"Hazırda Azərbaycanda banklar manat qıtlığından əziyyət
çəkir".
Bunu Axar.az-a Mərkəzi Bankın vətəndaşlarda
olan manatı bazara çıxarmaq üçün ikivalyutalı səbət mexanizminə
keçməsi barədə yayılan fikirləri şərh edərkən iqtisadçı ekspert
Samir Əliyev deyib. O, bankların kredit vermək üçün manat tapmaqda
çətinlik çəkdiklərini bildirib:
"Mərkəzi Bankın ikivalyutalı səbət mexanizminə keçməsində
bazarda manat qıtlığının yaranmasının müəyyən payı var. Hazırda
Azərbaycanda banklar manat qıtlığından əziyyət çəkir və kredit
vermək üçün manat çox azdır. Təsadüfi deyil ki, banklar son
dövrlərdə kreditləri dollarla verməyə başlayıblar. Lakin bu, əsas
səbəb deyil. Mərkəzi Bankın yeni mexanizmə keçməsində əsas məqsəd
devalvasiya, yəni manatın ucuzlaşdırılması məsələsidir. Çünki MB ya
birbaşa kəskin, ya da yumşaq ucuzlaşmaya getməliydi. Prezidentin
manatla bağlı çıxışı da belə bir qərarın veriləcəyini qətiləşdirdi.
İkivalyutalı sistemə keçməkdə məqsəd manatı yumşaq
ucuzlaşdırmaqdır".
İqtisadçı ekspert Natiq Cəfərli isə manatın qıtlığı ilə bağlı
yayılan fikirlərin əsassız olduğunu bildirib:
"Manatın qıtlığı barədə yayılan fikirlərin heç bir əsası yoxdur.
Çünki manatın çap səlahiyyətləri və bazarda tənzimlənməsi Mərkəzi
Banka məxsusdur. Ölkədə depozitlərin 80 faizə yaxını (təqribən 5,1
milyard manat) banklara manatla qoyulub. Artıq əhali yastığının
altında əvvəlki illərdə olduğu kimi manat saxlamır. Çünki bank
sistemi müəyyən dərəcədə oturuşub. Buna görə də son illərdə əhali
əlində olan manatı banklara qoyaraq faizlər alır. Mərkəzi Bankın
nəzarət etdiyi bazarda manat qıtlığının yaranması mümkün deyil.
Çünki manatla bağlı problem yaransaydı, müəyyən addımlar atılardı.
Emissiyalar artırıla, yaxud manatla bağlı olan depozitlərdə müəyyən
dərəcədə faiz artımı edib, daha çox manat cəlb edilərdi. Lakin
manat qıtlığı ilə bağlı problem olmadığı üçün heç bir addım
atılmadı. Ölkədə manat qıtlığının yaranması ilə bağlı yayılan
fikirlərin heç bir əsası yoxdur".
Qeyd edək ki, Mərkəzi Bank fevralın 16-da məzənnə siyasətinin
ABŞ dolları və avronun daxil olduğu ikivalyutalı səbət mexanizmi
əsasında həyata keçirilməsi barədə qərar qəbul edib.