Sərəncam Azərbaycan
iqtisadiyyatının inkişafı ilə bağlı yol xəritəsinin hazırlanmasına
imkan verəcək.
Bu sözləri prezidentin ölkə iqtisadiyyatı üzrə strateji yol
xəritəsi ilə bağlı sərəncamını Axar.az-a şərh edən iqtisadçı alim
Vüqar Bayramov deyib. Ekspert hesab edir ki, əsas məqsəd ölkədə
iqtisadi diversifikasiya imkanlarını nəzərə alaraq qeyri-neft
sektorunu inkişaf etdirməkdir:
"Yeni sərəncamın əhəmiyyəti olduqca böyükdür. Sərəncam
çərçivəsində hazırlanacaq yol xəritəsi beynəlxalq modellərə uyğun
olaraq tətbiq edilməli və digər ölkələrin təcrübəsini öyrənməlidir.
Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı müxtəlif modellər
tətbiq edilə bilər. Prezidentin bu addımı ölkədə dayanıqlı iqtisadi
inkişaf modelinin formalaşması istiqamətində mühüm başlanğıc hesab
edilə bilər. Hazırda strateji yol xəritəsinin detallarından
danışmaq bir qədər çətindir. Yeni yol xəritəsinin iqtisadi
təsirlərini ancaq İşçi qrupunun hazırladığı sənəddən sonra
qiymətləndirmək mümkün olacaq. Bütövlükdə bu addım ölkə
iqtisadiyyatının diversifikasiya imkanlarının qiymətləndirilməsi
baxımından mühüm tədbir və tədqiqatların genişləndirilməsini
gündəmə gətirir. İndiki məqamda dayanıqlı iqtisadiyyatın qurulması
birbaşa iqtisadiyyatın hansı səviyyədə diversifikasiya olunmasından
asılıdır. Bir sözlə, özündə vacib yenilikləri ehtiva edən sərəncam
iqtisadi inkişaf strategiyasının hazırlanmasında böyük rol oyana
bilər".
Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev "Milli
iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol
xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn
məsələlər haqqında sərəncam
imzalayıb. Sərəncam üzrə müvafiq inkişaf planlarının işlənilməsi
məqsədi ilə yeni İşçi qrupu yaradılacaq.