"Rusiya Ukraynadan keçən
borulara görə tranzit xərclərini ödəməyə məcburdur. Bu isə Ukrayna
iqtisadiyyatına kömək etmək anlamına gəlir. Ona görə də siyasi
rəqabət olduğundan və iki ölkə arasında elan olunmamış bir müharibə
getdiyindən Rusiya Ukrayna üzərindən qaz keçidini maksimal dərəcədə
azaltmağa çalışacaq".
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq
Cəfərli Rusiyanın Ukrayna üzərindən Avropa Birliyinə qaz nəqlini
azaltmaqla "Şimal axını"nı gücləndirməsinə münasibət bildirərkən
deyib.
Ekspertin sözlərinə görə, Rusiyanın atacağı addımlardan biri
"Şimal axını"ndan qaz nəqlinin artırılması olacaq:
""Şimal axını" Baltik dənizindən birbaşa Almaniyaya keçən ən
böyük sualtı qaz kəməridir. Sadəcə, problem ondan ibarətdir ki,
Ukrayna üzərindən keçən qazın böyük əksəriyyəti cənub-şərqi Avropa
ölkələrinə - keçmiş sovet ölkələri sayıla biləcək bloka gedir. Yəni
Slovakiya, Bolqarıstan, Macarıstan, Rumıniyaya, oradan da
Avstriyaya qədər məhz Ukrayna üzərindən qaz çatdırılırdı. Ancaq
"Şimal axını"nın belə bir gücü və uzantısı yoxdur. Çünki "Şimal
axını" Almaniyada bitir. Cənub-şərqi Avropa ölkələrinə bu axın
vasitəsilə qazın çatdırılması çox çətin və bahalı bir proses ola
bilər. Ona görə də hesab etmirəm ki, ruslar Ukrayna üzərindən daha
kəskin azaltmalara getsinlər. Bundan əlavə Rusiyanın yeni layihəsi
"Türk axını" 2016-cı ildən reallaşmağa başlayacaq. Bu yolla Rusiya
Ukraynadan qaz tranziti asılılığını azaltmaqla iqtisadi yardımı
aradan götürməyə çalışacaq".
Ekspertin sözlərinə görə, Avropa hazırda onun üçün önəm daşıyan
enerji layihələrində iştirakçıların sayının artmasında olduqca
maraqlıdır:
"Cənub qaz dəhlizi gələcəkdə Azərbaycana çox böyük dividentlər
gətirəcək. Azərbaycan 2019-2020-ci ildə Türkiyə üzərindən Avropa
bazarına 12 milyard kub metr qaz çıxara biləcək. Ancaq bu, Avropa
üçün yetərli deyil. Buna görə də Avropa bu layihədə iştirakçı
ölkələrin sayının artmasında maraqlıdır. Çox güman ki,
Türkmənistanın buraya qoşulmasını istəyəcəklər. Hətta gələcəkdə
İran və İraqın da buraya qoşulmasını həll etməyə çalışacaqlar. Bu
layihə, əslində, Avropaya Rusiya qazından asılılığı azaltmaq üçün
ciddi alternativdir. Siyasi problemlər həll olunsa, bu ölkələr də
Azərbaycanla birlikdə "Cənub axını"nda iştirak edə biləcəklər".