"Ötən ildən başlayaraq dollar dünyanın ən güclü
valyutalarına nisbətdə güclənməyə başlayıb".
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Samir
Əliyev dolların digər bütün valyutalara nisbətdə sürətlə
bahalaşmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, nə
qədər ki neft bazarında artım müşahidə edilməyib, dolların
bahalaşması davam edəcək:
"Bahalaşma bu il də davam edir. Sadəcə olaraq martın
ortalarından başlayan yüngülvari ucuzlaşmanın səbəbi ABŞ Mərkəzi
Bankının dolların kreditdə uçot dərəcəsini qaldırmasını gözləməsi
ilə bağlı idi. Əgər uçot dərəcəsi artırılsaydı, dolları daha da
bahalaşacaqdı. Ancaq bu addımı atmadılar. Hesab etdilər ki,
dolların bahalaşması ölkə iqtisadiyyatı üçün problem yarada bilər.
Ona görə də qərar ertələndi. Ancaq sonradan dollar yenidən qalxdı.
Hazırda dolların bahalaşmasının səbəbi Amerika iqtisadiyyatının
xeyli sürətlə inkişaf etməsidir. İqtisadi artım kifayət qədər
yüksəlib, büdcə kəsiri azaldılıb. Ancaq bunun fonunda Avropa
iqtisadiyyatının tənəzzülünü, Çinin problemlərinin qabarmasını
müşahidə edirik. Dolların bahalaşmasında ən əsas səbəb dünya
bazarında neftin ucuzlaşmasıdır. Neft ucuzlaşdığına görə dollara
tələbat artır və bahalaşma baş verir. Dollar hələ ki üstün
mövqeyini saxlayacaq. Nə qədər ki, neft bazarında artımı müşahidə
edilməyib, dollara tələbatın yüksək olduğunu müşahidə
edəcəyik".
İqtisadçı dolların bahalaşmasında əsas rol oynayan neftin
ucuzlaşması amilinə də aydınlıq gətirib:
"ABŞ hazırda dünyanın əsas neft istehsal edən ölkələrindən
birinə çevrilib. İxrac etməsə, daxili tələbat üçün neft istehsal
edir. Buna görə xaricdən neft almır və ölkəyə kifayət qədər gəlir
daxil olur. Bu da öz növbəsində ölkə valyutasını gücləndirir. Başqa
bir tərəfdən isə dollar ehtiyat-rezerv, yəni yığım valyutasıdır.
Ümumiyyətlə, dünya rezerv ehtiyatlarının təxminən 65-70 faizi
dollarladır. Bu illər üzrə dəyişsə də, interval olduğu kimi qalır.
Bir müddət öncə dollar ucuzlaşdığına görə ondan imtina edilirdi.
Ancaq indi neftin ucuzlaşması və valyutanın bahalaşması fonunda
dollar almağa başlanılıb. Ona görə də neft ucuzlaşdıqca investorlar
ehtiyatlarını qorumaq üçün alternativ mənbə axtarırlar. Bu
alternativ mənbə isə dollardır. Bu halda neftdən imtina edərək
dollara üz tuturlar. Buna görə də neftin qiyməti ilə dollar, eyni
zamanda, qızılın qiyməti ilə dollar arasında hər zaman asılılıq
var".