"Lizinq şirkətləri istiqrazlar buraxırlar və
investorlardan pul tələb edirlər ki, sonradan özləri lizinqi
maliyyələşdirmələri üçün istifadə etsinlər".
Bunu
"Axar.az"a Vergilər Nazirliyinin lizinq
təşkilatlarına göndərdiyi tövsiyə məktubunu şərh edən nəqliyyat
məsələləri üzrə ekspert Seymur Yunusov bildirdi:
"Ölkəmizdə bu məsələ ilə bağlı vəziyyət bir qədər fərqlidir.
Bankların, sığorta şirkətlərinin hesabat verdiyi bir qurum var,
amma lizinq şirkətləri vergi hesabatlarından başqa heç bir quruma
hesabat vermir. Ekspertlər dəfələrlə bu sahədəki qanunvericiliyin
təkmilləşdirilməsini tələb ediblər. Hazırda bizdə 66 lizinq şirkəti
fəaliyyət göstərir və onlardan yalnız 10-u aktivdir. Bir də
görürsən lizinq şirkətini yaradıb bir neçə əməliyyat edirlər və
sonra bağlayırlar. Yaxud da lizinq şirkətləri istiqrazlar buraxır
və investorlardan pul tələb edirlər ki, sonradan özləri lizinqi
maliyyələşdirmələri üçün istifadə etsinlər. Təsəvvür edin, əgər
lizinqdə problem yaranarsa, investorların istiqrazlara qoyduğu
pullar batacaq. Bizim 90-cı illərdə yaşadığımız problem burda da
yaşana bilər. Məhz avtomobil kredit bazarının sıxışdırılmasından
lizinq şirkətləri istifadə etməyə çalışdılar".
Ekspert hesab edir ki, lizinqlə əldə edilən avtomobillər və
digər texniki avadanlıqlar risk mənbəyidir:
"2002-2008-ci illərdə tikinti bumu var idi. Amma 2009-da
gözlənilmədən bu biznes dayandı. Hətta bir lizinq şirkəti iflas
həddinə çatdı. Çünki sifarişlər azaldı və lizinqə götürülmüş
texnikalar geri qaytarıldı. Bu isə iflas deməkdir və maliyyə
sahəsində ciddi problem yaradır".
Seymur Yunusov nazirliyin bu addımını alqışlayır və Vergilər
Nazirliyinin qərarının bazara təsir etməyəcəyini hesab edir:
"Ümumiyyətlə, lizinqin bazarda payı azdır. Ona görə də bazara
təsir etməyəcək. Demək olar ki, lizinq heç vaxt krediti əvəz edə
bilməyəcək. Avtomobil krediti şərtləri sərtləşdirildikdən sonra
avtomobil satışı ilə məşğul olan şirkətlərə ciddi ziyan dəydi və
lizinq onların gözləntilərini doğrultmadı. Qaldı lizinq bazarının
tənzimlənməsinə, nazirliyin bu addımını doğru sayıram. Bank
sektoruna inamın artırılması üçün bu olmalı idi".
1
milyard manatlıq problemli kredit
İqtisadçı ekspert Natiq Cəfərli isə Azərbaycanda həm kredit, həm
də lizinqlə avtomobil satışında problemlərin olduğunu deyir. Onun
fikrincə Vergilər Nazirliyinin bu qərarı problemli kredit və
lizinqlərin qarşısının alınması üçün hesablanıb:
"Azərbaycanda kreditləşmə və lizinqlə bağlı məhdudiyyətlərin
meydana çıxması ciddi problemlərin yaranmasına səbəb olub. Digər
tərəfdən "Avro-4" standartlarının tətbiqi də bazara təsirsiz
ötüşməyib. Hesab edirəm ki, 6 aylıq hesabatda bu barədə rəqəmləri
də görəcəyik. Məncə Vergilər Nazirliyinin lizinq təşkilatlarına
belə bir təklif etməsinin hüquqi əsasının olub-olmamasını
hüquqşünaslar daha yaxşı bilər. Amma mən özlüyümdə hesab edirəm ki,
Vergilər Nazirliyinin belə bir tələblə çıxış etməkdə haqqı yoxdur.
Onlar bunu bir məntiqlə izah edə bilər ki, lizinq biznes deməkdir
və bu vaxta qədər əksər hallarda lizinqlə alınan maşınlar və
texnika biznesin inkişafı üçün istifadə edilib. Nazirlik fiziki
şəxsin VÖEN-lə lizinqə texnika götürməsini önün vergidən
yayınmamağı kimi izah edə bilər, amma vətəndaşın minik avtomobili
almasını bu yolla məhdudlaşdırmaq heç də doğru deyil. Nazirlik
bununla geri qayıtmayan kreditlərin qarşısını almaq istəyir. Çünki
rəqəmlər də vəziyyətin problemli həddə olmasını göstərir. Son
rəqəmlər həmin kreditlərin məbləği 1 milyard manatı keçib".
Natiq Cəfərlinin fikrincə problemli kreditlərin həll edilməsində
ən uğurlu çıxış yolu bank və kredit bazarının inhisardan azad
edilməsidir:
"Azərbaycanda çox böyük kredit faizləri mövcuddur. Bu da onunla
əlaqədardır ki, bazar həqiqətən də güclü inhisar altındadır. Böyük
xarici bankların Azərbaycan bank bazarına girməsində hələ də
problem var. Hazırda istehlak və avtomobil kreditlərində faizlər
çox yüksəkdir. Hesab edirəm ki, hökumət bu faizlərin
azaldılmasında, kredit şərtlərinin liberallaşdırılmasında addımlar
atmalıdır. Məhz bu addımlar problemin aradan qaldırılmasına gətirib
çıxara bilər".
Xatırladaq ki, bir neçə gün əvvəl Vergilər Nazirliyi ölkədə
fəaliyyət göstərən lizinq təşkilatlarına lizinq şərtlərinin
dəyişdirilməsi ilə bağlı məktub göndərib. Məktubda bundan sonra
avtomobillərin ancaq VÖEN-i olan fiziki şəxslərə verilməsi tövsiyə
olunur.