"Manatın sabit qalması yerli
sahibkarlığa problem yaradır. Amma Mərkəzi Bank ilin sonuna qədər
manatı sabit saxlamağa çalışacaq".
Bu sözləri Axar.az-a iqtisadçı Samir Əliyev Rusiya, Gürcüstan,
Türkiyə valyutasının ucuzlaşmasına baxmayaraq, bunun Azərbaycanda
manata heç bir təsir etməməsindən danışarkən bildirib.
İqtisadçının fikrincə, manat MDB ölkələri arasında ən stabil
valyutalardan biridir:
"Ancaq digər MDB ölkələrində bunun şahidi olmuruq. Bunun
obyektiv və subyektiv səbəbləri var. Rusiya və Ukraynada baş verən
son proseslər birbaşa milli valyutanın məzənnəsinin ucuzlaşmasına
gətirib çıxardı. Ukraynada Krımın işğalından sonra yaranmış böhran,
Rusiyada isə neftin ucuzlaşması və tətbiq edilən sanksiyalar milli
valyutaya təsir etdi. Ötən il üçün bu iki ölkə valyutası dünyada ən
zəif valyuta oldu. Azərbaycan istisna olmaqla, MDB ölkələri,
həmçinin Gürcüstan və Türkiyədə milli valyutalar ucuzlaşdı.
Ancaq Mərkəzi Bank manatın stabilliyini qorudu. 2008-ci ildə də
eyni proses baş vermişdi, dünya böhranı zamanı da manatda heç bir
dəyişiklik olmamışdı".
S.Əliyev qeyd edib ki, manatın kursunu sabit saxlamaqda məqsəd
əhalinin sosial vəziyyətinin pisləşməsinin qarşısını almaqdır:
"Mərkəzi Bank həmişəki kimi risk edərək manatın kursunu sabit
saxladı. Bu gün də Mərkəzi Bank eyni siyasəti yeridir. MB 2015-ci
il üzrə pul kredit siyasəti ilə bağlı proqramını açıqlayanda
bildirdi ki, manatın sabitliyi qorunacaq. Bank manatın sabitliyinin
proritetliyinə üstünlük verir. Məqsəd də əhalinin sosial
vəziyyətinin pisləşməsinin qarşısını almaqdır".
İqtisadçı əlavə edib ki, Mərkəzi Bankın bu addımı yerli
sahibkarlığa əslində problem yarada bilər:
"Çünki xaricdən gələn mal daha ucuz başa gəlir və təbii ki,
bizim mallar baha olduğundan əhali də xaricdən gətirilən məhsullara
üstünlük verir. Bu da birbaşa yerli sahibkarlığa ziyan vura
bilər".
S.Əliyev bu il ərzində manatın kursu ilə bağlı proqnozunu da
açıqladı:
"Bu il manatın kursunun sabit qalacağını praqnozlaşdırırıq.
Ancaq yenə də hər şey dünyada baş verəcək proseslərdən asılıdır.
Konkret olaraq neftin qiymətindən. Əgər neft indiki səviyyədə
qalarsa və bu il ərzində belə davam edərsə, ilin ortalarında artıq
Mərkəzi Bank manatın məzənnəsinə yenidən baxa bilər. Bütün hallarda
isə Mərkəzi Bankın həmişəki kimi manatın kursunu saxlamağa
çalışacağını düşünürük".