Statoil kimi böyük bir neft və qaz şirkəti niyə
"Şahdəniz" layihəsindən çıxmaq qərarına gəldi?
Axar.az Caspianbarrel.org-a istinadən İlham Şabanın şərhini
təqdim edir.
Əslində Norveçdə dövlətə məxsus neft və qaz şirkətinin gec-tez
belə bir qərar verəcəyi artıq bir il əvvəl özünü büruzə verməyə
başlamışdı. O zaman, yəni 2013-cü ilin oktyabrın sonunda Statoil
şirkəti Fransanın Total şirkəti ilə SOCAR-a bildirmişdilər ki,
onlar TANAP layihəsinə qoşulmaqdan vaz keçirlər. Sonradan bunu
Statoil nümayəndələri qeyri-rəsmi söhbətlərində layihənin bahalığı
ilə izah etməyə çalışırdılar.
Və nəhayət, 2013-cü ilin dekabrında SOCAR və tərəfdaşları
Şahdənizin "Mərhələ-2" layihəsini sanksiyalaşdırmağa hazırlaşarkən
Norveç şirkəti tərəfindən gözlənilməz daha bir "bəd xəbər" aldılar.
Bu xəbərin məğzi ondan ibarət idi ki, Statoil faktiki olaraq Xəzər
qazının Avropaya çatdırılması istiqamətində ən önəmli resurs bazası
olan "Şahdəniz-2" layihəsinin bahalığını bəhanə gətirib onun
maliyyələşdirilməsində problemlərlə özləşdiyini ortaya qoyurdu və
layihənin operatoruna, o çümlədən layihəni təsdiq etməli olan
Azərbaycan hökumətinə dolayısı ilə bəyan edirdi ki, "mən payımı
satmalıyam". Bu məqamda BP və SOCAR Statoil-in 10%-ni alaraq
dekabrın 17-də "Mərhələ-2" layihəsinin nəzərdə tutulduğu vaxtda
imzalanmasını həyata keçirə bildilər.
O zaman mən "Turan" agentliyində xəbər vermişdim ki, Statoil
Azərbaycanın infrastruktur layihələrini də tərk etməyə hazırlaşır
və buna çoxları nəinki şübhə, hətta qeyri-cddi yanaşmışdılar.
Beləliklə, bu gün Statoil rəsmən elan etdi ki, o "Şahdəniz"dəki
və Cənub-Qafqaz boru kəməri layihəsindəki 15,5% payını, o cümlədən
"Azerbaijan Gas Supply Company" şirkətindəki 12,4%-ni Malaziyanın
Petronas şirkətinə 2,25 milyard dollara satıb.
Cəmi 1 il əvvəl isə Statoil BP ilə "Şahdəniz"də eyni paya malik
idi. Həmçinin hüquqi baxımdan Azərbaycan qazının Şahdəniz-1
layihəsində satıcısı kimi kommersiya operatoru olaraq qalırdı.
Butun bunlardan imtina etmək, məncə, həqiqətən kommersiya
strategiyasi ilə və ya rentabelliyin azlığı məsələsi ilə inandırıcı
görsənə bilməz. İkinci dəlili meqa-layihələri tərk edəndə adətən
kiçik və orta şirkətlər əsas kimi gətirirlər.
Layihənin kommersiya cəhətdən cəlbediciliyini isə o məqam
vurğulayır ki, Statoil "Şahdəniz"dəki öz payını 1 il əvvəlkindən
çox da olmasa, ancaq baha sata bildi. Əgər 2013-cü ilin dekabrında
10%-lik payını 1,45 milyarda BP və SOCAR-a satmışdısa, indi 15%
payını 2,25 mlrd-a satdı. Əgər nəzərə alsaq ki, dollar bahalaşmağa
doğru gedir, demək "Şahdəniz"ə olan maraq böyükdür. Əsasən də
regionda işləyən şirkətlər tərəfindən. Elə bu yaxınlarda TPAO-nun
öz payını 9 faizdən 19%-dək yüksəltməsi buna real sübutdur.
Belə olan təqdirdə demək Statoil-un Şahdənizdən və digər
infrastruktur layihələrindən getməsi heç də kommersiya maraqları
ilə bağlı deyil.