"Statistik məlumatlara görə, bu gün ölkəmizdə kənd
təsərrüfatının cəmi 0,6 faizi sığortalanıb".
Bunu Axar.az-a kənd təsərrüfatı məhsullarının
sığortalanmasındakı problemləri şərh edən ekspert Vahid Məhərrəmov
bildirdi:
"Biz hər zaman demişik ki, bu məsələdə əsas inam artırmaq
lazımdır. Azərbaycanda reallıq budur ki, kim güclüdür, o da qalib
gəlir. Burda güc maliyyə, hüquqi üstünlük anlamında gedir.
Təəssüflər olsun ki, sığorta haqqında qanun Azərbaycan reallığına
uyğun deyil. Bu qanun xarici ölkələrdən götürülüb tərcümə edilib və
Azərbaycan reallığı nəzərə alınmayıb. Hesab edirəm ki, bu
məsələlərlə bağlı qanun və qaydalar tam dəqiq müəyyən edilməlidir,
çünki Azərbaycan fermerlərinin həm hüquqi, həm də iqtisadi bilgisi
çox zəifdir. Hesab edirəm ki, qaydalarda həm sığorta şirkətinin,
həm də fermerin hüquq və vəzifələri aydın göstərilməlidir".
Ekspert hesab edir ki, qanunda hüquq və vəzifələrin konkret
müəyyən edilməsi sığortalı ilə sığortaçı arasındakı narazılığın
aradan qaldırılması ilə nəticələnə bilər:
"İstənilən halda sığorta şirkəti çalışır ki, daha az maliyyə
vəsaiti ödəsin və bunun üçün sığorta hadisəsini yaranmış iqlim
şəraiti, yaxud hər hansı bu kimi problemlərlə bağlayırlar. Bu zaman
isə təqsiri fermerdə görürlər. Fermerlərin lazım olan sənədlərin
vaxtında toplanması və əgər məhkəmə olarsa, faktı məhkəmədə sübut
etmək üçün əlində dəlilin olması vacibdir. Statistik məlumatlara
görə, bu gün ölkəmizdə kənd təsərrüfatının cəmi 0,6 faizi
sığortalanıb. Bu da kredit əldə etmək üçün bankların qoyduğu
tələblərə əməl etmək naminə edilən sığortalardı. Bunlar bir daha
göstərir ki, ölkədə sığortaya inam yoxdur".
Dövlət işə əl qoymalıdır
Əslən Salyandan olan fermer Elçin Əzizov da bu sahənin
sığortalanması problemini kütlənin inamısızlığında görür:
"Bu məsələdə hər şeyi inam həll edir. Vətəndaşların sığorta
şirkətlərinə inamı qalmayıb. Çünki hər gün sığorta hadisələri ilə
bağlı problemlə ya qarşılaşırlar, ya da bu barədə eşidirlər.
Vətəndaş da görür ki, avtomobili sığortalanan insanlar hadisə olan
zaman pullarını özəl sığorta şirkətlərindən ala bilmirlər.
Düşünürəm ki, məhz buna görə regionlarda yaşayan əhali əkdiyi
məhsulun sığortlanamasında o qədər də maraqlı olmayacaq".
Fermer kənd təsərrüfati məhsullarının sığortalanmasında dövlətin
əməli addımlar atmasını istəyir:
"Açığını deyim ki, vətəndaş özəl sığorta şirkətlərinə inanmır.
Əgər dövlət bu işin məsuliyyətini öz üzərinə götürməsə, həmin
ideyanın gerçəkləşməsi də qeyri-mümkündür. Vətəndaş bilsə ki, ona
dəymiş ziyan bu və ya başqa yolla dövlət tərəfindən ödəniləcək, o
zaman sığorta əməliyyatının baş tutmasına da razı olar. Bir
tərəfdən də dövləti də qınamaq olmaz. Dövlət bütün işlərə nəzarət
edə bilməz. Amma hesab edirəm ki, bu məsələnin daha effektiv həlli
yolu var".
Xatırladaq ki, kənd təsərrüfatının sığortalanması ilə bağlı
təkliflər hələ 2008-ci ildən irəli sürülüb. Maliyyə Nazirliyi bu
sahədəki problemlərin tezliklə aradan qaldırılacağını desə də, bu
problem hələ ki, həll edilməmiş qalır.