Hazırda alıcaların böyük hissəsi maddi durumları ilə
əlaqədar kreditlə avtomobil almağa daha çox üstünlük verir. Son bir
neçə ildə bu proses kifayət qədər geniş yayılıb və avtomobillərin
böyük əksəriyyəti məhz kredit yolu ilə alınır.
Təbii ki, avto-kreditlərin dayandırılması maşın satışına
təsirsiz ötüşə bilməz. Bəs, real vəziyyət necədir?
Avtomobil satışı həyata keçirən avtosalonların satış
menecerlərinin və sahiblərinin rəyini öyrənmək üçün paytaxtda
yerləşən bir neçə avtosalona yollandıq.
Satışımız sıfırdır
"100 cars" avtosalonunun satış təmsilçisi Orxan Əlibəyoğlu:
- Kreditlərin ləğv edilməsi satışa çox təsir edib. Bu gün
alıcıların 90 faizi kreditlə avtomobil alanlardır. Onlar kredit
üçün bizə müraciət edir, biz də banklara zəng edirik. Banklar da
birmənalı olaraq kredit vermir. Son bir həftə ərzində satışımız
sıfırdır.
Bu qərarın bizə heç bir təsiri yoxdur
"Avto 101 salon"un satış üzrə məsləhətçisi Elvin Nəbili:
- Kreditin bağlanmasının o avtosalonlara təsiri olar ki, onlar
nisbətən aşağı qiyməti olan avtomobillər satırlar. Bizim
avtosalonda aşağı qiymətli avtomobillər olmadığına görə, bu qərarın
bizə heç bir təsiri yoxdur. 200.000 AZN-lik avtomobili kim kreditlə
götürər? Bu tip avtomobillərin alıcıları nağd pullarını verib maşın
alırlar. Bir sözlə, satışımız əvvəlki qaydadadır. Son bir həftə
ərzində haradasa 3-4 avtomobil satmışıq.
Alıcı gəlsin, nağd pulunu versin, maşınını
aparsın
"Avto full" avtosalonunun sahibi Cahangir Şahbazov:
- Kredit olmasa yaxşıdır. Yüz minlik maşının qabağını beş minə
çıxarırsan, sonra da heç bir ödəniş olunmur. Bu da dövlətin
büdcəsinə ziyan vurur. Ümumilikdə kreditin ləğv edilməsinin bizə
heç bir təsiri yoxdur. Alıcı gəlsin, nağd pulunu versin, maşınını
aparsın. Son on gün ərzində 3-4 maşın satmışıq.
Satış dayanıb
"Azfloor" avtosalonunun satış məsləhətçisi İbrahim Rüstəmov:
- Son on gün ərzində demək olar ki, satış həyata keçirməmişik.
Bir sözlə, satış dayanıb. Ümid edirik ki, kreditlər bərpa
olunacaq.
İki ay əvvəl satış hansı vəziyyətdə
idisə...
"Mersedes-Benz" avtosalonunun satış meneceri Fariz Hüseynov:
- İki ay əvvəl satış hansı vəziyyətdə idisə, bu gün də həmin
vəziyyətdir. Yəni kreditin bağlanması satışda bir o qədər də rol
oynamayıb.