviçdir. 2013-cü ilin may ayının 5-dən 250,4 milyon
dollar (03%) qazanan Abramoviçin ümumilikdə sərvəti 14,4 milyard
dollardır. Son hadisələr dünya 69-cusu olan bu milyarderə qazanc
gətirib. Belə ki, təkcə son 6 ayda o 6,2 milyon dollar pul qazanıb.
Onun hələ tam hesablanmamış borcu 2,8 milyard dollardır.
14,2 milyrd dolları olan Mixail Fridman isə dünya milyarderləri
arasında 75-ci yeri tutur. Son bir ildə kifayət qədər böyük məbləğ
– 1,9 milyard dollar (11,6%) itirən Fridman Ukrayna hadisələrinin
təsirindən də qaça bilməyib. Ümumi valyuta sərvətinin 06%-nə, yəni
82,2 milyon dollarına əlvida deyən milyarder həmçinin "Rosneft"in
dövriyyədə olan kapitalının 5,1 milyard dollarlıq hissəsinin
sahibidir.
Milyarderlərin siyahısında 78-ci olan Vladimir Potanin 13,9
milyardın sahibidir. Son 365 gündə 332,9 milyon dollar itirən
Potanın 6 ayın statistikasına görə 3,8 milyon dollar qazanıb. Soçi
Qış Olimpiadası dövründə tikilən otellərin ona məxsus olduğu
deyilir və onun da hələ tam hesablanmamış borcunun 1,5 milyard
dollar olması iddia olunur.
Rusiyanın adı siyahıda olan digər milyarderi Andrey
Melniçenkodur. Onun 13,5 milyard dolları var ki, son bir ildə 1,2
milyard (8,3%), Ukrayna hadisələrinin nəticəsində isə 362,3 milyon
dollar (2,6%) itirib. Xatırladaq ki, Melniçenko dünya
milyarderlərinin siyahısında 81-cidir.
Mixail Proxorov isə dünyanın 90-cı pullu adamıdır. 12,3 milyard
dollar sərvətə malik bu şəxs 365 gündə 557,3 milyon (4,3%), son 180
gündə isə 35, 5 milyon dollar (0,3%) itki ilə üzləşib. Bu qədər
itki ilə yanaşı, onun hələ tam hesablanmamış borcu 4,8 milyard
dollar civarındadır.
Rusiyalı milyarderlər sırasında 10,5 milyard sərvətlə 9-cu olan
həmyerlimiz Vahid Ələkbərov isə dünya milyarderlərinin siyahısında
108-cidir. O, son bir ildə 1,9 milyard dollar (15,2%) itirsə də,
Krım olayları onun 1 sent belə itirməsinə təsir etməyib.
Həmyerlimizin hələ tam hesablanmamış borcunun 1,5 milyard olması
açıqlanır.
Həmyerlimizdən 100 milyon dollar az vəsaitə sahib olan Vladimir
Lisin dünya 111-cisidir. Putinin uğursuz islahatlarından ən çox
ziyan görənlərdən biri məhz bu milyarderdir. Son 1 ildə sərvətinin
28,6%-ni, yəni 4,1 milyardını itirən Lisinın gəlirlərinə
Ukrayna-Krım olayları təsir edə bilməyib. Bu müddət ərzində
gəlirlərini 18,1 milyon dollar (0,2%) artıran milyarder hazırda
Rusiya Olimpiya Komitəsinin vitse-prezidentidir. O, 3,2 milyard
dollar məbləğində tam hesablanmamış borca sahibdir.
Dimitri Ribolovlev – 10,3 milyard dollarla dünyanın 112-ci,
Rusiyanın 11-ci varlısı olan bu şəxs son bir ildə 21,2 milyon
dollar (0,2%) pul itirib. Son olaylar müddətində isə yalnız 0,6
milyon manat qazanıb və hazırda 605 milyon dollar borcu var.
10,1 milyard dollarla dünya 116-cısı olan Sergey Qalitskiy son
bir ildə gəlirlərinin 27%-ni yəni 3,7 milyard dollarını itirib.
Məlum olaylar isə onun gəlir və çıxarına heç bir təsir göstərə
bilməsə də 250 milyon dollar tam hesablanmamış borcu var.
Ötən ilin mayın 5-dən bu günə qədər 1,8 milyard dollar (15,6%)
itirən Aleksey Mordaşov 9,9 milyard dollarla dünya 119-cusudur.
Kiyev olayları isə onun 26,8 milyon dollar (0,3%) itirməsinə
gətirib çıxarıb.
Ötən ilin sonlarından bu günə qədər 56,4 milyon dollar (0,6%)
pul itirən German Xan 9,8 milyard dollarlıq sərvətə malikdir. Bir
ilin statistikasına görə 1,2 milyard dollar (11,3%) itirən Xan
dünya milyarderləri siyahısında 121-ci yerə xanlıq edir.
Dünya milyarderləri siyahısında 145-ci olan İskəndər Maxmudovun
hazırda 8,6 milyard dollar varidatı var. O, Ukrayna olayları
dövründə 52,4 milyon (0,6%), ümumilikdə il ərzində isə 175,2 milyon
dollar (2,0%) itki ilə üzləşib. Bundan əlavə Maxmudovun 200 milyon
dollarlıq tam hesablanmamış borcunun olması ilə bağlı fikirlər
var.
7,8 milyard dolları olan Qennadi Timçenko dünya 161-ci olaraq il
ərzində 3,2 milyard (28,8%) dollar, son 6 ayda isə 104 milyon
(1,3%) dollar itirib. Hesablamalar Timçenkonun hələ tam
hesablanmamış 10,8 milyard dollara qədər borcunun olduğu
deyilir.
İl ərzində 2,6 milyard dollar (25,5%) pul itirən, amma Ukrayna
olaylarında heç bir itki ilə üzləşməyən Vladimir Yevtuşenko hazırda
7,5 milyard dollarla dünya milyarderlərinin siyahısında 172-ci
yerdədir.
Ukrayna-Krım olaylarında 43,1 milyon dollar (0,6%), 365 gündə
isə 1,1 milyard dollar (12,3%) itirən növbəti milyarder Aleksey
Kuzmiçevdir. Hazırda onun 7,5 milyard vəsaiti var və məlum siyahıda
173-cüdür.
Dünya milyarderlərinin siyahısına adı düşən sonuncu rusiyalı
sərvət sahibi Oleq Deripaskadır. İl ərzində 242,2 milyon dollar
(3,7%) qazanan Deripaska 6,8 milyard dollar pulu var. Amma məlum
olaylarda 91 milyon dollarından (1,3%) məhrum olan bu sonuncu
mogikanın tam hesablanmamış 4,7 milyard dollar borcunun olduğu
deyilir. Hazırda o varlı insanların adları yer alan siyahıda
197-cidir.